Dövlət məmurlarının, deputatların sahibkarlıqla məşğul olması qanunla qadağan olunsa da səlahiyyət sahibləri min türlü yolla bizneslərini qoruyub saxlayırlar. Əllərində olan səlahiyyətlərdən yalnız şəxsi maraqları üçün istifadə edənlər arasında deputat Ağalar Vəliyevin adı ilk sıralarda gəlir.
Haqqında verilən rəsmi məlumatlarda "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri və millət vəkili kimi təqdim olunsa da onun “Kristal Abşeron” QSC-nin əsl sahibi olduğunu da bilməyən yoxdur. Media üzərindən qısaca bir araşdırma aparmaq kifayətdir ki, bu şirkətin fəaliyyətində kristallıqdan heç bir əlamətin olmadığının şahidi olasan. İnternetdə şirkətin adı ancaq özbaşınalıqlarla, şok maxinasiyalarla, insanları aldadaraq fırıldaq gəlməklə hallandırılır. Əgər deyilənlər doğrudursa, bir millət vəkilinin sahibi olduğu şirkətin millətə bundan böyük nə “xidməti” ola bilər ki?
Şirkəti Məhayət Nəbiyevin adından idarə edən Ağalar müəllim hətta camaata hədə-qorxu, “xox” gəlməkdən də çəkinmədiyi də media portallarında təkzibsiz olaraq öz əksini tapır. Bildirilir ki, bunun üçün şirkətin xüsusi qoçu dəstələri də var ki, evindən çıxmaq istəməyən, şirkətin şərtlərini qəbul etməyənlərlə onlar «danışırlar».
Mənzillərin vaxtında təhvil verilməməsi, keyfiyyətsiz təmir, bağlanan kredit müqavilələrinin şərtlərinə əməl etməmək kimi problemlər isə Kristal Abşeronun iş prinsipi hesab oluna bilər.
Kristal Abşeron üstəlik mənzil sahiblərindən mühafizə pulu, xadimə pulu, lift pulu, istilik pulu yığır. Amma inşa olunun binalarda yaşayanlar çox pis şəraitdə gün keçirirlər. Yığılan pullar isə mənimsənilir, vergidən yayındırılır.
«Kristal Abşeron»da baş verən vergi cinayətlərini isə əlaqədar qurumlar araşdırsalar indiki çətin vəziyyətdə dövlət büdcəsi bir xeyli gəlir əldə edər. Bildirilir ki, alqı-satqı zamanı daha çox nağd hesablaşmaya üstünlük verən şirkət bu yolla milyonları vergidən yayındırmağı bacarır.
İndiyə qədər bir şəhid, qazi ailəsinə yardımda adı çəkilməyən Ağalar müəllimin zamanında MTN şefinə 1 milyon pul verməsi, sabiq MM sədri Oqtay Əsədova milyonluq mülk bağışlaması, hətta müğənnilərə belə mənzil hədiyyə etməsi barəsində mediada xəbərlər göz oxşayır.
Azərbaycanda müxtəlif yollarla qazandığı milyonları qonşu ölkələrə yatırmağa üstünlük verən A. Vəliyev bu projesini də oğlunun vasitəsilə reallaşdırır. Deputatın oğlu Pərviz Vəliyev Gürcüstanın Qara dəniz sahilindəki kiçik kurort şəhəri Kabuletidə binalar tikir. Verilən məlumatlara görə, deputatın oğlu qonşu ölkəyə ümumilikdə 50 milyon dollar vəsait yatırıb.
P. Vəliyev İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar otelinin də sahibidir.
Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, beton zavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.
Beləcə deputat toxunulmazlığı A.Vəliyevin “kristal biznesini” qoruyur, çiçəkləndirir. Baxmayaraq ki, bu biznesdən nə dövlətin gəliri var, nə vətəndaşın. Dövlət vergisini ala bilmir, vətəndaş haqqını verdiyi mənzilini. Deputatın şirkəti özünü “xəyallarınızı inşa edirik” şüarı ilə reklam edir. Yəqin ki, əlaqədar dövlət qurumları nəhayət ki, Ağalar Vəliyevin “xəyallarını” araşdıracaq və reallıqları aşkarlayacaq. Bax o zaman əsl xəyal qırıqlığı yaşanacaq!
Rubrika.Az