Axtarış...

Yol üstə olan rayon rəhbərləri... - İDDİA

Yol üstə olan rayon rəhbərləri... - İDDİA

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Prezident İlham Əliyev Beyləqanın icra başçısı Vaqif Abdullayevi vəzifədən azad edib.

Millitv.az "Reytinq” qəzetinə istinadən bildirir ki, prezidentin bu sərəncamından sonra yerlərdə narazılıq formalaşdıran digər icra başçılarının da vəzifələrindən azad olunacağına ümidlər nəinki artıb, üstəlik, bu istiqamətdə daha ciddi mənbələrdən məlumatlar sızmağa başlayıb.

İddialara görə, hazırda Prezident Administrasiyasına daha çox şikayət daxil olan rayonların icra başçıları ilə bağlı araşdırma gedir.

Belələrinin arasında Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Qazaxın icra başçısı Rəcəb Babaşov, Zərdabın icra başçısı Lütvəli Babayev, Yardımlının icra başçısı Ayaz Əsgərov, Yevlaxın icra başçısı Qoca Səmədov, Ağsunun icra başçısı Ənvər Seyidəliyev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, Lənkəranın icra başçısı Taleh Qaraşov, həmçinin Lerik, Neftçala, Şamaxı, Qəbələ və digərləri ilə bərabər, Bakının da bir neçə icra başçısının adı ön planda çəkilir:

"Əlbəttə, adları çəkilən bu icra başçılarının hər biri haqda qovluqlarla şikayətlər var. Lakin bir çox səbəblərə görə, onlarla hələlik vəzifələrinin başındadırlar. Lakin bu o demək deyildi ki, onlara sonsuza qədər dözüm göstəriləcək. Gəncənin icra başçısı Elmar Vəliyevin başına gələn hadisədən sonra isə hakimiyyət istər-istəməz hədsiz narazılıq doğuran icra başçılarına nəzarəti daha da artırıb. Bəli, məlum hadisədən sonra ölkə başçısı ayrı-ayrı məmurların himayəsində olan rayon rəhbərləri haqda şəxsən maraqlanmağa başlayıb. Bu isə onların himayədarlarına öz kadrlarından daxil olan şikayət və özbaşınalıqları daha əvvəlki kimi malalamağa imkan vermir. Üstəlik, Elmar Vəliyevdən sonra icra başçılarının xüsusi nəzarət alınması ölkə başçısına bir çox məsələləri daha dərindən öyrənməyə imkan verib. Elə Elmar Vəliyevin, ardınca isə Beyləqanın icra başçısı Vaqif Abdullayevin vəzifələrindən alınması da, belə düşünməyə əsas verir. Bu, həm də o qənaəti gücləndirir ki, artıq barəsində çoxsaylı şikayətlər olan, amma buna rəğmən özbaşınalıqlarından vaz keçə bilməyən icra başçıları mərhələlərlə yola salınacaq. Gözlənilir ki, ilk addım yuxarıda adını çəkdiyim icra başçılarının simasında atılacaq.

Məndə olan məlumata görə, hazırda 40-a yaxın icra başçısının fəaliyyəti ölkə rəhbərliyini qane etmir. Və onların bəziləri işdən azad ounmaqla yaxalarını qurtara bilməyəcək, onları daha ağır günlər gözləyir”.

Məlumata görə, əyalət rayonları ilə yanaşı, Bakının da bir neçə icra başçısının dəyişdirilməsi gündəmdədir: "Diqqət edibsizsə, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı səlahiyyətlərini icra etməyə başlayandan paytaxtda ciddi dəyişikliklər yaşanır. Açıq şəkildə hiss olunur ki, artıq Bakıya daxil olan rayonların icra başçıları əvvəlki kimi qanunsuzluqlara gedə, özünü hakimi-mütləq apara bilmirlər. Bir sözlə, Abutalıbovun dövründəki kimi, sərbəst deyillər. Əksinə, hansı icra başçısının kimin çətiri altında olmasına baxmayaraq, Eldar Əzizovun Bakıda qanunsuz tikintilərlə qarşı başlatdığı kampaniya onları daha da qorxuya salıb. Üstəlik, Eldar Əzizovun meriyada apardığı sürətli kadr dəyişiklikləri, yeni komissiya yaradıb, rayon icra başçıları ilə yanaşı, BŞİH-in bəzi idarə, departament rəhbərlərinin "əl-qolu”nu yığması, bəzilərinin isə fəaliyyətini prokurorluğun iştirakı ilə yoxlatdırması Bakının 13 rayonun hər bir icra başçısı üçün qorxu saçıb. Hesab edirəm ki, Eldar Əzizov bu sınaq müddətini bitirər-bitirməz Bakının rayonlarında icra başçısı dəyişikliklərinə start veriləcək”.

Məlumata görə, Eldar Əzizov hazırda Bakının hansı rayonunda nə kimi problemlərin olması, onların səbəbləri ilə yanaşı, rayon rəhbərlərinin də fəaliyyətini həm açıq, həm də gizli təftiş etdirir: "Şübhəsiz ki, Bakının bir çox problemlərinin baiskarı elə rayon icra başçıları, onların acgöz davranışları, bir qarış belə boş yer qoymamalar, plansız tikintilərə geniş imkanlar açmaları və sair kimi qanunsuz əməlləridir. Əminəm ki, Eldar Əzizov qısa zamanda bu istiqamətdə çox böyük və ciddi məlumatlara sahiblənib. Və ona da şübhə etmirəm ki, bu məlumatları ölkə başçısına birbaşa ötürür. O üzdən Bakının bir çox rayonlarının icra başçılarına yol göründüyünü əminlklə demək olar”.

Məlumata görə, Bakıda ən çox qanunsuz tikintilər Binəqədi və Sabunçu rayonlarında aparılıb: "Bu rayonlardan hələlik Binəqədinin icra başçısı çıxarılıb, yerinə yenisi gətirilib. Lakin başı biznesdən ayılmayan Sabunçunun icra başçısı Adil Vəliyev hələ də "iş başında”dır ki, onun da dəyişdirilməsi gözlənilir".
Text-to-Speech

DİNLƏ






Şərh yaz