Şirvan şəhərində yaşayan Əliyeva Təranə Əlövsət qızı tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Şirvan şəhərində yerləşən 10 saylı məktəbin direktoru Arif Əliyevi onu qanunsuz şəkildə işdən uzaqlaşdırmaqda ittiham edir:
“Mən Əliyeva Təranə Əlövsət qızı, Şirvan şəhər sakiniyəm. Ali təhsilliyəm, rus dili müəlliməsiyəm. 25 ilə yaxın pedaqoji stajım var. 20 ilə yaxın müddətdə Şirvan şəhər, Elçin İmanov adına 10 saylı məktəbdə rus dili müəlliməsi kimi işləmişəm. İşlədiyim müddətdə heç vaxt dərsdən qalmamış, bulletenə belə çıxmamışam. İntizamlı müəllimə olmuşam.
Bu işimdən əlavə, qeyri-hökümət təşkilatlarında da işləmişəm. 2007-2008-ci illərdə kurikulumun hazırlıq mərhələsində Amerikada - Nyu Yorkda qrant layihəsinin rəhbəri olmuşam. Misir Mərdanovun nazir olduğu dönəmdə 5 min dollarlıq mükafata layiq görülmüşəm. İngilis və rus dili fənləri üçün “Xalqalr dostluğu” başlıqlı layihənin rəhbəri olmuşam. O layihənin sayəsində bizim məktəbin xarici dil müəllimləri 10 il müddətində həmin otaqdan istifadə etdilər.
2017-ci ildə, iyun ayında müəllimlərin qol çəkdiyi vaxtda Şirvan şəhər, 10 saylı məktəbin direktoru söhbət əsnasında mənə bildirdi ki, niyə sən yay tətilində işləməyə getmirsən, ailə vəziyyətində çox ağırdır? Həqiqətən də mənim ailə vəziyyətim çox ağırdır. Evimdə xəstə anam, böyük külfət - hamısı mənim üzərimdə idi. Mən də direktor Arif Əliyevlə aramızda danışdıq ki, biraz özümü düzəldənə kimi məni işimdə idarə etsin. Fikirləşdim ki, məzuniyyət pulumu alım, sonra görüm nə iş tapıram, hec olmasa, bir az borclarımı, kreditlərimi idarə edim. Mən ona dedim ki, məzuniyyətimi aldıqdan sonra kartımı sizə verərəm, 2-3 ay idarə edin, sonra işə qayıtdıqda kartımı götürərəm. Məni şirin dilinə salıb aldatdı, əslində isə mənim yerimə adam axtarırmiş ki, 7 min AZN qarşılığında işə götürsün. Lakin yerimə seçilən müəllimə gəlib görəndə ki, bu mənim yerimdir, razılaşmayıb”.
Şikayətçi deyir ki, sonradan direktor onu qanunsuz olaraq işdən azad edib: “2017-ci il sentyabrın 15-də guya öz xahişimlə işdən azad olmuşam. Həmin vaxtdan mənə hec bir sənəd təqdim olunmamışdır. Əmək kitabçamı 2021-ci ilin noyabr ayında, çox get-gəldən sonra almışam. Mənə əmrim verilməmişdi. Əmrimi 2022-ci il, avqustun 22-də aldım . Avqustun 29-da sənədlərimi məhkəməyə təqdim etdim. İddia ərizəsində sadəcə ərizəmin yoxlanılmasını, xəttşunaslıq ekspertizasından keçirilməsini istədim ki, iş çox uzun çəkməsin.
2022-ci il 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində hazırlıq iclasımız oldu. Prosesdə məktəb direktoru israr etdi ki, “işdən getmək haqda ərizəni müəllimənin qızı yazib”. Yəni, guya, qızım sentyabr ayında mənim adımdan ərizə yazıb. Amma bu savadsız direktor bilmir ki, işdən getmək haqda ərizəni müəllimin özü yazmalıdır.
Azərbaycan qanunlarına əsasən, mənim qızım, yaxud hansısa ailə üzvüm o vaxt mənim adımdan ərizə yaza bilər ki, mən onların adına etibarnamə verərdim. İşdən getmək haqda ərizənin üstünə etibarnamənin surəti tikilməli və əmək kitabçama da belə yazılmali idi. Məsələn, filan saylı etibarnaməyə əsasən, Əliyeva Təranə Əlövsət qızı öz xahişi ilə işdən azad olunur”.
Təranə Əliyevanın sözlərinə görə, direktor Arif Əliyev müəllim deyil, sadəcə məşqçidir, üstəlik 65 yaşı 2022-ci il aprelin 15-də tamam olsa da, hələ təqaüdə getməyib: “Yəqin ki, havadarları çox güclüdür. Hələ öz taxt-tacında, öz səltənətində “vəzirləri”, “vəkilləri” ilə ömür sürur. Məktəbin bütün rəhbərliyi Arif Əliyevin öz adamlarıdır. Məktəb onların gəlir mənbələri, “ticarət mərkəzləri”dir. Məktəbin 2-ci, 3-cü mərtəbələri hazırlıq keçmək üçün müəllimlərə icarəyə verilir. Guya bundan Təhsil Nazirliyinin, rayon Təhsil Şöbəsinin, Şirvan icra başçısının xəbəri yoxdurmu? Var, sadəcə hər kəsin haqqını yüksək şəkildə verir. O, məktəbi “yeyib dağıdır”, onu durduran yoxdur. Maraqlanmaq laızmdır ki, Arif Əliyevin və Rövşən Allahverdiyevin havadarları kimlərdir”.
Şikayətçi yazır ki, iyulun 7-də Təhsil nazirinin müavini, İnsan Resurslarının müdiri Eşqi Bağırovun qəbulunda olub: “Eşqi Bağırov qəbulda Səlyan Regional Təhsil İdarəsinin müavini Rövşən Allahverdiyevi tərifləməyə başladı. Cavabında ona dedim ki, Rövşən Allahverdiyevi ona görə tərif edirsiniz ki, MİQ-də sizə əla pul gətirir. Çünki kim MİQ imtahanından keçmək istəyirsə, Rövşən Allahverdiyevi axtarır. Artıq müəyyən bir məbləğ qoyublar, qiymət 20-25 min AZN arasında dəyişir”.
Təranə Əliyeva deyir ki, direktorun qanunsuz qərarı ilə bağlı məhkəməyə də müraciət edib: “2022-ci il, 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində Arif Əliyev hakim Elçin Qurbanova işdən çıxmaq haqda əmrimi təqdim etdi. Mənim təqdim etdiyim əmrlə onların təqdim etdiyi əmrin arasındakı fərqi hakim də gördü. Mənə verilən əmrdə belə yazılıb: “Öz xahişi ilə azad olunub”. Direktorun təqdim etdiyi əmrdə isə, guya, xəstəliklə işdən öz xahişimlə çıxdığım qeyd olunurdu. Yəni ortada 2 fərqli əmr var idi. Hakim dedi ki, Arif müəllim, bunu dəyişdirin, bu nədir gətirmisiniz? Təbii ki, Elçin Qurbanov da ancaq Arif Əliyevin dediklərini təsdiqləyirdi və bunun səbəbi mənə qaranlıq qaldı”.
Haqsız yerə işdən çıxarıldığını deyən şikayətçi xanım vurğuladı ki, 2017-ci ildə etibarən bütün müvafiq strukturlara müraciət etsə də, heç bir nəticəsi yoxdur: “Məni haqsız yerə, xəbərim olmaya-olmaya işimdən azad ediblər. Bu nə qədər düzgün bir qərardır? Bu hadisəni imkansız, çarəsiz olmağımdan istifadə adlandıra bilərəm. 2017-ci ildən bu günə kimi mübarizə aparıram, amma şikayətimə baxan yoxdur. Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev indi “Salyan Regional”da müavin işləyir, Arif Əliyevlə əlbir olub mənim işimə son veriblər”.
Şikayətçi sonda onu da bildirir ki, direktor və Təhsil şöbəsinin keçmiş müdiri onu aclığa məhkum ediblər: “Arif Əliyev və Şirvan Təhsil şöbəsinin keçmiş müdiri, indiki “Salyan Regional”ın müdir müavini Allahverdiyev Rövşən əlimdən axırıncı tikəmi də aldı və ailəm ac-yalavac vəziyyətdədir. “Hürriyyət” vasitəsilə Təhsil Nazirliyinə, Prezident aparatına müraciət edirəm! Xahiş edirəm ki, şikayətimə əsaslı şəkildə baxılsın”.
P.S. Ölkədə direktorların özbaşınalıqları sanki dəb halına düşüb. Bəs, təhsil şöbələrinin bir faydası olmayacaqsa, valideynlərin, müəllimlərin şikayətinə baxılmayacaqsa, bu qurumlar niyə var? Fikir verirsinizsə, şikayətçilərin heç biri məhkəmədən, polisdən, prokrorluqdan və s. orqanlardan düzgün nəticə gözləmirlər. Hər biri mətbuat vasitəsiylə Prezidentə müraciət edir. Hətta şikayətçilər tam yəqinliklə deyirlər ki, ölkə başçısına məktubları çatmır. Hansısa orqanların bu məktublara müdaxilə etdiyini bildirirlər…
P.P.S. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//