Axtarış...

Xətai rayonu SATIŞA ÇIXARILIB - İTTİHAM VAR!

Xətai rayonu SATIŞA ÇIXARILIB - İTTİHAM VAR!


Rayonun memarı deyir ki, bizlik deyil, bu məsələyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi baxır... Məlumdur ki, son illərin ən ciddi problemlərindən biri, bəlkə də birincisi, paytaxt Bakının rayonlarındakı qanunsuz tikililərdir. Heç kimə sirr deyil ki, uzun illərdir ki, Rayon İcra Hakimiyyətlərinin memarlıq şöbəsinin, şəxsən baş memarın rəsmi icazəsi ilə kimlərsə boş sahə görən kimi oranı hasarlayıb xırda ticarət obyekti, kafe, köşk tikdirir. Və hətta bu obyektlər vətəndaşların keçdiyi səkiləri zəbt ediblər.
Həm də bu məsələdə memarlıq şöbəsinin adı daha çox hallansa da icra başçılarının bundan xəbəri olmaya bilməz. Yəni bütün bu qanunsuzluqlar icra başçılarının birbaşa icazəsi ilə baş verib. Bütün bu qanunsuz tikintilər əslində böyük biznes məsələsidir. Uşaqdan böyüyə hamı bilir ki, Bakıda pulunu verməsən bir daşı daşın üstə qoymaq olmaz.
Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək.
Təsəvvür edirsiniz, hansısa məmur öz şəxsi marağına görə, daha dəqiq desək pul qazanmaq üçün kiməsə obyekt tikməyə icazə verir. Və bir neçə ildən sonra həmin qanunsuz obyekt dövlətin hansısa layihəsinə mane olduğu üçün söküləndə, həm obyekt sahibi qazanır, həm də həmin məmurlar qazanır. İtirən isə dövlət büdcəsi olur. Axı, dövlət büdcəsi havadan-zaddan yaranmır. Bu büdcə vətəndaşların ödədiyi vergilər əsasında yaranır.
Deməli, rüşvətxor məmur və qanunsuz obyektin sahibi pul qazanır, itirən isə vətəndaşlarımız olur. Amma əslində qanunsuz tikiliyə icazə verən məmur dəyən zərəri ödəməli idi.
Sözün qısası, neçə illərdi ki, şəhərimizin səkiləri, parkları məmurlar tərəfindən zəbt olunur.
Hətta rayon ərazilərindəki yüksək gərginlikli elektrik xətlərinin altındakı ağaclar kəsilərək, yaşıllıqlar məhv edilərək yerində çayxanalar, ictimai-iaşə obyektləri fəaliyyət göstərir. Bu məmurlar başa düşmür ki, həmin yaşıllıqlar, ağaclar məhz yüksək gərginliyi kompensasiya etmək üçün salınıb. Əgər sabah həmin ərazidə bir fəlakət baş verərsə, bunun məsuliyyətini kimlər daşıyacaq..?
Bütün bu sadaladığımız problemləri aradan qaldırmaq üçün cənab Prezidentin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi” qəbul edildi.
Hətta icra hakimiyyətlərinin bəzi səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə verildi. Amma... Əmması odur ki, bütün bunlara baxmayaraq icra başçıları, memarlar köhnə bazarlarından, köhnə alverlərindən əl çəkmək istəmirlər. Paytaxt Bakının qanunsuz tikililərlə ən çox zəbt olunmuş rayonlarından biri də Xətai rayonudur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, memarlıq şöbəsinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün rayonlardakı memarlıq işləri Rayon Təsərrüfatı şöbəsinə tapşırıldı.
Düzdür, bu şöbənin tikintiyə baxan mühəndisləri, memarları var. Xətai Rayon İcra Hakimiyyətində bu məsələlərə şöbə müdiri Rafiq İsayev və memar Əhməd Məmmədov baxır. Ən maraqlısı odur ki, son vaxtlar rayon ərazisindəki qanunsuz tikililərdən söhbət düşən kimi.... İcra hakimiyyətinin memarı, şöbə müdiri, hətta Xətai rayon İcra hakimiyyətinin başçısı Quliyev Rafiq Çəpərxan oğlu birağızdan deyir ki, məsələ artıq bizlik deyil, gedin qanunsuz tikililərin səbəbini Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən soruşun.
Təsəvvür edin ki, Xətai sakinləri etiraz aksiyası keçirir və deyirlər ki, hansısa şirkət gəlib həyətimizin ortasında qanunsuz tikili tikir. İcra başçısı isə deyir ki, mənlik deyil. İcra başçısından soruşan yoxdur ki, neçə illərdir ki, rayon ərazisində tikilən qanunsuz obyektlər də sənlik deyil..? Xətai icra hakimiyyətinin memarı isə həyətdə tikilən qanunsuz tikili barədə deyir ki....Məndə olan məlumata görə, sözügedən tikinti qanunidir.
Belə yerdə deyiblər ki, vur palçıqdan çıxsın. Necə yəni səndə olan məlumata görə... İki dövlət qurumu arasında adi koordinasiya yoxdurmu ki, konkret biləsiniz ki, tikinti qanunidir, yoxsa yox. Həm də sakinlərin həyətində tikilən obyekt necə qanuni ola bilər, ayy .... Yaxşı, Xətai rayonu ərazisində kəsilən ağacları da Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi eləyib..?
Axı, bu ağacların kəsilməsinə siz icazə vermisiniz... Bəs rayonun Mənzil Kommunal İstismar İdarəsi hara baxır..?
Sözün qısası, Məşədi İbad demişkən, əvvəl qızın bir adaxlısı var idi. İndi iki olub. Və qanunsuz tikli ilə bağlı nə varsa bir-birinin üzərinə atır. Amma, istənilən halda, Xətainin icra başçısı Rafiq Quliyev və yaxın ətrafı sanki harasa tələsirlər. Elə bil vaxtın bitdiyini hiss edərək, hər tini, dalanı satmağa hazırdırlar.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bəzi məmurlar mediadan yuxarılara şikayət edirlər ki, imkan vermirlər işləməyə, barəmizdə yazırlar-pozurlar və... Qaçaq Nəbi filmində deyilən kimi, imkan vermirlər ki, oğurlayaq, sataq, qazanaq... Belə məmurlar “krışaları” deyir ki, siz də medianı verin məhkəməyə, tapşıracağıq, qoy başları özlərinə qarışsın və...məmurlar yaddan çıxsın... Bizim isə bir media olaraq belə məmurlara sözümüz odur ki, bizim yazmaqda yeganə məqsədimiz cənab Prezidenti məmur özbaşınalığı ilə məlumatlandırmaqdır. Və bizə olan hər hansı təhdidə qarşı cənab Prezidentimizə video-müraciətlərimiz var. Bir sözlə, məmur özbaşınalığına qarşı mübarizəmiz davam edir.
Növbəti yazılarda digər paytaxt rayonlarında baş verən qanunsuz tikintilərdən, baş memarların əməllərindən bəhs edəcəyik. Bizi izləyin.
P.S. Deyirəm, bölgələrdə ildırım çaxanda agacları, fermaları, böyük evləri, obyektləri vurur. Nədənsə Bakıda "ildırım" çaxanda Bakı və ətraf rayonların arxiv müdirləri ilə memarlarını vurur. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz