"MİDA-nın funksiyalarından biri də budur ki, seçim prosesinin necə aparılacağı ilə bağlı əvvəlcədən vətəndaşları məlumatlandırmalıdır. Seçim prosesinə dəyişiklik olub, amma bununla bağlı öncədən məlumat verilməyib".
Bu barədə "Unikal"a müraciət edən vətəndaş İsmayıl Məmmədov bildirib. Şikayətçinin sözlərinə görə, sosial şəbəkələrdən ev seçimi ilə bağlı videolar paylaşılır və oradan görünür ki, dəyişiklik var:
"Seçimin ikinci hissəsində belə idi ki, əvvəl otağı seçib axtar vurduqda, mənzillərin siyahısı çıxırdı. Bir aya yaxın bu prosesin üzərində məşq etmişəm. Bu dəfə ikinci mərhələdə otağı seçirəm, axtarış vururam, çıxmır. Sonra məlum olur ki, əlavə tələb qoyublarmış ki, digər kriteriyaların hamısı seçilməlidir. Seçim edənlərin 90 faizi əvvəlcə həmin kriteriyaları seçib, daha sonra axtarış vurublar. Buradan belə qənaətə gəlmək olar ki, həmin şəxslərin yeni sistemdə seçimin necə aparılacağı ilə bağlı əvvəlcədən məlumatları olub. Həmin şəxlər seçim ediblər, digər vətəndaşlar isə kənarda qalıb. “Güzəştli mənzil” sistemi haqqında Əsasnamənin 7.2.2-ci maddəsində qeyd edilib ki, MİDA insanları mənzil seçimi sistemi ilə bağlı məlumatlandırmalıdır.
Belə bir məlumat eşitmişəm ki, MİDA-nın işçiləri tərəfindən dəyişikliklə bağlı bəzi şəxslərə məlumat ötürülüb. Doğrudur, digər vətəndaşlardan da seçənlər var. Amma daha çoxu əvvəlcədən məlumatı olanlardır. Sentyabr ayının 13-nə qədər demo versiya var idi. Əvvəlki seçimlərdə belə idi ki, 9 və ya 12 mərtəbəli binalardır, neçənci mərtəbəni istəyirsən seçirsən və s. Məsələn, 3 və ya 4 otaqlı evi seçirdin, axtar edən kimi (təmir növündən, mərtəbədən asılı olmayaraq) onların hər biri qarşına çıxırdı. Bu dəfə belə bir yenilik qoymuşdular ki, binanı seçməmiş və ya 1-ci mərtəbədən başlayaraq sonuncu mərtəbəyə kimi işarə qoymamış, həmçinin, təmir növünü seçmədən axtar edə bilmirdin. Sosial şəbəkədə seçimlə bağlı paylaşılan videolardan belə görünür ki, həmin şəxlər əvvəlcədən deyilən seçimləri edirlər. Bu da onu deməyə əsas verir ki, onların əvvəlcədən məlumatı olub. Onlar seçim edib, digərləri kənarda qalıb. Sistemdə dəyişiklik edilmişdisə, heç olmasa, 1 saat əvvəl bununla bağlı izahlı video paylaşılardı. O zaman hamının məlumatı olardı".
"Unikal"