Axtarış...

Göyçayda vətəndaş QUL KİMİ İŞLƏDİLİR - BELƏ HARA GEDİRİK?

Göyçayda vətəndaş QUL KİMİ İŞLƏDİLİR - BELƏ HARA GEDİRİK?


Müsahiblərimiz kimliklərini açıqlamaq istəmir. Utanırlar. Zəhmətkeş olmaqlarından deyil, digərlərinin “qul əməyi” kimi dəyərləndirdikləri durumdan dolayı…

Onlar istilikxanada çalışırlar. Pomidor şitillərinin cərgələri arasında 2-3 işi eyni zamanda görürlər. Hamısının əli qabar bağlayıb. Ağır da olsa, gündəlik ruzisini qazanmağa çalışırlar.

Onlar dörd qadındır. Çoxu şirin yuxuda olarkən – səhər saat dörddə həmin qadınlar sifariş götürdükləri təsərrüfat sahiblərinin maşını ilə istilikxanalarda çalışmağa gedirlər…

“Nə uşaq pulu almışam, nə də pensiya alanım var”

Göyçay rayonunun Bığır, İnçə kimi iri kəndlərinin sakinləri işsizlik və maddi çətinliklər səbəbindən tərəvəzçiliyin inkişaf etdirildiyi Ləkçıplaq, Qaraxıdır, Mırtı, Hacıalıkənd kimi kəndlərdə salınan istilikxanalarda çalışır. Əvvəl 3-5 nəfər olan bu şəxslərin sayı artıq 35-40 nəfərə qədər çatıb. Əksəriyyəti də orta yaşlı qadınlardır.

50 yaşlı müsahibimiz deyir ki, rayonda dəfələrlə iş üçün müraciət edib, ancaq nə iş tapılır, nə də ünvanlı sosial yardım üçün müraciətinə müsbət cavab gəlir. Odur ki, məcbur qalıb təsərrüfatlarda gündəlik azuqə puluna çalışmaq zəhmətinə qatlanır. Bu iş də hər gün olmur. Ayda 5, ya 6 sifarişlə kifayətlənirlər:

“Artıq üç ildir ki, bu işlə məşğulam. Nə uşaq pulu almışam, nə də pensiya alanım var. Necə dolanaq? Ünvanlı sosail yardım üçün də dəfələrlə müraciət etmişik. Deyir: “Get torpaq sənədi, Sum kağızı gətir, qaz çək,ərizə yaz”. Bakıya ərizə yazmışam. Axşam poçtla göndərmişəm, səhər idarəyə çağırıblar ki, bəs burda yazı səhvin var. Deməli, özləri burda məktubları yoxlayırlar. Yoxsa axşam poçtla göndərdiyim məktub nə tez çatdı ki, səhər bunların xəbəri oldu? Bakı baxmamış bunlar baxdı. 30-40 manatlıq xərcim getdi boşa”.

Gileyini davam etdirir:

“Həftələrlə gözləməliyəm ki, nə vaxtsa zəng gələcək və mən işə çıxacam. Yoxsa mənim, ailəmin, kəndlimin ac qalması nə dövləti, nə onu idarə edənləri maraqlandırır. Torpağımız var, nar əkmişik. Çoxdan salınmış ağaclardı. Məhsul dönəmində onu satıb dolanırıq. Düzü, bir neçə ildir o nar bağları və nar məhsulu olmur deyə, satış yoxdur. Biz də qalmışıq belə zülmdə”.

Qadın deyir ki, daimi iş olmadığından bu əziyyətə qatlaşırlar, kəndbəkənd gəzirlər:

“Yenə sağ olsun ki, istilikxana sahibləri, həm özləri dolanır, həm də biz işləyib dolanırıq”.

“İki-üç günlük əməyimiz bir kisə un almağa belə yetmir”

Göyçay meyvə-tərəvəzçilik üzrə ixtisaslaşmış rayondır. Əsasən 10-a yaxın kənddə pomidor, xiyar istilikxanaları salınıb, əhalisi illik azuqəsini onunla ödəyir. Əkin həm yazlıq, həm payızlıq olduğundan sahibləri digər kəndlərin ehtiyac içərisində olan sakinlərini işə çağırmaqla onlara da dolanışıq üçün işləmək imkanı yaradır. Çünki bu iş ağır əmək və zəhmət tələb edən sahədir.

60 yaşlı, 5 uşaq anası olan başqa bir müsahibimiz deyir ki, pomidorun əkinindən, sahənin sökülməsinə qədər hər bir işdə çalışır. Bığır kimi iri kənddə 3 il öncə salınmış iri nar bağı ləğv edildiyindən sakinlər işsiz qalıb. O da 70-80 dərəcə istinin tüğyan etdiyi yayda, yaxud soyuq payız-qış aylarında gəlib istilikxanada günü 15 manata işləmək məcburiyyətindədir:

“Günortanın bu qızmar istisində gəlib təsərrüfatlarda işləyirik. Üstü örtülüdür deyə daha da istidir. Çöldəki istinin ikiqatı. Günlük haqqa işləyirik, aldığımız isə gündəlik ehtiyacımızı heç ödəmir”.

Qadın deyir ki, sifarişlər çox az olur. Bəzən bir həftə işsiz qalırlar:

“İş saatımız isə iki növbəlidir. Səhər beşdən, gündüz birə kimi. Birdən də axşam 5-6-ya kimi. Hər növbənin qiyməti isə 15 manatdır. Bir kisə un almağa belə yetmir iki-üç günlük əməyimiz. Gəlinim, oğlum, nəvələrim var yanımda. Cəmi 180 manat pensiya alıram. 5 uşaq anası bu pulu alır. İndi mən bu pulla nə edə bilərəm? Gəlsin mənim evimi yoxlasın, heç yuyunmağa belə hamamım yoxdur”.

Kəndli deyir ki, dəfələrlə tərəvəz əkib, amma alınmayıb: “Bizdə torpaq meyvəçilik üçündür deyə tərəvəz əkirsən yaxşı tutmur, quruyur. Nə olardı, hökumətin nar bağı, üzüm bağı olardı, gedib işləyərdik. Bilərdik ki, dövlətdən alırıq, daha belə ayrı-ayrı təsərrüfatlara düşməzdik. Bığırda iri nar bağı vardı, onu üç ildir ləğv ediblər. Nəticədə bağların ləğvi bizim kütləvi işsiz qalmağımıza səbəb olub. Günü 10-12 manata işləyirdik orda”.

“Ölmək-ölməkdir, xırıldamaq nə demək?”

Rayonun Bığır, İnçə kəndi ilə yanaşı, qonşu Ucar rayonundan da işləmək üçün gələn qadınlar var. Onlar hətta yolpulunu belə özləri verir və günlük əmək haqları isə 10 manat civarında olur.

Onkoloji xəstə olan gənc müsahibimiz deyir ki, bu işin çox çətinlikləri var. Səhər tezdən it hücümundan tutmuş axşam evə yorğun gələnə qədər yaşadığı bütün məhrumiyyətlər… Hətta istidən, ya xəstəlikdən özündən getmələr də az olmur.

Deyir ki, ehtiyac, məcburiyyət və ac qalan körpələrin məsuliyyət yükü zərif qadınların qabarlı əllərinə möhtacdır:

“Evdən səhər saat 4-də çıxırıq. Hamı yuxudaykən küçəmizin başında bizi şəxsi təsərrüfatına işləməyə aparacaq şəxsləri gözləyirik. O da qorxa-qorxa. Çünki küçə itləri o vaxt çox olur. Dəfələrlə onların hücumuna məruz qalmışam, it tutub məni. İş maşınına minənə qədər nə qədər həyəcan keçiririk. Çörək pulundan ötrü niyə məni it tutsun?”

“Özüm onkoloji xəstəyəm, gəncəm, ancaq bu xəstəliklə mübarizə apara-apara gəlib istilikxanalarda çalışıram. Ölmək-ölməkdir, xırıldamaq nə demək? Sinəmdən əməliyyat olunmuşam, bir il ağır işə çıxmalı deyiləm, artıq 6 aydır ki, çalışıram. Neyləyim? Özü də bu istidə, klyonka altı olmaz”, – qadın danışır. O da adının açıqlanmasını istəmir:

“Bığırda insan sayı çoxdur, boş torpaqlar yoxdur. İnanın, iyulun qızmar istisində 5 manat üçün qalıb işləmişik. Olub ki, gün ərzində 4 dəfə paltar dəyişmişik. Olub ki, ürəyimiz gedir, dərman atıb işləyirik. Ailəmiz acdır, uşaqlara baxmaq lazımdır. Bu saat mənim 200 manat qaz pulu borcum var. Necə ödəyim? Qorxa-qorxa gəl, qaça-qaça get ki, evdəki işlərini də gör. Bir qadın kimi bütün yük, məsuliyyət çiynimdədir”.

“Qul kimi çalışqan qadınların sayı ilbəil artır”

Nar mövsümündə isə fərdi təsərrüfatlara günü 10-12 manata gedəcək bu qadınlar ilin hər fəslində özlərinə dolanışıq yolları axtarır. Həyat yoldaşları, oğulları da ya şəxsi təsərrüfatla məşğuldur, ya da bir tikə çörək üçün tərkivətən olublar. Payızda, qışda isə sifarişləri yaya nisbətən çox az olur. Yayda isə məcbur qalıb iki növbədə işləyənlər də var. Təsərrüfat sahibinin anlayışlısı da var, işçi əməyindən istismar edəni də.

Növbəti müsahibimizin də övladları iş üçün müxtəlif şəhərlərə üz tutub:

“Həyətində heyvanı olan da var, olmayan da. Şəxsən mənim heç nəyim yoxdur. Uşaqlarımın hərəsi iş üçün bir diyardadır. Heç üzlərini görə bilmirəm, iş üçün düşüblər diyar-diyar. Kişilər üçün də iş yoxdur, qalıblar aciz durumda. Nəvəm hərbi xidmətə gedib, Vətəni qoruyur. qoy o Vətən də bizə yaxşı baxsın də. Əziyyətlə, fəhləliklə böyüt, ancaq 18 yaşda sahib çıxsın. Vətən üçün mən də başımı qurban verim, ancaq bu uşaqlara, gənclərə dövlət sahib çıxsın, baxsın, dolandırsın”.

“Mənim indi evdəki nəvələrim yemək istəyir. Nə deyim onlara? Körpədilər, pamperslərinə pul çatmır. Biz yenə 15 manat aılırıq. Ucardan gələn qadınlar belə özləri öz yol pullarını verir, günlük qazancları 10 manata düşür. Əvvəlki illərdə lap 10-12 manata işləyirdik. Bu ildən 15 manat olub. Bilirsiz, qul kimi çalışqan qadınların sayı ilbəil artır”, – qadın narazılığını ifadə edir.

O, gördükləri işləri sayır:

“Əkirik, ipləyirik, beçəsini qırırıq, dərmanın vururuq, alağını təmizləyirik, dolayırıq ipə, yarpaqlarını qırırıq və sökülənə qədər hər işin görürük. Eləsi var insan adamdır, özü də kömək edir, eləsi var yaş pomidoru çıxartdırır, istismar edir əməyimizi. Çox zülmlü işdir. Ancaq biz insafla çalışırıq, hətta bəzən vaxtımızdan 10-15 dəqiqə qalır, onu da çalışırıq. Ya vaxtdan keçir yenə çalışırıq ki, iş bitsin. Məcburiyyətdən insan bu hala düşməməlidir axı”.

“İstilikxanaların xərcini tam ödəyə bilməmişik”

Artıq on ildir ki, fərdi təssərrüfatında istilikxana salan Mırtı kənd sakini Tural Əliyev deyir ki, yazlıq, payızlıq əkinin çörəyi ilə həm özü dolanır, həm də əməyindən istifadə etdiyi kəndliləri dolandırır.

Bu il şərikli iki istilikxana salan müsahibimiz ötən payızla müqayisədə məhsulun tez yetişdiyini və bol olduğunu deyir. Onun sözlərinə görə, iki istilikxanaya 4 mindən çox xərc çəkib, bir ayda qadınların zəhmətindən maksimum 2-3 dəfə yararlanır:

“Ötən il məhsulu öncə 50-60 qəpikdən satmağa başladım. Sonra qiymət 3 manat 50 qəpiyə qədər qalxdı. Ancaq məhsuldarlıq az idi. İki istilikxanadan 40-50 yeşik məhsul yığılmasını gözləyirdik, cəmi 10 yeşik yığdıq. Bir çox regionda məhsul gec dəydi deyə qiymət baha oldu. Bu il isə məhsul vaxtında yetişdi, ancaq 50-60 qəpiyə satıldı. Yalnız bir dəfə məhsulu 1 manat 40 qəpiyə satdıq. Yazda az əkin oldu, payızda çox. Odur ki, məhsul boldur deyə qiymət qalxımı gözlənilmir”.

Tural Əliyev deyir ki, təsərrüfatlarda iş çoxdur. Kənd yerində tək istilikxana deyil, heyvandarlıq da var. Ona görə iş çoxalanda, xüsusilə yarpaq kəsimi və alaq edilən zaman, həmçinin məhsul çox olanda Bığırdan olan qadınların köməyindən yararlanır:

“Onlar çox zəhmətkeşdir. Həm bizə, həm də 15 manat alıb ailəsini dolanışığına kömək edirlər. Artıq işləyən qadınları biz tanıyırıq, iş olan kimi gedib gətiririk. İsti olduğu üçün yayda tezdən gedib gətiririk, çünki normalda çöldə 35-40 dərəcə isti olanda içəridə ikiqatı olur. Özümüz də onlarla birgə işləyirik və mövsümdə 2-3 dəfə onların köməyindən yararlana bilirik. Çünki istilikxanaların xərcini tam ödəyə bilməmişik. Xərc olmasa, onlara da çox iş imkanı yaradarıq”.

“….borc adamı vadar edir ki, əkini dayandırıb, günəmuzd işlərdə çalışsın”

Ləkçıplaq kənd sakini Azər Əhmədov isə deyir ki, torpaq olsa, insanlar öz təsərrüfatında çalışar. Həm öz təsərrüfatının sahibi, həm də çalışan fəhləsi olar. Ancaq tək torpağın olması yetmir, bir istilikxanaya 3 mindən çox xərc gedir. Bu da əlində vəsaiti olmayan kəndliyə sərf etmir. Məcbur qalıb gündəlik qazancı olan işlərlə dolanır. Ən çox Ləkçıplaq kəndi həmin qadınların əməyindən yararlanır.

“İstilikxananın qurulması əslində kəndliyə sərf etmir. Onun tikintisi üçün avadanlıqlar od bahasınadır. Əkindən sonra çəkilən xərclər isə lap əndazəni aşıb. Çünki payızda pomidora qurd dərmanı vurulur. Əvvəl onu 100 qramını 20-25 manata alırdıq, indi 45 manata güclə tapırıq. Məhsul yetişənə qədər müxtəlif gübrələr və elementlər verilir. Elementlərin kiloqramı 2 manatdan 5-6 manata, gübrələrin kisəsi isə 70-80 manata qalxıb. Nəzərə alın ki, üç-dörd ayda bundan neçə dəfə alıb istifadə edirsən”. “Şəxsən yazlıq da, payızlıq da istilikxana əkmişəm. Ancaq dolanışıq üçündür, qazanc yox. Dörd dəfə satmışıq, hələ xərci çıxmayıb. Mən çox istərdim ki, hamı öz təsərrüfatında əksin, özünə işləsin . Ancaq artıq xərcin çoxluğu, borc adamı vadar edir ki, əkini dayandırıb, günəmuzd işlərdə çalışsın. Bu mənada o qadınları yaxşı başa düşürəm”, – Azər Əhmədov deyir.

“Dövlət buna kömək etməli….”

Həm fermer, həm alıcı Mahir Musayev isə deyir ki, yazla müqayisədə payızlıq əkin yaxşıdır. Ancaq ötən ilin payızına çata bilməz. Çünki məhsul gec yetişib, qiymət də 3 manat 50 qəpiyə qədər bahalaşıb.

Digər kəndlərdəki işsizlərə gəldikdə isə dövlətin köməklik etməsini istəyir:

“Bu il payızlıq məhsul çox əkilib. Özüm iki istilikxanada ümumi 2 min 400 şitil əkmişəm, razıyam. Çünki satıcı, həm də alıcı kimi özümə sərf edir. Kəndləri gəzdiyimdən müşahidə edirəm ki, biz çox əkəriksə, işə ehtiyacı olan qadınlar da , insanlar da cəlb olunub çalışar bizimlə. Ancaq dövlət buna kömək etməlidir. İstilikxana əkən insanlara müəyyən xərclərdə yardım edilməlidir ki, biz də bunu artıraq və o insanları da ürəklə gündəlik işlərə cəlb edək”. //meydan.tv//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz