Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal yaşayış kompleksində tikdiyi sosial mənzillərlə bağlı yeni-yeni faktlar meydana çıxmaqdadır. Bu yaxınlarda cəmi 5 saniyəyə yüzlərlə mənzil “satan” agentliyin fəaliyyəti ilə bağlı araşdırmalar getdiyi bir vaxtda məlum olub ki, həmin binaların sakinləri evlərini satışa çıxarmağa başlayıblar. Millitv.az xəbər verir ki, sosial mənzil statusu daşıyan və aztəminatlı təbəqə üçün nəzərdə tutulan binalarda mənzillərin satışına başlanması bir sıra şübhələrə yol açır. Belə ki, elan saytlarında artıq MİDA-nın evlərinin satıldığına rast gəlmək olar. Bu da haqlı suallar yaradır ki, mənzilləri satanlar kimlərdir?
Əgər Prezidentin sərəncamı ilə tikilən bu binalardan evlərin alınması kasıb təbəqə üçün nəzərdə tutulubsa, o halda onlar niyə mənzilləri satmalıdırlar?! Deməli, ortalıqda daha ciddi suallar var. Görünür, həmin mənzilləri alanlar imkanlı şəxslərdir və onlar eyni vaxtda bir neçə mənzil alaraq, biznes qurublar, indi bir-bir evləri satırlar. Hərçənd agentlik satdığı mənzilləri alanların sosial statusunu araşdırmalıydı.
Mətbuatda gedən xəbərlərə görə, mənzil seçimində iştirak edən 9 minə yaxın müraciətçinin çoxu seçim prosesinin şəffaf keçirilmədiyi qənaətindədir. Güzəştli mənzillərin bu qədər qısa zamanda satılmasının “xüsusi proqram təminatından” istifadə ilə mümkün olduğu deyilir.
Məhz bu kimi iddialardan sonra araşdırmalar başlayıb. Bu günə qədər yüzlərlə insanın xüsusi proqramlardan istifadə etdiyi üzə çıxıb. Məlumata görə, artıq ev alan şəxslər arasında xüsusi proqramlardan istifadə etmiş şəxslər də müəyyən edilib və onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilir. Bütün bunlar əsas verir ki, Agentliyin idarə heyətinin sədri Sadiq Sadiqovun fəaliyyəti araşdırılsın. Ortalıqda prezidentin layihəsi ilə bağlı qanunsuzluqlar olduğu bəllidir.