Mənim anlamadığım bir nüans var. Dünən DTX tərəfindən həbs olunan İran casuslarından biri Əsgərov Zahir Fəxrəddin oğlu Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı işləyib. Adam dini təhsil almış birisidir. Yəni professional molladır. Molla hara, gəmiçilik hara? Ümumiyyətlə, gəmi kapitanı olmaq üçün hansısa ali təhsil ocağı yoxdurmu? Niyə gəmi kapitanlığı kimi peşəkar biliklərin tələb olunduğu bu vəzifə heç bir dənizçilik təhsili olmayan bir şəxsə həvalə edilib? Üstəlik, Xəzər Dəniz Neft Donanmasında.
Bu donanmanın olduqca ciddi və strateji əhəmiyyət daşıyan təyinatı var. Donanmanın rəsmi saytında ASCO.az-da bu təyinat belə ifadə olunur: “Xəzər Dəniz Neft Donanması Xəzər dənizində neft-qaz hasilatı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikintisi, geoloji kəşfiyyat, neft-qaz kəmərlərinin çəkilişi, onların istismar dövründə təmiri, neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması kimi işləri yerinə yetirir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq onların vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür, dəniz dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı ilə əlaqədar digər xidmətlər göstərir.
Xəzər Dəniz Neft Donanmasının tərkibinə ixtisaslaşdırılmış gəmilər, gəmi təmiri emalatxanaları, Yanğından mühafizə balonlarının və gəmi xilasetmə vasitələrinin təmiri, Karvan növbə xidməti, Qalıqların qəbulu, işlənməsi və təhvili sahələri daxildir”.
Göründüyü kimi, bu donanma Azərbaycan iqtisadiyyatının arteriya damarı sayılan neft və qaz hasilatının təhlükəsizliyinə xidmət edir. Bu sektorun mühafizəsi Azərbaycanın iqtisadi təhlükəsizliyinin 1 nömrəli vəzifəsidir. Sektorun nə qədər strateji əhəmiyyət kəsb etdiyini rəsmi rəqəmlər də təsdiqləyir. DGK-nin hesabatına görə isə, bu ilin yanvar-aprel aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 80,1 faizinə bərabər olub. Təsəvvür edirsinizmi, iqtisadi potensialımızın 80%-dən artıq hissəsinin mühafizəsi gəmi kapitanı İranın casusu olan bir quruma tapşırılıb. Həmin İran casusu da təkcə İsraildən və Türkiyədən aldığımız dronların koordinatlarını deyil, həm də Xəzər dənizində aparılan kəşfiyyat əməliyyatları, neft və qaz çıxaran şirkətlər barədə İrana müfəssəl bilgilər verib. İranın həmin bilgilərdən təxribat məqsədilə faydalanacağına şübhə yoxdur.
Sual oluna bilər: İran kəşfiyyatına işləyən molla təhsilli bir şəxsin bu qədər strateji əhəmiyyətli bir vəzifəyə gətirilməsinə kim qərar verib? Təbii ki, Xəzər Dəniz Neft Donanmasının rəisi Qurbanov Taqət Allahqulu oğlu və onun komandası. Növbəti sual ortaya çıxır: dəfələrlə Azərbaycanın ən ali mükafatlarını qazanan Taqət Qurbanov hansı keyfiyyətlərinə görə bu casusu işə götürüb? Ən əsası, sözügedən donanmada Zahir Əsgərovdan başqa casus varmı? Ümumiyyətlə, Taqət Qurbanovun özü hara işləyir?
Ümid edirik ki, DTX beyinləri qurcalayan bu suallara da aydın gətirəcək və istintaqını bu istiqamətdə davam etdirəcək.
Heydər Oğuz,
Ovqat.com
DİA.AZ-dan: Qeyd edək ki, Taqət Qurbanov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin yaxın adamı, yaxın qohumudur. Dia.az bildirir ki, R.Vəliyevlə kirvə olan T.Qurbanov bu posta düz beş il əvvəl, məlum qalmaqallı olayın ardından gətirilmişdi və hələ o zaman bu təyinat yerli KİV-də müzakirə predmetinə çevrilmişdi.
Bütün bu iddia olunanlarla bağlı dia.az olaraq mövqe bildirmək istəyən tərəfləri dinləməyə hazırıq...