Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır. Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur.
Onların biznesi haqda Milli Məclis rəhbərliyi məlumatlı olsa da, qanun səviyyəsində heç bir tədbir görülmür və hansısa səbəblərə görə biznesmen deputatlara güzəşt olunur. Yəni ölkə təcrübəsində bu vaxtadək bizneslə məşğul olan deputatın mandatının əlindən alındığını görməmişik. Məhz bundan arxayın düşən bəzi millət vəkilləri sahibi olduqları biznes şəbəkəsini daha da genişləndirirlər. Parlamentin biznesmen deputatlarından biri də son parlament seçkilərində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən mandat sahibi olmuş Vəliyev Ağalar İsrəfil oğludur. Bu yazımızda cumhuriyyet.az olaraq Ağalar Vəliyevin özü və biznesi ilə bağlı media üzərindən geniş araşdırma apardıq.
Deputat və biznesi haqda qısa arayış
Vəliyev Ağalar İsrəfil oğlu 1957-ci il iyulun 23-də Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. Əmək fəaliyyətinə 1976-cı ildə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Yevlax dəmir beton məmulatları zavodunda fəhləlikdən başlamışdır. Həmin zavodda laboratoriya mühəndisi, şöbə rəisi, baş mühəndis və direktor, 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır. 1998-ci ildən “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə”Əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 2012-ci ildə isə “Şöhrət” ordeni ilə təltil edilmişdir. Ailəlidir, bir oğlu var.
”Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti artıq 50 ildən çoxdur ki, fəaliyyət göstərirdi və bu qurum 1961-ci ildə qeyri-dövlət mülkiyyəti əsasında yaradılmış “Başkolxozlararasıtikinti” İdarəsinin hüquqi varisi idi. Sonradan onun tərkibinə müxtəlif dövlət təşkilatları verilməklə adı bir neçə dəfə dəyişdirilərək, “Başkolxozsovxoztikinti” İdarəsi, “Azəraqrarsənayetikinti” Birliyi, “Azəraqrartikinti” İstehsalat Birliyi, “Azəraqrartikinti” Dövlət Şirkəti adlandırılıb. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmada onu da öyrəndik ki, Azərbaycan Respublikası Prezidentinin “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi haqqında” 1997-ci il 2 dekabr tarixli 646 saylı Fərmanı ilə “Azəraqrartikinti” Dövlət Şirkəti ləğv edilərkən şirkətin qeyri-dövlət mülkiyyətinə məxsus əmlakının bazasında “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 11 mart 1998-ci il tarixdə 1 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Cəmiyyətin bütün mülkiyyəti Ağalar Vəliyevə “hədiyyə” edilib. Bildirək ki, Azəraqrartikintinin səhmlərinin bölgüsü qapalı aparılıb və kollektiv arasında səhmlər bölünüb. Hər işçinin nominal dəyəri 20 manat olmaqla 130 ədəd səhmi olub, Səhmdarların sayı məlum deyil. Amma indiyədək təxminən 200 dəfə əqd bağlanıb (səhmlərin alqı satqısı ilə bağlı). Son aylar isə müəssənin səhmləri bazarda sürətlə yığılır, 2600 manat qiyməti olan səhmlər üçün deyilənə görə işçilərə 300 manat pul verib alırlar.
Əslində “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevə səhmlərin neçə faizinin məxsus olması ilə bağlı konkret informasiya əldə edə bilmədik. Çünki Səhmdar Cəmiyyət illik hesabatını nə saytında, nə Kütləvi İnformasiya Vasitələrində açıqlamır, hesabatlarının şəffaflığını təmin etmir. “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri və Milli Məclisin deputatı Ağalar Vəliyev Prezidentin Fərmanı ilə 2010-cu ildə “Əməkdar mühəndis” fəxri adına, 2012-ci ildə isə “Şöhrət” ordeninə layiq görülüb. Eyni zamanda, “Azəraqrartikinti” ASC yol-körpütikinti firmasinın rəhbəri Maqsud Əvəz oğlu Gülməmmədov 2012-ci ildə, “Aqrartikinti”nin Sabirabad filialinın rəhbəri Vaqif Əlövsət oğlu Məmmədov 2012-ci ildə, “Aqrartikinti”nin Baki 1 sayli filialının rəhbəri Xudayar Hənifə oğlu Rəhimov 2010-cu ildə, müəssisənin Füzuli ixtisasquraşdirma filialının rəhbəri Nazim Qaçay oğlu Şükürov 2014-cü ildə, “Azəraqrartikinti”nin Baki tikinti mexanikləşdirmə filialının rəhbəri İbrahim Qənbər oğlu Muxtarzadə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanilə “Tərəqqi” medalı ilə təltif olunublar.
Agalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?
“MTN İşi” ilə bağlı proses zamanı Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmdı. Media üzərindən cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı məlum oldu ki, belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. MTN-nin “toruna” 2013-cü ildə düşüb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib.
Deputatın “Kristal Abşeron”unda baş verənlər
Ağalar vəliyevin biznesinə “Kristal Abşeron” MMC də daxildir. Belə ki, bu şirkətin təsisçisi Tovuzdan olan iş adamı Məhayət Nəbiyevdir. Şirkətin qeyri-rəsmi sahibi isə deputat Ağalar Vəliyevdir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, millət vəkilinin “krişalıq” etdiyi sözügedən şirkət Xırdalanda binalar inşa edib. Bu firmadan mənzil alanlar isə sözün əsl mənasında peşman olublar. Çünki alqı-satqı müqaviləsində məzənnəyə uyğun kredit ödənişi edilməsi bəndi yer alıb. Bu da 2015-ci ildəki 2 devalvasiyadan sonra payçıları müflis edib. Onlar dollarla kredit ödəməyə məhkum olunub.
Məsələn, 50 kvadratlıq mənzil 110 min manata başa gələcək. Sakinlərin isə dərdinin üstünə təzə dərd gəlib. Belə ki, “Kristal Abşeron” özəl müəssisə olduğu üçün qazın qiyməti qeyri – əhali kateqoriyası üzrə hesablanır. Şirkət istiliyin qiymətini 40 qəpikdən 70 qəpiyə qaldırıb. Şirkət indiyə qədər qazanxanaları “Azəristiliktəchizat” ASC-yə təhvil verməyib. Bu da azmış kimi, keçən aydan etibarən istilik 70 qəpikdən 80 qəpiyə qaldırılıb. İndi 50 kv mənzili olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. İsti suyun kubmetri isə 2 manat 30 qəpikdən 3 manat 50 qəpiyə qaldırılıb. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, “Kristal Abşeron” isə od qiymətinə… Sakinlərin dediyinə görə, yaxın günlərdə Prezident Administrasiyasının qarşısına toplaşacaqlar. Onlar şirkətin soyğunçuluğundan şikayət etməyə hazırlaşırlar.
Dəniz kənarında çoxqübbəli villa
A.Bayramov ilə bağlı cummuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı daha bir maraqlı fakta rast gəldik. Belə ki, Ağalar müəllimin bir villasının görüntüləri da yayılıb. Həqiqətən də, Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Ümid və inamla ehtimal etmək olar ki, Ağalar Vəliyevin bu sənət əsəri büdcə vəsaitləri hesabına başa gəlməyib. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalını söyləmişdik. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub.
Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanında balina və delfin axtarışları gedir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə ona görə maraq doğurur ki, “Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar. Milli Məclisə ara-sıra şok hesabatları ilə gundəmdən düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək çoxmilyonluq mülkününün nəyin hesabına başa gəldiyini aşkarlaya biləcəkmi?
“Mənim bütün biznesim qanunidir”
Jurnalistlərin “millət vəkilləri özəl sahibkarlıqla məşğul ola bilməz” replikasına cavab verən Ağalar Vəliyev deyib: “Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”. Ağalar Vəliyevə cumhuriyyet.az olaraq həmin qanunu bur daha xatırladırıq. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsi: II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. “…elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər… Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.Cumhuriyyet.az