Axtarış...

“Araz” şəbəkəsinin “endirim” tələsi – Aldanmayın!

“Araz” şəbəkəsinin “endirim” tələsi – Aldanmayın!


Ölkənin ən geniş mağazalar şəbəkəsinə sahib “Araz” supermarketinin şöbələrində alıcılar üçün yeni kampaniyalar nədənsə çox vaxt “tələyə” çevrilir.

Millitv.az Yenipress.az-a istinadən xəbər verir ki, bu marketdə “endirim kampaniyası” adı ilə yalnız zay məhsullar və yaxud satışdan çıxarılmalı olanlar təklif edilir.

Məsələn, çay paketi (reklam olmaması üçün adını yazmırıq – red.) vaxtaşırı olaraq 5,29 qəpikdən 3,80-ə endirilir. Çaylara diqqət etdikdə isə həmin çayların əhəmiyyətli hissəsinin artıq toz olduğu aşkarca görünür. Bu məhsullar satışdan çıxarılmalı olduğu halda niyə endirimlə alıcıya təklif edilməlidir?

Eyni zamanda, vaxtaşırı olaraq piştaxtada yazılan qiymətlərlə kassadakı qiymətlər arasında ciddi uyğunsuzluq müşahidə edilir. Xüsusilə bu, “endirim kampaniyası” zamanı baş verir.

Piştaxtada 8,9 manata təklif edilən “endirimli” 3 kq-lıq yuyucu tozun kassada 18 manat olduğu “üzə çıxır”. Səbəbini soruşduqda isə 18 manatlıq 3 kq-lıq yuyucu tozun endirimli qiymətinin yalnız 30 manatdan çox, həm də “Araz” bonus kartı ilə alver edənlərə şamil olunduğu bildirilir.

Kassada, arxada növbə düzülmüş halda necə aldığın məhsulları 30 manata çatdırmaq mümkündür? Ən yaxşı halda kassadan siqaret istəyə bilərsən. Bu zaman isə bəlli olur ki, siqaret 30 manatlıq “alverə” daxil deyil, yəni sayılmır. Səbəb isə odur ki, siqaret üçün ƏDV qaytarılması ləğv edilib.

ƏDV – müştərinin özünə qaytarılır, bu ƏDV-nin qaytarılıb-qaytarılmamasının mağazaya nə aidiyyəti var? Mağaza ümumiyyətlə, bu cür kampaniyalarda niyə əvvəlcədən elan yerləşdirmir və yalnız kassada bunlar üzə çıxır?

Yeri gəlmişkən, “Araz” marketlə son aylar əməlli-başlı rəqabətə girməyə çalışan “Bravo”da endirim “adam kimidir”. Burda məhsulun üzərinə endirim yazılıbsa, birmənalı olaraq endirim edilir və bunu fəxrlə elan da edirlər: “30 manatlıq alverin buna nə dəxli? Biz “Araz”-zadıq? Endirim varsa, demək, birbaşa tətbiq edilir”.

Daha bir müqayisə: piştaxtada ikiqat endirim edilən tualet kağızı alıb, “Bravo” kassasına yaxınlaşanda bəlli oldu ki, kampaniya bitib. “Ancaq siz orda endirim olduğunu yazmısınız” iradımıza administrator dərhal reaksiya verdi, sözügedən piştaxtaya yaxınlaşıb, endirimli qiyməti görən kimi kassadan məhz endirimli qiymətlə satılmasına göstəriş verdi və anlaşılmazlığa görə üzr istədi.

“Araz” şəbəkəsində bu münasibəti görməzsən!

P.S. Bu mövzuda bundan öncəki yazımıza “Bravo”nun sifarişi” deyə cəfəng şərhlər gəlmişdi. Əmin olun ki, sifariş deyil! Biz yalnız rəqabətin tərəfindəyik və “Araz”ın da daha yaxşı xidmət etməsini arzulayırıq, rəhbərliyin bu cür çatışmazlığı aradan qaldırmasını istəyirik – bu marketə hər gün müraciət etdiyimiz üçün...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz