“Sağlam Ailə” Tibb Mərkəzi adlı özəl klinikanın keçirdiyi “Yaşın qədər endirim” adlı endirim kampaniyasından şikayətlər var. Redaksiyamıza müraciət edən vətəndaşlar bildirir ki, kampaniyanın elan olunduğu şərtlərlə klinikadakı təkliflər uzlaşmır. Kampaniyanın elanı belə verilir ki, məsələn, sən mart ayında doğulubsansa, bu ayda gedirsən klinikaya, şəxsiyyət vəsiqəni göstərirsən. Yaşın 40-dırsa, sənə göstərilən tibbi prosedurun ümumi məbləğindən 40 faiz endirim edilməlidir:
“Ancaq ora gedəndə deyirlər ki, mütləq mənada tibb kartı yazılmalıdır. Bundan sonra pasiyentə təklif edilir ki, heç olmasa bir dənə pullu analiz versin və yalnız bu halda ona deyilən endirim şamil edilə bilər. Ən maraqlısı isə budur ki, endirim adı ilə kampaniyadan yararlanmaq üçün klinikaya gələn vətəndaşa yalnız bir gündən sonra “Yaşın qədər endirim”dən yararlana biləcəyi bildirilir. Bu da əlavə yol xərci və vaxt itkisi deməkdir”.
Maraqlı prosedurdur. Vətəndaş kampaniyayanın cəlbediliciyinə inanıb klinikaya gəlir. Ona əlavə pullu analiz vermək və yalnız bir gün sonra elan olunmuş endirimdən yaralanmaq təklif edilir. Yaranmış anlaşılmazlıqla bağlı “Sağlam Ailə”nin özü ilə əlaqə saxladıq. Zəngimizə cavab verən Günay Ramazanova adlı əməkdaş bildirdi ki, onlarda bu adda kampaniya həqiqətən var: “ Ancaq biz bunu “Sağlam Ailə”nin pasiyentlərinə şamil edirik. Bizim pasiyent olmaq üçün fərq etmir, hər hansı bir müayinəmizdən keçmək lazımdır. Bundan sonra həmin vətəndaşa göy rəngdə kart verilir. Bundan sonra həmin müştərimiz ildə bir dəfə ödənişsiz olaraq qanın ümumi analizini verir və ildə bir ay boyunca yaşı qədər endirimdən yararlana bilir. Bu da həmin adamın doğulduğu aya təsadüf etməlidir. Bizə ilk dəfə müraciət edən vətəndaşlar deyilən endirimdən yararlana bilmir. Bunun üçün dediyim proseduru keçməlidir. Biz kilinkamızın bütün pasiyentlərinə həmin kartı veririk. Həmin kartı almaq üçün hətta bizdə 5 manatlıq bir analiz vermək də kifayət edir”.
Əməkdaşın sözlərinə görə, ilk dəfə klinikaya müraciət edən şəxs, hətta bahalı analiz versə belə, həmin günü dediyiniz kampaniyadan yararlana bilməyəcək: “Bunun üçün “Sağlam ailə”nin plastik göy kartını almaq lazımdır”.
Çox yaxşı olar ki, klinika və şirkətlər daha çox müştəri cəlb etmək üçün belə məzmunlu anlaşılmaz və yalnız reklamı verənin özünə xeyir gətirən təbliğat mətnlərindən istifadə etməsinlər. (Bakı-Xəbər)