Axtarış...

Ağdam icra hakimiyyəti 1 bayrağa niyə 1000 manat verib..? - İcazə verin, şübhələnək...

Ağdam icra hakimiyyəti 1 bayrağa niyə 1000 manat verib..? - İcazə verin, şübhələnək...


Sözün düzü, müxtəlif dövlət qurumlarında, nazirliklərdə, səhiyyə, təhsil və s müəssisələrində, hətta orta məktəblərdə rüşvət və korrupsiyanın MİQYASINA baxanda adam dəhşətə gəlir. İki il öncə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin rəhbəri külli miqdarda rüşvət almaqda həbs olunanda, vallahi gülməkdən uğunub getmişdik.
Təsəvvür edirsiniz, Orkestrin rəhbəri Cinayət Məcəlləsinin 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham olunurdu. Adam düşünür ki, işi-gücü klarnet, qara zurna, saksafon, balaban, düdük çalmaq olan qurumda necə külli miqdarda rüşvət ola bilər..? Yaxşı, bəs orkestrin tabe olduğu Mədəniyyət Nazirliyi hara baxırmış...?
Axı, Maliyyə Nazirliyi, Hesablama Palatası hər il bu müəssisələrdə yoxlama aparır, bəs onlar hara baxırmış..? Dünən isə ölkə mediasında iki rüşvət və korrupsiya xəbəri ilə rastlaşdım.
Təsəvvür edirsiniz, Ağdam Rayon İcra Hakimiyyəti 1 adi bayraq almağa 1000 manat pul verib. Belə ki, Ağdam Rayon İcra Hakimiyyəti bayraq almaq üçün tender keçirib. Və əvvəlcə 6 ədəd bayrağın alınması üçün bir şirkətə 4194 manat, sonra isə yenə 6 bayraq almaq üçün başqa bir şirkətə 8850 manat pul verib. Birincisi, bir bayrağın qiyməti neçəyədir ki..?
12 bayrağa 4194 + 8850 = 11044 manat, yəni bir bayrağa təxminən 1000 manat pul verilib. Görəsən, bu bayrağın materialı nədəndir ki, bir bayraq 1000 manata başa gəlir..?
İkincisi, necə olur ki, bir şirkətə 6 bayrağa görə, 4194 manat, o biri şirkətə isə EYNİ ÖLÇÜDƏ, EYNİ SAYDA ( 6 ədəd ) bayrağa görə, 2 dəfə çox, yəni 8850 manat verilib. Bunun məntiqi-zadı haradadır..?
Üçüncüsü, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. Yəni vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz. Amma Ağdam RİH-nin keçirdiyi tenderdə iştirak edən şirkətin isə xeyli vergi borcu var. Və ən əsası bu şirkətlər icra başçısı Vaqif Həsənova yaxın adamlardır. İndi aydın oldumu, problem nədir..?
İndi isə daha bir əcaib korrupsiya əməlinə nəzər salaq. Dünən yayılan xəbərdən bəlli oldu ki, Hüseynqulu Sarabski adına 7 saylı musiqi məktəbində 1 MİLYON MANAT mənimsəmə aşkarlanıb. Cənablar, 1 MİLYON YEYİNTİ sadə məsələ deyil, söhbət 100-200 manatdan getmir.
İkincisi, söhbət hansısa nazirlikdən, komitədən, yaxud icra hakimiyyətindən getmir ee, adi musiqi məktəbindən gedir.
Burada 1 milyon mənimsəmə fəlakət, dəhşət deməkdir. İndi icazə verin, düşünək ki, adi musiqi məktəbində 1 milyon yeyinti varsa, görün...yekə, zırıltı...qurumlarda yeyinti MİLYARDLA hesablanır. Bəli, dünən məlum oldu ki, məktəbin sabiq direktoru Mehriban Rüstəmovaya verilən 10 il 6 ay cəza 3 ay azaldılıb və 10 il 3 ay olub. Belə ki, 2020-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın rüşvət və korrupsiya əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi bəlli olub, onun xidməti otağında, ona məxsus Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanılan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarifləşmə və tabel cədvəlləri, əmr kitabı, 1 ədəd «notebook» və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
Dünən Bakı Apellyasiya Məhkəməsi 7 saylı musiqi məktəbinin həbsdə olan sabiq direktoru Mehriban Rüstəmova ilə bağlı hökmdən verilmiş apellyasiya şikayətinə baxıb. Və... Bakı Apellyasiya Məhkəməsi 1 il yenidən araşdırma aparıb və.... İş üzrə qüvvədə olan hökmü dəyişib, ittiham olunan sabiq direktorun cəzası 10 İL 6 AY-dan 10 İL 3 AYA ENDİRİLİB. Hökmün qalan hissələri dəyişdirilmədən saxlanılıb.
Təsəvvür edirsiniz, o boyda Apellyasiya Məhkəməsi 1 illik gərgin araşdırmadan sonra....
Vallahi nəsə yazmağa adam özü xəcalət çəkir, bu ölkənin məhkəmə-hüquq sistemi nə gündədir..? Amma, bircə onu yazmaq istəyirik ki, cənablar, bəs Ağdam icra hakimiyyətinə, 7 saylı musiqi məktəbinə, qara zurna, saksafon orkestrinə nəzarət etməli olan dövlət qurumları hara baxırdı..? Onlar niyə həbs olunmur..? Həm də həbs etmək problemdən çıxış yolu deyil... //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz