Azərbaycanın aparıcı süd məhsulları istehsalçılarından biri olan “AZ FP CO LTD” MMC-nin (VÖEN- 1300995031) dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.
Millitv.az-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, şirkətin 19.07.2022-ci il tarixinə olan vergi borcu 252 min 523 manat 67 qəpik təşkil edir.
Məlumat üçün bildirək ki, “AZ FP CO LTD” MMC öz məhsullarını bazara “Milla” markası ilə çıxarır. Şirkət döblət qeydiyyatına 2006-cı ildə alınıb. Nizamnamə kapitalı 41 milyon 131 min 39 manat olan MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı Şossesi), ev 15-ci km-də yerləşir. Hazırda şirkətə Qabil Əhmədov rəhbərlik edir.
Onu da qeyd edək ki, “AZ FP CO LTD” MMC yeni açılan zaman şirkətə İran əsilli iş adamı Mənuçehr Əhədpur Xangah rəhbərlik edib. Mənuçehr Əhədpur Xangah hazırda Yasamal rayon, Haqverdiyev ev 21 ünvanında yerləşən onlarla şirkətə rəhbərlik edir. Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəlada hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan “Gilan” holdiqlə birgə çəkilib.
Onu da əlavə edək ki, bu il iyul ayının 8-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massisvi, 408B saylı və 1-ci döngə, 406B saylı sahələrdə yerləşəcək fərdi yaşayış evinin tikintisinə icazə verib. Ümumi sahəsi 1179,1 kv. metr olan 2 mərtəbəli evin sifarişçisi məşhur azərbaycanlı modelyer Diana Yaşar qızı Əhədpur Xangahdır. Aktiv sosial şəbəkə istifadəçisi olan (1,3 milyon izləyicisi var) Diana Yaşar qızı Əhədpur Xangahın paylaşımlarından belə görünür ki, o Dubayda və İzmirdə də olduqca dəbdəbəli evlərə sahibdir. Bakıda, Dubayda və İzmirdə “Diana Əhədpur” adlı geyim mağazalarına sahib olan 36 yaşlı modelyer 70 yaşlı məşhur iş adamı Mənuçehr Əhədpur Xangahın həyat yoldaşıdır. Mənuçehr Əhədpur Xangah eyni zamanda peşəkar “poker” oyunçusu kimi də tanınır.