Axtarış...

Rusiya “5-ci kalon”unun ümdə arzusu: “Cənubi Qafqaz Federal Dairəsi...” - Diqqət, TƏHLÜKƏ!!!

Rusiya “5-ci kalon”unun ümdə arzusu: “Cənubi Qafqaz Federal Dairəsi...” - Diqqət, TƏHLÜKƏ!!!


Diktator və işğalçı Putin avtomat silahlar altında keçirtdiyi qanunsuz və saxta “referendum”lar nəticəsində Ukraynanın 4 vilayətini ilhaq etdi. Artıq həmin vilayətlərlə Krım ərazisinin “Novorossiya Federal Dairəsi” adı altında birləşməsi haqda təşəbbüslər səslənir...

*** ***

2008-ci ildə ordusunu Gürcüstana soxan Kreml tərəfindən həmin ölkənin bir hissəsini faktiki işğalını təsdiqləməsi, 2014-cü ildə isə Krımın eyni üsulla ilhaqı baş verəndən sonra dünya ictimaiyyəti, o cümlədən Qərb, ABŞ beynəlxalq qanunların tapdanmasına səbəb olan bu olaya kifayət qədər qətiyyətli müqavimət göstərmədi... Görünür, burada həmin dövrlərdə Əfqanıstanda, İraqda, Suriyada, Liviyada milyonlarla insanın qətli, şikəstliyi və didərginliyi ilə nəticələnən mənasız savaşlar aparan Qərbin gözükölgəliyi də öz rolunu oynadı...

Nəticədə Putin rejiminin himayəsi ilə Donbas və Luqanskda eynilə 31 il öncə Qarabağda olduğu kimi, separatçı-terrorçu qurumlar elan edildi. 8 il sonra isə artıq həmin üzdəniraq qurumların “müstəqilliyi”nin tanıyan Putin Ukraynanın digər ərazilərinə hücum etməyə “əsas” qazandı... Yalnız bundan sonra Qərb Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etdi və Ukraynaya hərbi yardıma başladı. Buna rəğmən bu ölkənin daha iki vilayətinin (Zaporojye və Xerson) xeyli hissəsi işğal edildi. Və dünən məhz həmin vilayətlər də daxil olmaqla Ukrayna torpaqlarının növbəti ilhaqı baş verdi...

*** ***

Dünya yenə də tam qətiyyətlə Putin rejiminin işğal və ilhaqına qarşı çıxmır. Planetdə sülh, sabitlik və təhlükəsizliyə ən böyük təhlükə olan, lideri dünyanı nüvə silahıyla hədələyən işğalçı Rusiya hələ də BMT Təhlükəsizlik Şurasının üzvlüyündən kənarlaşdırılmır və bunun sayəsində həmin qurumun Ukraynanın dörd regionunda keçirilən “qeyri-qanuni referendumları” pisləyən qətnaməsinə veto qoyur... Digər tərəfdən, Rusiyanın işğalçı addımlarına qarşı qəti mövqe tutmaqda tərəddüd edən Çin, Hindistan, Braziliya kimi iri və xırda ölkələr, eləcə də Şimali Koreya kimi diktatura rejimləri mövcuddur...

*** ***

Rusiya daxilində də işğalçı və avtoritar Putin rejiminə müqavimət kifayət qədər deyil. “Qismən səfərbərlik” qərarından sonra bir sıra şəhərlərdə etiraz aksiyaları başlasa da, yetərincə kütləvi olmaması səbəbindən güc strukturları tərəfindən asanlıqla yatırıldı...

*** ***

Hay qalxıb ki, Rusiya da, ərazisini iğtişaşlar bürümüş İran da tezliklə dağılacaq. Zəngəzur da, Göyçə də, Güney Azərbaycan da Azərbaycan Respublikasına birləşdiriləcək... Ancaq müşahidə və təhlillər göstərir ki, bunun üçün gərəkli obyektiv və subyektiv amillər tam yetişməyib. Odur ki, proses hələ bir müddət çəkəcək... Fəqət, həmin naməlum müddət ərzində hələ hər iki imperiya tərəfindən qonşuluqlarındakı digər keçmiş müstəmləkərinə qarşı da müxtəlif formada təhlükələr yaradıla bilər... Təəssüf ki, həmin qonşu ölkələrdə, o cümlədən Gürcüstan, Ermənistan və Azərbaycanda da Rusiyanı dəstəkləyən xeyli təsirli qüvvələr var... Və onlar Qərbin, xüsusən də NATO üzvü olan Türkiyənin buradakı sabitləşdirmə və quruculuq planlarına qarşı fəal müqavimət göstərirlər...

*** ***

Bütövlükdə dünyada və bölgədə Qorxu, Tamah və Ehtiyac hissləri bəşəriyyəti Şər qüvvələr qarşısında diz çökməyə sürükləyir... Vicdanla, Qeyrətlə əxlaqsızlığın, qeyrətsizliyin -Şərin qlobal savaşı gedir...

*** ***

Putin dünənki – növbəti ilhaq aktı ilə bağlı çıxışında da dedi ki, bizim məqsədimiz SSRİ-ni bərpa etmək deyil. Ancaq həmin növbəti ilhaq aktı da sübut etdi ki, əslində buna doğru addımlar atılır. Lukaşenkonun bu günlərdə gözlənilmədən Gürcüstanın faktiki olaraq Rusiya tərəfindən işğal olunmuş Abxaziya ərasisinə və “Putinlə gecəyədək müzakirə etdik və qərara gəldik ki, Abxaziyanı tək qoymaq olmaz” deməsi də təhlükəli presedentdir... Unutmaq olmaz ki, Abxaziyadan bir az cənubda Güney Qafqazın digər qaynar bölgəsi Qarabağ yerləşir...

*** ***

Və Putinin Ukraynanın 4 vilayətini ilhaq etməsi ilə bağlı dünənki təntənəsindən sonra bilirsiz, bəlkə də Moskvanın Gürcüstandakı, Azərbaycandakı və Ermənistandakı “5-ci kalon”larının ürəyindən nə keçir? Hər üç respublikanın “Cənubi Qafqaz Federal Dairəsi” adı altında Rusiya Federasiyasına daxil edilməsi...
Mərkəzi Asiyadakıların isə eyni adlı “federal dairə”nin eyni imperiyaya daxil edilməsi...
Əgər bundan sonra dünya ictimaiyyəti tərəfindən Rusiyaya qarşı beynəlxalq təzyiq və müqavimət daha da gücləndirilməzsə, Ukraynaya hərbi yardımın maksimum artırılmazsa, eləcə də Qazaxıstan, Mərkəzi Asiya, Moldova və Cənubi Qafqazda Kremlin “5-ci kalon”larına qarşı sərt və ciddi müqavimət göstərilməzsə, Türkiyə ilə qardaşlıq, dostluq və ittifaq daha da dərinləşdirilməzsə, bunları da görə bilərik...

Sultan Laçın //moderator.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz