Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, N.Allahverdiyev küçəsi 145 ünvanında yaşayan Əkbərov Ələddin Bayram oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. “Baku City Hospital” klinikasının neyrocərrahı Mirzəliyev Vüqar Əli oğlunu ölüm faktında ittiham edən şikayətçinin qazetimiz vasitəsilə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Baş prokuror Kamran Əliyevə ünvanladığı məktubu olduğu kimi dərc edirik:
“Bu hadisənin araşdırılması üçün biz Nərimanov rayon Prokurorluğuna müraciət etmişik. Nərimanov Prokurorluğunun böyük köməkçisi Hüseynov Hamlet İmran oğlu 24 dekabr tarixində cinayət işinin başlanılmasını rədd etmişdir: “Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Əkbərov Bayram Ələddin oğlunun “Bakı City Hospital” klinikasında neyrocərrah Mirzəliyev Vüqar Əli oğlu tərəfindən düzgün müayinə və müalicə olunmaması barədə atası Əkbərov Ələddin Bayram oğlunun ərizəsi əsasında toplanmış 486-C-19 saylı material ürə cinayət işi başlanması rədd edilsin”.
Şikayətçi deyir ki, iş əvvəldən hərtərəfli və obyektiv araşdırılmayıb, yalnız cərrahi əməliyyatı aparan həkim Vüqar Mirzəliyevin və həkimin izahatı ilə tamamilə eyniyyət təşkil edən məhkəmə-tibb ekspetizasının rəyinə əsaslanıb. Yəni nə üçün müalicə müəssisələrində xəstəyə uzun müddət təcili və təxirəsalınmaz tədbirlərin görülməməsinə hüquqi qiymət verilməyib.
Ə.Əkbərovun sözlərinə görə, oğlu 2019-cu ildə Ağsu rayon ərazisində avtomobil qəzasına düşüb. Həmin vaxt o, paytaxta gətirilərək “Bakı City Hospital”a yerləşdirilsə də, tələb olunan 20 min manat ödənilməyənədək, heç bir tibbi xidmət göstərilməyib:
“Övladım həkim səhlənkarlğının, vaxtında təcili və təxirəsalınmaz tədbirlərin görülməməsi nəticəsində daxili qanaxmdan dünyasını dəyişib. Faktlar bunu göstərir.
23 sentyabr 2019-cu il tarixində, saat 23 radələrində mənə qudam zəng edərək bildirdi ki, kürəkənimlə oğlum Ağsu rayonu ərazisində avtomobil qəzasına düşüblər və onları Şamaxı rayon xəstəxanasına aparıblar. Təcili olaraq Şamaxı rayon xəstəxasına gedərkən yolda mənə məlum oldu ki, kürəkənim vəfat edib, oğlumu isə təcili tibbi yardım maşını ilə Bakıya “Semaşko” xəstəxanasına gətirirlər.
Saat 01:00 radələrində xəstəxanada həkim personalı tərəfindən təcili təxirəsalınmaz tədbirlər görülmədiyindən, oğlumu oradan çıxararaq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirməyi qərara aldıq. “Semaşo” xəstəxanasında 4 saat vaxt itirildi, 4 saat ərxində xəstə köməksiz qaldı.
24.04.209-cu il tarixdə, saat 04:00 radələrində xəstəni Mərkəzi Klinik Xəstəxanaya gətirdik, 4 min manat depozit qoymaq şərtilə xəstəni qəbul etdilər.
Saat 09:00-10:00 radələrində həkim Vüqar Mirzəliyevdən xəstənin vəziyəti barədə məlumat verməsini xahiş edik. Həmin gün 12 radələrində həkim bizə yaxınlaşaraq klinikaya əlavə 13 120 manat pul ödənilməsini istədi. Həmin məbləği borc olaraq toplayıb, kassaya ödədik. Bir müddət keçdikdən sonra Vüqar Mirzəliyev bizə yaxınlaşaraq həmin məbləğin yetərli olmadığını deyərək, yenidən xəstəxanaya 2 500 manat pul köçürülməsini istədi. Tələb olunan məbləği - 2500 manatı da kassaya ödədikdən sonra əməliyyata başlayacaqlarını söylədilər.
Saat 20:00-da bizə tibb bacısı tərəfindən məlumat çatdı ki, xəstəniz dəhlizə atılıb. Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevin qəbuluna girdim. Bu özbaşınalığın səbəbini soruşdum: Baş həkim “oğlun ağır vəziyyətdədir, onun əməliyyatına 80-100 min manat lazım olacaq, ödəyə biləcəksən?” – deyə soruşdu. “Çarəsiz vəziyyətdə ödədiklərim bəs pul deyildi? Nə qədər demisiz ödəmişəm”, - deyə cavab verdim.
Beləliklə, xəstə Mərkəzi Klinik Xəstəxanada 18 saat ərzində köməksiz qaldı, ona kömək göstərilmədi. Bundan sonra, Vüqar həkimin məsləhəti ilə oğlumu oradan çıxarıb “Bakı City Hospital”a apardıq.
“Bakı City Hospital”da bizdən 20 000 min manat pul istədilər. 25.09.2019-cu il tarixdə, saat 02:00 radələrində əməliyyat başa çatdı. 26.09.2019-cu il tarixdə, saat 08:00 radələrində reanimasiya şöbəsinin həkimi zəng edərək bizə oğlumun vəfat etdiyini bildirdi. Həmin gün saat 10 radələrində oğlumun cənazəsi ekspertiza üçün Nərimanov rayonunda yerləşən morqa göndərildi”.
Ə.Əkbərov iddia edir ki, “Bakı City Hospital”da da oğlunun həyatda qalması üçün heç bir tədbir görülməyib və o, daxili qanaxmadan dünyasını dəyişib:
“Məlumdur ki, qəzada xəsarət alanlar üçün ən təhlükəli hal daxili və xarici qanaxmalardır. Mənim övladım da daxili qanaxmanın qurbanı olmuşdur. Hadisədən görünür ki, onun dalağı, daxili orqanları ağır zədə alıb, həkimlər daxili qanaxmaları dayandırmaq üçün heç bir tədbir görməyiblər, bütün xəstəxanalarda 58 saat vaxt itirilib”.
Şikayətçinin sözlərinə görə, məlum ölüm faktı araşdırılarkən Nərimanov Rayon Prokurorluğu bu halları nəzərə almayıb və ədalətsiz qərar qəbul olunub. Bu səbəbdən, Ə.Əkbərov Birinci vitse-prezident M.Əliyevadan və Baş prokuror K.Əliyevdən xahiş edir ki, oğlunun həkim səhlənkarlığı nəticəsində ölməsi faktını nəzərə alıb, məsələnin yenidən araşdırıması ilə bağlı müvafiq qurumlara göstəriş versinlər.
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeini dərc etməyə hazırıq. //hurriyyet.az//