Axtarış...

Başçıdan Baş Prokurora ŞİKAYƏT OLUNDU

Başçıdan Baş Prokurora ŞİKAYƏT OLUNDU


Tanınmış fermer Teyyub Əli oğlu Abdullayev Azərbaycanın Baş Prokuroru Kamran Əliyevə ünvanlı müraciətinin bir surətini redaksiyamıza təqdim edib. Aşağıda dərc edirik:

- Azərbaycanın Baş Prokuroru cənab Kamran Əliyevə!

Çox hörmətli Kamran müəllim!

Məlumat üçün bildirirəm ki, mən ali təhsilli iqtisadçıyam və 1993-cü ildə Ağdam rayonu işğal ediləndən indiyədək kənd təsərrüfatı sahəsində məhsul istehsalı və tədarükü ilə məşğulam. Dövlətimizin ərzaq təhlükəsizliyi ilə bağlı cənab Prezident İlham Əliyevin sahibkarlara, iş adamlarına məlum çağırışı ilə əlaqədar Azərbaycanda ilk dəfə açıq əkinçilikdə damcılama üsulu ilə suvarma sistemini tətbiq etmişəm. Əsas əkin növü olaraq buğda, qarğıdalı, soğan və kartof əkini ilə məşğulam. Becərdiyimiz soğanın ümumi məhsuldarlığı orta Respublika səviyyəsindən iki dəfə çox olmaqla, hər il 7-8 min ton olur. Təvazökarlıqdan uzaq olsa da, uzun illərdən bəri soğan idxalçısı olan Respublikamız mənim tətbiq etdiyim yüksək aqrotexniki becərmə sayəsində indi soğan ixracatçısına çevrilmişdir. Məhsul istehsalında beynəlxalq təcrübəni öyrənmək və Azərbaycanda tətbiq etmək üçün Türkiyə, İtaliya, Rusiya, Ukrayna və başqa ölkələrdə səfərlərdə olmuş, müasir təcrübəni öyrənərək Respublikamızda tətbiq olunmasına nail olmuşam. Xarici ölkələrdən xüsusi kənd təsərrüfatı texnikası alıb gətirmiş, eləcə də “Aqrolizinq”in yardımından istifadə etmişəm. Bütün bunlar da şəxsi vəsaitimizlə həyata keçirilmişdir. Qürur hissi ilə demək istəyirəm ki, bütün bu nailiyyətlərimizi məhz cənab Prezidentin kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı üçün verdiyi dəstəyin sayəsində əldə etmişik, bu dəstəyi daim hiss edirik. Ümumi fəaliyyətimizin sayəsində hər il 450-dən çox mövsümi iş yerinə nail oluruq.

Hörmətli Kamran müəllim!

Mən bununla kifayətlənməyərək Ağdam rayonundan məcburu köçkün düşərək İsmayıllı rayonunda məskunlaşmış soydaşlarımızın sosial və məşğulluq problemlərinin həlli üçün Dövlət Aktı əsasında, İsmayıllı rayon İcra Hakimiyyətinə buğda əkini üçün müraciət edərək müqavilə bağlayıb 2003-cü ildə rayonda istifadə edilməyən, əvvəllər əkin yeri kimi istifadə edilmiş və Dövlət Fondunda olan 73 hektar torpaq sahəsini 25 illiyinə icarəyə götürdüm. İcarə müqaviləsində də "Kənd təsərrüfatı məhsullarının əkini üçün ayrılır" sözləri yazılmışdır. Dəmyə (təbii suvarılma ilə becərilən) torpaq sahəsinin məhsuldarlığını artırmaq üçün hər il gübrə və digər minerallardan istifadə etmişik ki, bununla da rayon ərazisində yaşayan bir sıra məcburi köçkünlərin, digər sakinlərin taxıla olan təlabatını ödəmişik. Lakin artı qiki ildir ki, payızlıq buğda əkinininə başlayanda İsmayıllı rayon İcra Hakimiyyətinin gənc başçısı Nahid Bağırov bütün işimizi alt-üst edir. Məndə olan məlumata görə, başçı həmin ərazini yaxın adamlarından birinə söz vermişdir. Üstəlik, İsmayıllı rayon İH başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini ötən ilin payız aylarında mənə zəng edib dedi ki, Rayon icra hakimiyyətinin başcısı Nahid Bağırov səni görmək istəyir. Səbəbini soruşanda dedi ki, başçı tapşırıb, sən İsmayıllı rayonundakı şəhid, qazi və veteran ailələrinə maddi yardım üçün nəğd pul verməlisən. Dedim ki, Rayon İcra Hakimiyyətinin başçısının bu təşəbbüsünü alqışlayıram və xahiş edirəm başçının diqqətinə çatdırasınız ki, 44 günlük Zəfər müharibəmizdən sonra təkcə İsmayıllı rayonundakı şəhid və qazi ailələrinə öz təşəbbüsümlə 7000 manatdan çox nəğd pul vəsaiti yardım etmişəm, siyahını rayona gələn kimi təqdim edəcəyəm. Eləcə də Ağdam rayonundakı hərbi hissələrdən birinə Ukraynadan gətirdiyim komplektləşdirilmiş “QAZ-66” hərbi təyinatlı yük avtomobili bağışlamışam, həmçinin Ağdamda şəhid və qazi ailələrinə lazımi qədər maddi yardım etmişəm. Yenə də kimə zərurət varsa, siyahı verilsin, imkan daxilində ərzaq və maddi yardım edərəm. Lakin hiss etdim ki, onlar məndən nəğd pul göndərməyimi istəyirlər. Beləliklə, bu telefon zəngindən sonra 23 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon Polis İdarəsinin sahə müvəkkili və başqa bir polis nəfəri heç bir rəsmi təqdimat, xəbərdarlıq, yaxud məhkəmə qərarı olmadan, sadəcə, icra başçısının göstərişi əsasında 25 illiyinə icarəmizdə olan əkin sahəsindəki texnikaları zor gücünə sahədən çıxartdırdılar.

Cənab Baş Prokuror! Beləliklə, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov acığa düşərək və şəxsi intriqa əsasında 5 oktyabr 2021- ci il tarixli, 135 nömrəli Sərəncamı ilə mənimlə İsmayıllı RİH arasında bağlanmış 16 may 2003-cü il tarixli, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləni ləğv etdi. Bununla da rayonun taxıla olan ehtiyacı ötən mövsümdə 160-180 ton buğdadan məhrum oldu, mən isə sahibkar kimi külli miqdarda ziyana düşdüm.

Mən məcbur olub icra başçısı Nahid Bağırovun bu əsassız və qanunsuz hərəkətindən Şəki İnzibati Məhkəmədə iddia qaldırdım. 2022-ci ilin mayın 24-də Şəki İnzibati Məhkəməsində hakim Vidadi Qasımovun sədrliyi ilə keçirilən iclasda mən-fermer Abdullayev Teyyub Əli oğlunun İsmayıllı rayon İcra Hakimiyyətinin 5 oktyabr 2021-ci il tarixli, 135 nömrəli Sərəncamının qanunsuz hesab edilməsi və ləğv olunması haqqında iddia tələbim təmin edildi. 15 iyul 2022-ci il tarixdə isə İsmayıllı RİH başçısı Nahid Bağırov 74 saylı Sərəncamı ilə özünün 5 oktyabr 2021-ci il tarixli, 135 saylı qanunsuz Sərəncamını ləğv etdi, həmin sərəncamın icrası RİH başçısının müavini Mahmud Süleymanova həvalə edildi.
Başçıdan Baş Prokurora ŞİKAYƏT OLUNDU

Gözləmək olardı ki, bununla da bu qalmaqala son qoyular. Belə düşünərək bu ilki payız mövsümündə təkrarən əkin sahəmi əkinə hazırladım və noyabrın 1-də texnikaları sahəyə səpin üçün çıxartdım. Lakin icra başçısı Nahid Bağırov məhkəmə qərarına hörmətsizlik edərək, eləcə də vəzifəsindən sui-istifadə edərək, həmçinin səlahiyyət həddini aşaraq RİH-nin 6-7 vəzifəli şəxslərini götürərək əkin sahəmə gəldi. O, qanunsuz olaraq kəndin bələdiyyə sədrini, polis əməkdaşlarını da bu işə cəlb edərək buğda səpininə imkan vermədi. Halbuki bu il də həmin əkin sahəsinə görə dövlət büdcəsinə külli miqdarda icarə haqqı ödəmişəm.

Hörmətli Kamran müəllim!

Azərbaycan Prezidenti cənab İlham Əliyev bir müddət əvvəl Fərman verərək ölkədə ərzaq buğdasının istehsalına dair fermerlərə yenidən dəstək oldu. Mən yaxşı başa düşürəm ki, indiki beynəlxalq vəziyyətdə buğda istehsalı ölkəmiz üçün necə böyük əhəmiyyət daşıyır. Həmin ərazidə başqa fəaliyyətlə də məşğul ola bilərəm. Lakin səmimi olaraq deyim ki, dövləti maraqları üstün tutaraq dəmyə sahədə buğda istehsalına imza atdım. Lakin İsmayıllının İcra başçısı Nahid Bağırov Prezidentin qeyd etdiyim fərmanına, tövsiyyələrinə, məmurların sahibkarlara dəstək olmaq çağırışına, eləcə də məhkəmə qərarına məhəl qoymadan səlahiyyət həddini aşaraq və vəzifəsindən süi-istifadə edərək qanunsuz hərəkətlərə yol vermişdir. Biz görmüşük ki, icra başçısı fermerə dəstək olar, amma Nahid Bağırov bütün zəhmətimizi yerə vuran qanunsuz hərəkətlərdən çəkinmədən fəaliyyətimizi pozmuş oldu.

Xahiş edirəm, Azərbaycan qanunlarının imkanları səviyyəsində sahibkar kimi mənə vurduğu külli miqdarda ziyana, eləcə də ölkəmizin buğda ehtiyatına vurduğu zərərə görə Nahid Bağırova qarşı qanunun bütün gücü ilə ölçü götürülməsi üçün aidiyyəti üzrə tapşırıq verəsiniz.

Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Hörmətlə: Abdullayev Teyyub Əli oğlu //TEZADLAR.AZ//
Text-to-Speech

DİNLƏ






Şərh yaz