"Bakı Metropoliteni"nin bir qrup işçisi (maşinist və köməkçilər) Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
Onlar orqanizm üçün zərərli sayılan işdə çalışdıqlarına görə vaxtından əvvəl - 57 yaşında pensiyaya çıxmaq hüququna malik olduqlarını iddia edirlər. Amma DSMF bu hüquqları tanımaq istəmir. Metro işçiləri deyir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanuna və Nazirlər Kabinetinin qərarına görə, kişilər 57 yaşına çatdıqda və 25 il iş stajı olduqda, bu müddətin də azı 12 il 6 ayını zərərli və ağır iş şəraitində çalışdıqda güzəştli şərtlərlə pensiya almaq hüquqları yaranır. Qadınlarda isə 50 yaşına çatdıqda və 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda vaxtından əvvəl pensiyaya çıxa bilirlər.
Metropoliten işçilərinin iddiasını qəbul etməyən DSMF nümayəndələri məhkəmə iclaslarında elektrik qatarlarında çalışan maşinistlərin iş şəraitinin xüsusi zərərli və ağır olduğunu qəbul edib. Lakin onların mövqeyinə görə, Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nı təsdiqləyib. Bu siyahıda metropoliten işçilərinin adı yoxdur. Yəni metroda çalışanlar siyahıda ayrıca göstərilmədiyinə görə onlara güzəştli şərtlərlə pensiya düşmür. DSMF təmsilçiləri deyirlər ki, Nazirlər Kabinetinin siyahısında "Nəqliyyat" bölməsindəki elektrik qatarlarının maşinistləri və köməkçiləri yerüstü dəmiryol nəqliyyatına aiddir. Bunun metropoliten işçilərinə də aid olması üçün ayrıca "metropolitençilər" yarımbölməsi olmalıydı.
Məlumat üçün qeyd edək ki, Dəmir Yollarında işləyən şəxslər güzəştli şərtlərlə pensiyaya çıxa bilirlər. Metropolitençilərin bu hüququ isə 2020-ci ildə ləğv edilib.
Şikayətçilərdən biri Fərid Altınbayev məhkəmə ifadəsində deyib ki, DSMF dövlətin pulunu vətəndaşa verməmək üçün bu cür üsullardan istifadə edir. O, 38 ildən artıq "Bakı Metropoliteni"ndə çalışıb. Bildirir ki, iş yerindən məhkəməyə təqdim olunan arayışda da göstərilib ki, ağır və zərərli əmək şəraitində çalışıb. Məhz bu səbəbdən də əsas əmək məzuniyyətinə əlavə 6 gün verilib. Bundan başqa, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əməkhaqqına tarif maaşının 16 faizi qədər, axşam və gecə saatlarına görə isə əlavə ödənişlər edilib: "Metropolitenin tunelində bir saat qalanda adamlar necə sıxıntı keçirir, bunu hər kəs bilir. Təsəvvür edin, metro qatarlarının maşinisti və köməkçisi hər gün 8 saat dəmir-beton tuneldə qalmaqla, 1000 volt gərginliyin altında işləyir. İş rejimi ağır olduğuna görə çox vaxt onlar heç pensiya yaşına da çata bilmirlər. Dövlət Sosial Müdafiə Fondunun belə bir şəraitdə çalışan vətəndaşa pensiya verməməsinə heç bir ad qoymaq olmur”.
Bakı İnzibati Məhkəməsi metropoliten işçilərinin iddiasını təmin edib. Onların güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ təsdiqlənib. Şikayətçilərin xeyrinə qərar çıxaran hakimlər gəldikləri nəticəni əsaslandırarkən vurğulayıblar ki, "metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftar - güzəştli şərtlərlə pensiya təyinatından imtina əsaslı deyil".
Lakin Dövlət Sosial Müdafiə Fondu bu qərarlarla razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya instansiyası isə Fondu haqlı sayıb və birinci instansiya məhkəməsinin qərarlarını ləğv edib. İndi tərəflər arasında çəkişmə Ali Məhkəmə müstəvisində davam edir.Qafqazinfo