Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.
İstintaq orqanı onun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimat verib. Səbail Rayon Məhkəməsinin qərarı ilə Alimpaşa Məmmədovun həbs müddəti daha 1 ay uzadılıb.
Xatırladaq ki, ötən il aprel ayında Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. //apa//