Ölkədə sadə insanların ən çox narazılıq etdiyi qurum icra hakimiyyətləridir. Son illərdə Azərbaycanda həyata keçirilən islahatların bir istiqaməti kimi, rayon icra hakimiyyətlərinin başçılarına qarşı çox sərt cəza tədbirləri həyata keçirilib. Bir çox icra başçıları həbs edilib, xeyli başçı vəzifədən azad olunub və digər formalarda cəzalandırılıb.
Nəzərə çatdıraq ki, rayonlarda icra başçılarının həbsini əsasən Dövlət Təhlükəsizlik Xidməti (DTX) həyata keçirib. Son illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin korrupsiya və rüşvətxorluqla mübarizə prosesində gördüyü işlər vətəndaşların ürəyincə olub. DTX-ya olan etimad o qədər yüksəlib ki, Prezident artıq icra başçıları ilə bağlı yeni siyasətində təhlükəsizlik orqanları əməkdaşlarını daha önə çəkir. Yəni bu qurumun əməkdaşlarını rayonlara təkcə əməliyyat keçirmək, rüşvətxor başçıları qandallamaq üçün yox, həm də icra başçısı olaraq yollayır. Son 5 ayda artıq iki rayona DTX-nın idarə və şöbə rəisləri başçı göndərilib. Prezident İlham Əliyev iyulda Şahin Kərim oğlu Məmmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etdi və onun yerinə Araz Süleyman oğlu Əhmədovu təyin etdi. A.Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. Araz Əhmədov 2019-cu ildə Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi ilə təltif edilib. İcra başçısı təyinatına qədər DTX-da idarə rəisi vəzifəsini icra edib.
Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə gün öncə Göyçaya icra başçısı təyin edilən Natiq Nuşravan oğlu Ağayev də DTX əməkdaşıdır. O, son təyinatına qədər Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsinin rəisi işləyib.
Heç şübhəsiz ki, təhlükəsizlik orqanı əməkdaşı olmaq həm də yüksək idarəçilik qabiliyyətli, bütün neqativ məsələlərdən anında xəbər tutmaq bacarığına malik kadr deməkdir. Onlar rayonlarda əhalinin narazı olduğu məsələləri, məmur özbaşınalıqlarını qısa zamanda aradan qaldırmaqda daha operativ çalışa bilərlər.
Bəs DTX zabitlərinin icra başçısı təyinatı rayonların inkişafında hansı fərqi göstərə bilər?
Millitv.az -ın məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, idarəetmədə kadr siyasəti həmişə aktual və vacib hesab edilib: “Çünki idarəetmə sistemi nə qədər mükəmməl olursa-olsun, əgər kadrlar yerində deyilsə, bu sistemdən effektiv nəticə əldə etmək mümkün olmur. Bu mənada icra hakimiyyətləri strukturları və oraya təyin edilən rəhbər kadrlar, onların idarəetmə bacarığı xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki , yerli icra hakimiyyəti orqanları dövləti təmsil etməklə yerlərdə dövlətin vətəndaşla ünsiyyəti kimi qəbul edilir. Belə olan halda icra hakimiyyəti orqanları ilə vətəndaşların ünsiyyəti ümumi ictimai rəydə dövlət idarəetməsinin keyfiyyəti haqqında kütləvi rəy formalaşdırır. Nəzərə almaq lazımdır ki, son dövrlərdə həyata keçirilən islahatlar kontekstində icra hakimiyyəti orqanlarında çalışan məmurların bir hissəsinin keyfiyyət göstəriciləri nə vətəndaşlarımızın gözləntiləri, nə də Azərbaycan Prezidentinin tələbləri baxımından özünü doğrulda bilmədi. Ona görə də institusional islahatların keyfiyyətli kadr islahatları ilə tamamlan ması zərurəti yarandı. Hazırda Azərbaycan Prezidenti kadr bazası kimi həm də DTX-nın insan resurslarından istifadə edir. Bu bir qədər qeyri-ənənəvi görünsə də, ilk təcrübələrdən nə qədər səmərəli nəticələr verdiyi aydın olur. Çünki bu kadrlar hər şeydən öncə vətəndaşlarla ünsiyyət qurmaq baxımından peşəkardırlar. İkincisi, kifayət qədər məlumatlı, problemlər haqqında obyektiv informasiyalara sahibdirlər. Üçüncüsü isə son bir neçə il ərzindəki çox mühüm fəaliyyətləri ilə həm Azərbaycan Prezidentinin nəzərində, həm də vətəndaşlarımız arasında yaxşı ictimai etimad qazana biliblər. Etimad faktoru isə idarəetmədə ən əsas amillərdən biridir. Ona görə də ölkəmizdə aparılan dərin islahatlar kontekstində yeni kadr təyinatlarının idarəetmədə tamamilə yeni bir keyfiyyət mərhələsi yarada biləcəyinə inanmaq olar. Bu isə nəticə etibarilə vətəndaş məmnunluğu deməkdir”.
Sabiq təhlükəsizlik xidməti zabiti, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, həmçinin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev isə bildirdi ki, Azərbaycan rəhbərliyi tərəfindən aparılan iqtisadi, siyasi və digər sahələri əhatə edən islahatlarla yanaşı, ən mühüm islahat da kadr islahatlarıdır: “Kadr islahatlarının ən başlıca məqsədi yerlərdə vətəndaşlarla işləmək bacarığı olan kadrları önə çəkməkdir. Meydana çıxan müəyyən problemlərin peşəkarcasına, vətəndaşı məmnun edəcək səviyyədə həll etmək bacarığı olan kadrların yerli icra hakimiyyətlərinin rəhbərliyinə gətirilməsi vacibdir. Ölkənin rəhbəri məhz bu və digər mühüm amilləri nəzərə alaraq qeyd olunan təyinatları həyata keçirir. DTX əməkdaşlarının yerli icra hakimiyyətlərinə başçı təyinatının bu mənada uğurlu olacağını söyləmək olar”.