2015-ci ildən başlayan və paytaxt Bakının ən elitar ərazilərindən birində -- Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən "Yasmin" Biznes Mərkəzi ətrafında başlayan insident səngimək bilmir. Ölkənin bir çox mətbuat orqanları kimi, "Araz Media Qrupundakı araz.az xəbər portalı və digər media vasitələri də, artıq xeyli müddətdir ki, bu intriqa barədə silsilə yazılar dərc edirlər. Bu yazılarda xüsusi olaraq o vurğulanır ki, Biznes Mərkəzinin mürəkkəb tikinti quruluşlu görkəmi olduqca cəlbedici görünən 7 mərtəbəli binasından özlərinə olduqca baha qiymətə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamı ilə, "Xalq Bank"ı kölgədən idarə edənlər arasında uzun müddətdir davam edən bu çəkişmədə, halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirilir. Konkret desək, sahibkarların başlarına oyun açmaqdan çəkinməyənlər, hətta zərərçəkən bu iş adamlarının müxtəlif ölçülü halal mülklərinə min cür hiylə, fırıldaq, iftira... dolu iyrənc planlı oyunlardan çıxmaqla əl də qoya biliblər. Onların göstərişləri ilə, sahibkarlar binanın içərisində yerləşən, eləcə də qapıları bayıra açılan obyekt və ofislərinə belə yaxın buraxılmırlar.
Bu yerdə, bu qalmaqalla bağlı olan və hətta həmin yazılarda da xüsusi olaraq göstərilən olduqca maraqlı bir epizod barədə bir daha onu qeyd etmək istəyirik ki, bəli, "Yasmin" çəkişməsi başlayandan bu günədək, kölgədəki bankirlər tərəfindən qanunsuz təşkil edilən "razborka dəstəsinin qoluzorlularını" halal mülkünün -- aptekinin qapısına yaxın buraxmayan yeganə sahibkar Qalib Məmmədovdur. İndiyədək dəfələrlə təzyiq və təhdidlərlə üzləşsə də, o, öz mülkünü qorumaqda israrlı olub həmişə. Bu günlərdə ona qarşı yenidən qızışan təhdid və hədə-qorxular özünün pik həddinə çatsa da, aptek sahibi yenə öz halal və qanunlarımız çərçivəsində olan mübarizəsindən əl çəkmək istəmir. Üstəlik, məcburiyyətdən, bu aptek sahibi dövlət başçısı möhtərəm İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya, ölkənin Baş naziri cənab Əli Əsədova, eləcə də digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə, bu günlərdə, daha bir kəskin şikayət xarakterli Müraciət ünvanlayıb. Qalib Məmmədov bir nüsxəsini də araz.az-a göndərdiyi özünün bu Müraciətində, xüsusi narahatçılıqla aşağıdakıları qeyd edir:
" "Yasmin" Biznes Mərkəzi qalmaqalında zərər çəkən bir mülk sahibi kimi, "Xalq Bank"ı kölgədən idarə edənlər tərəfindən pozulan hüquqlarımın qorunması və bərpası üçün bir daha sizlərə müraciət edirəm. Çünki mülkiyyətçi hüquqlarımı kobud şəkildə pozanların heç nə veclərinə deyil. Onlar, "Yasmin"dəki bu qalmaqal və intriqaların getdikcə böyüməsindən, vaxtilə Biznes Mərkəzinin baxımlı binasından özlərinə olduqca baha qiymətə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamına -- halal mülk sahiblərinə qarşı əsl düşmən mövqeyi nümayiş etdirir, başlarına oyun açmaqdan çəkinmir, sanki bundan ləzzət alırlar. Nəticədə, "Yasmin" ətrafındakı xoşagəlməz olaylar, getdikcə böyüyərək, artıq ictimai qınağa çevrilir.
Bu qalmaqalda əsas günahkarların -- bankı kölgədən idarə edənlərin, Biznes Mərkəzinin özünün binasını tikən “Mars -- M” MMC-nin hazırda həbsdə yatan sahibi və direktoru Mərhəmət Bəşirovun əvvəlcədən planlaşdırdıqları belə bəd əməlləri nəticəsində, törədilən qanqaraldıcı qanunsuzluqlar, artıq çoxdandır ki, açıq-aşkar göz qabağına qoyulub. Onlar getdikcə daha da böyüyən "Yasmin" qalmaqalında, yalanla həqiqət arasındakı sərhədi belə dəfələrlə dumanlandırnağa çalışıblar. Bir sözlə, "Xalq Bank"ı kölgədən idarə edən və bizə -- halal mülk sahiblərinə qarşı düşmən mövqeli nüfuz sahibləri əvvəlcədən göz dikdikləri “Yasmin”in baxımlı binasını, "ağına-bozuna baxmadan" ələ keçirməkdə israrlıdırlar. Elə, buna görədir ki, heç bir qanun çərçivəsinə sığmayan istədikləri hərəkətləri etməkdən çəkinmirlər. Dəhşət ondadır ki, onlar, zərərçəkən iş adamlarının hər birinin binanın içərisində yerləşən, eləcə də qapıları bayıra açılan müxtəlif ölçülü halal mülklərinə min cür hiylə, fırıldaq, iftira... dolu iyrənc planlı oyunlardan çıxmaqla əl qoyublar, onları obyekt və ofislərinə belə yaxın buraxmırlar.
Doğrudan da, qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə hər şeyə nail olanlar, mənim, sahibi olduğum 70 kvadratmetrlik mülkümün -- aptekimin də işləməsinə imkan vermirlər. Halbuki Biznes Mərkəzinin binasını tikən qurumla alqı-satqıya dair bütün qanuni müqavilə və maliyyə arayışlarım olduğu üçün, bu sözügedən sahə 2010-cu ildən mənim mülkiyyətimdədir. 2013-cü ildən isə, burada əhaliyə yüksək səviyyədə xidmət göstərən aptek işlətmişəm və hazırki çətin şəraitdə belə, öz işçilərimlə bu xidməti davam etdiririk. Bu barədə, müvafiq vergi kodum və Səhiyyə Nazirliyindən alınmış lisenziyam da mövcuddur. Sahə, "Azsığorta" ASC tərəfindən, hər il icbari sığorta və DİN-in Mühafizə Xidməti tərəfindən mühafizə olunurdu. Bu barədə də, əlimdə müvafiq qanuni müqavilələr və digər rəsmi sənədlər var.
Məhz yuxarıda qeyd etdiyim və mövcud qanunlarımızın hərtərəfli dəstəklədiyi vacib detallara görə də, bir daha qəti şəkildə deyirəm ki, "XalqBank"ı kölgədən idarə edənlər bu obyektimi mənim mülkümdən heç cür çıxara bilməz. Mən, bir sahibkar olaraq, özümə aid sahədə, öz mülkümdə qanuni fəaliyyət göstərirəm. Mülkümü ələ keçirməyi tezləşdirmələri üçün, bank əməkdaşları isə, mənə hədə-qorxu gəlməkdən, əsl terrorçuluq kimi əməllər törətməkdən çəkinmirlər. Hətta illərdi ki, obyektimə gələn su, işıq və qaz da onlar tərəfindən kəsilib. Bu, əsl şeytan əməlidir və vicdan çərçivəsində buna heç cür haqq qazandırmaq olmaz. Çünki bu şeytan əməli nəticəsində, mənim vaxtilə daha baha qiymətə aldığım olduqca qiymətli və az tapılan dərman preparatları, üstəlik tibbi ləvazimatlar aptekdəki belə bir şəraitsizlikdə getdikcə daha sürətlə xarab olur. Bu səbəbdəndir ki, bir sahibkar kimi mənə dəyən ziyanın miqdarı, artıq, ölçüyəgəlməz həddə çatıb.
Üstəlik, mülkümü ələ keçirmək üçün, son vaxtlar mənə hədə-qorxu gələnlər, sadəcə terrorçuluq edirlər. Mənsə öz mülkümdə qanuni fəaliyyət göstərirəm. Məni oradan zorla çıxarmaq istəyənlər cinayətkar və terrorçu olacaq. Axı, belə bir qərarı, ancaq və ancaq, vicdan və qanun çərçivəsində işləyən haqq-ədalət məhkəmələri verə bilər! Əfsuslar ki, bu məhkəmələr də, haqq-ədaləti yox, qorxudan onların dediklərini müdafiə edirlər. Məcburiyyətdən, burada incidilən sahibkarlar Avropa İnsan Hüquqları Məhkəməsinə üz tuturlar. Həmin məhkəmə də, sahibkarların iddialarını müdafiə edib və bu barədə bir-neçə Qətnamə və Qərar verib. Bunu isə, mən, dövlətimizin adına və getdikcə artan beynəlxalq nüfuzuna layiq hal kimi qəbul etmirəm.
Məni və işçilərimi incidənlərə, ailəmi narahat edənlərə -- hakimiyyətdəki nüfuz sahiblərinin adlarından sui-istifadə etməkdən çəkinməyən bədniyyət insanlara qəti şəkildə bir daha bildirirəm ki, mən həmişə dövlətimizin mənafeyi naminə çalışan, lazım gələrsə, canımı millətim yolunda qurban verməyə hazır olan bir ölkə vətəndaşıyam! Təcavüzkarlar onu da yaxşı bilməlidirlər ki, halal mülkümü əlimdən almaqla, məni, qeyri-birisinə çevirə və sındra da bilməzlər -- mən öz haqq mübarizəmi sonadək davam etdirəcəm! Bir daha deyirəm, məni, özümə məxsus halal mülkümdən zorla heç kəs çıxara bilməz! Zorla çıxarmaq istəyənlərə isə, sonda, cinayətkar və terrorçu damğası vurulacaq! Bu, belə də olmalıdır, inşallah! Çünki Böyük Allah da hər şeyi görəndir və bu müqəddəs varlıq tərəfindən, günah işlədənlər gec-tez öz layiqli cəzalarını alırlar. Bir də ki, illərdi əziyyət çəkərək, bir sahibkar kimi, yer etmişəm özümə. Axı, mülk də, Böyük Allaha məxsus toxunulmaz bir əmanətdir! Kim ona təcavüz və xəyanət edərsə, Ulu Tanrının özü onun bəlasını verər! Bu, açıq-aşkar namərdlikdir! Haqq nazilər, üzülməz, öz yerini tapar, inşallah!".
Müraciətinin sonunda obyekt sahibi, indi, onun kimi, digər zərərçəkənlərin də hədsiz dərəcədə narahat olduqlarını qeyd edir. Bu işdə ona və digər mülk sahiblərinə kömək əli uzatmalarını xahiş edərək, umidini yalnız onlara bağladığını bildirir. Edəcəkləri köməyə görə, onlara qabaqcadan minnətdarliğını da çatdırır.
araz.az