Axtarış...

Pul varsa, diplom da var: Azərbaycanda ödənişli təhsil ləğv olunur? - Ekspert danışır

Pul varsa, diplom da var: Azərbaycanda ödənişli təhsil ləğv olunur? - Ekspert danışır


Gələn il dövlət sifarişi ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.

Bunu maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, 2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur.

O qeyd edib ki, tələbə kreditinin verilməsi ilə bağlı növbəti il üçün dövlət büdcəsindən 8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. S.Şərifov əlavə edib ki, dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsidə digər tədbirlər üçün 414 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 17,1 milyon manat və ya 4,3 faiz çoxdur. Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı isə Azərbaycanda ali məktəblərə qəbul qaydalarının dəyişdirilməsini təklif edib. O, çıxışı zamanı bildirib ki, ali təhsil almaq istəyən hər kəsə bu şərait yaradılmalıdır:

“Universitetlərin qapılarını açaq, kim ali təhsil almaq istəyirsə, gəlsin. Amma qəbul prosesini asanlaşdırıb, təhsil alma prosesini çətinləşdirməliyik. Hazırda isə vəziyyət əksinədir. Biz təhsilimizi bu baxımdan sağlamlaşdırmalıyıq ki, gələcəkdə problemlər olmasın".

Qeyd edək ki, ölkənin dövlət ali təhsil müəssisələrində ödənişsiz yerlərin sayının artırılması xeyli müddətdir müzakirə olunur. Eyni zamanda, ali məktəblərə attestatla qəbulun keçirilməsi barədə də fikirlər səslənir.

Dövlət ali təhsil müəssisələrinə ödənişsiz yerlərin artırılması və qəbul qaydalarının dəyişdirilməsi nə dərəcədə realdır?

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, dövlət universiteti anlayışı doğru deyil:

“Universitetlər müstəqil olmalıdır. 2011-ci ildən ali məktəblərimiz özünü maliyyələşdirmə sisteminə keçib. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da nəzərdə tutulur ki, ödənişli təhsili dövlət sifarişi ilə olan təhsillə əvəz edin. Ölkədə aparılan islahatlar nəticəsində son 3 ildə bu sahədə çox ciddi işlər görülüb. Belə ki, 2019-cu ildə ali məktblərdə oxuyan hər 100 nəfərdən 79-u ödənişli təhsil alırdısa, 2022-ci ildə hər 100 nəfərdən 45 nəfəri ödənişli təhsil alır. Həmçinin, 2021-ci ilə yaradılan Təhsil Tələbə Krediti Fonduna ölkə başçısı tərəfindən 80 milyon manat vəsait köçürülüb ki, bu da neft kapitalının insan kapitalı ilə əvəz olunması, o cümlədən ödənişli təhsil sistemində təhsil alanların uzunmüddətli kreditlərin verilməsini müəyyənləşdirir. Bu sahədə də TTKF çox uğurla fəaliyyət göstərir. Artıq 1500-dən artıq tələbə Fondun fəaliyyətindən yararlana bilir. Burada məsələ ödənişli təhsilin tamamilə dövlət sifarişindən azad edilməsi yaxın gələcəkdə dövlətin tutduğu əsas prioritet istiqamətlərdən biridir”.

Ekspert illərdir ki, DİM-in qəbul imtahanlarında köklü dəyişikliklər təklif etdiyini deyir:

“Azərbaycan yeganə ölkədir ki, abituriyentlərdən hər 100 nəfərdən 95 nəfəri arzuladığı ixtisasa daxil ola bilmir. Səbəb isə odur ki, DİM-in keçirdiyi qəbul imtahanları qruplar üzrədir. Bir qrup üzrə fərqli-fərqli ixtisasların olmasıdır. Biz təklif edirik ki, DİM-in keçirdiyi qəbul imtahanları ixtisaslar üzrə olsun. Ölkədə 45 ali məktəb və 6 ali məktəbin filialı var. Qəbul zamanı 1 insan 1 ixtisas üzrə sənəd verə bilsin. Hansı ali məktəbə düşə bilirsə, topladığı bala görə həmin ali məktəbə düşsün. Reallıq ondan ibarətdir ki, hər bir gənc bir peşə arzulaya bilər və o ixtisas üzrə təhsil alaraq dövlətə və cəmiyyətə faydalı olar. Ancaq bizdə elə deyil. Hansı ixtisasa düşməsinin fərqi yoxdur. Həm valideynin yenidən repetitorlara küllü miqdarda pul sərf etməsi, yaxud ictimai qınaq məsələsi var və ona görə də məcburi olaraq təhsil alır. Nəzərə alsaq ki, hər il 3 minə yaxın tələbə adını qazanmış şəxslər ödənişə görə təhsil ala bilmir, yaxud ildə 6 minə qədər tələbə ödənişi verə bilmədiyinə görə təhsilini yarımçıq qoyur. Ona görə də hesab edirəm ki, xüsusilə də KİV-in, ziyalıların borcudur ki, ödənişli təhsil Azərbaycanda tamamilə ləğv edilənə qədər TTKF-nun fəaliyyəti və insanların bu fonda müraciət etməsi üçün maarifləndirici işləri genişləndirsinlər”.

Digər tərəfdən DİM-in qəbul imtahanlarında dəyişiklik edilməli, qruplar üzrə imtahanlar ləğv edilməli, ixtisaslar üzrə intahanlarla əvəz edilməlidir”.

Ali təhsildə keyfiyyətin səviyyəsinə gəldikdə isə ekspert deyir ki, biz hələ də 70-ci illər səviyyəsindən çıxa bilməmişik:

“Ali təhsil müəssisəsinə müstəqillik verilməli, ali təhsildə həm məzmun, həm də keyfiyyət baxımından ciddi addımlar atılmalıdır. İlk növbədə əmək bazarı öyrənilməlidir. Bu sahədə artıq ölkə başçısının sərəncamları var. Növbəti ildə əmək bazarını öyrənə biləcək iki elmi-tədqiqat institutunun yaradılması nəzərdə tutulur. Əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığı həyata keçirilməlidir. Nəticə etibarilə ali təhsil, o cümlədən orta ixtisas, peşə təhsili müəssisələri əmək bazarının tələblərinə uyğun kadr hazırlamağı bacarmalıdırlar. Attestatla qəbula gəldikdə isə bu ancaq xarici ölkələrdə tələbə axını ilə bağlıdır. Attestat təhsildə şagirdlərin fərdi nailiyyətlərinin ölçülməsidir və həmin attestasiyanın nəticələrinə uyğun olaraq tələbələrə seçim verilməlidir. Gənclərə imkan verilməlidir ki, arzuladığı ixtisas üzrə ali məktəbə sənəd verib, təhsil ala bilsin”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz