Axtarış...

Masallının yeni başçısı üçün KÖHNƏ YOL XƏRİTƏSİ... - "bazar yolu"ndan BAZARKOMLUĞA...

Masallının yeni başçısı üçün KÖHNƏ YOL XƏRİTƏSİ... - "bazar yolu"ndan BAZARKOMLUĞA...


Artıq 10 gündən çoxdur ki, Masallı rayonuna yeni icra başçısı təyin edilib.

Hansı işləri görəcək, əvvəlkilərində nə ilə fərqlənəcək? Yəqin ki, bu sualların cavabı üçün qeyri-rəsmi müddəti-100 günü gözləyəcəyik.

İlkin fikir odur ki, yeni başçı əvvəldən Masallıda çalışdığından hər kəsi Səndən, Məndən yaxşı tanıyır.

Eləcə də onu tanıyanlar da olduqca çoxdur. Onunla bağlı kiminsə xırda bir xatirəsi varsa, indi önə çəkilir - filan yerdə çay içdik, filan məclisdə bir yerdə olduq, filan, filan oldu. Bu xatirələr həmin şəxslər üçün imtiyaza, vəzifəyə çevriləcəkmi? Bunu gələcək göstərəcək?

Yeni təyin olunan başçılarla bağlı əbədi birsual isə yenə ortadadır- görəsən, kimin, yaxud hansı tayfanın, hansı klanın adamıdır? Möcüzə gözləməyə dəyməsə də, ilk görsəntilər, müəyyən paralellər bəzi “mənzərələr” yaradır.

Bəlli olduğu kimi, yeni icra başçısı Araz müəllimin ilk işi “Könə bazar” yolunda 260 metrlik yolu asfaltlatdırıb, həmin ətrafda tıxac məsələsinə qismən yüngüllük gətirməkdən və yolun ortasından keçən, sürücülər üçün narahatçılıq yaradan Su Axan keçidin örtüyünü bir qədər qaldırtdırıb, maşınlar üçün rahatlıq yaratmaq oldu?.

Xatırladaq ki, əvvəlki icra başçısı Şahin Məmmədovun da ilk işi “köhnə bazar” yolundan başladı. Yəni, rayonun baş Körpüsündən bazarın stadiona qədər olan, hədsiz bərbad vəziyyətə düşən yolu elə yerli sakinlərin hesabına abadlaşdırdı. Sonra isə çox şey unuduldu. Rayondan gedəndə isə onu yola salmağa gələnlər sırasında əksəriyyəti rayon ziyalıları yox, həmin ətrafdakı bazarlardan birinin Hacı bazarkomu oldu.

3 il öncə həmin abadlığı görən zaman belə bir status yazmışdıq - İcra başçıları 2 ildən bir dəyişsə yaxşıdır. Çünki, əvvəlki 1-2 il yaxşı işləyib, sonra keçirlər “dədə-baba yoluna”

Abadlıq yaxşı şeydir. Lakin biz yeni başçısının nüfuzun, gücünü, təcrübəsini... nəzərə alıb ondan daha böyük gözləntilərimiz var.

Bu gün “Viləş” çayın əsas körpüsünə girişin sağ tərəfində taksiləri sağa-sola qovdurmaqdansa, bir normal avtobus dayanacağı olmayan, gecəqonduya oxşayan, tam şəraitsiz- çayxana, bufet, oturacağı, avtobus gözləyənlərin toz-torpaq içində əyləşdiyi, insanların primitiv mikro-avtobuslarla daşındığı, guya avtovağzal adlanın məkanı sahmana salınsa idi bizcə daha faydalı olardı.

Bu yaxınlarda bir sıra təkliflərimizi cenub.az saytında və səhifəmizdə paylaşacağıq. Lakin bəzi gözləntlərə diqqət çəkmək istərdim.

1. Bu gün rayonun əksər kadr sərrafları bir neçə ildir ki, sadə bir suala cavab tapa bilmir- Masallı Rayon icra hakimiyyətində insanların yüksək dəyər verdiyi müavin, şöbə müdiri və digər yüksək postlarda əyləşənlər rayonda nə dərəcədə nüfuz sahibləridir?

2. Son 2 il yarımda icra hakimiyyətindəki yarıtmaz iş üsuluna görə (başçı tərəfindən təhqir, aşağılama, kobudluq, mənasız tapşırıqlar, hədə-qorxu...) o binadan öz ərizəsi ilə gedənlərə diqqət olacaqmı?

3. Həmin binada, eləcə də tabeçiliyində olan idarələrdə “at oynadan”, özünü “xərcləmiş”, keçmişi qaranlıq, ləkəli, rayondakı əksər saxtakarlıqların “memarı” olan şəxslər yenə də “qədim peşələrini” – ara qarışdırmaq, insanları üz-üzə qoymaq, güddürmək, trollaşdırmaq işini davam etdirib, “alçaldılmış və təhqir” olunmuş, kimlərinsə əlində oyuncağa çevrilmiş “ziyalıların” xidmətindən yararlanacaqlarmı? (Əlavə oxu- yenə də “Kimlərsə əyilə-əyilə kimin evindən çıxır, kimin əli kimin cibindən çıxır”. Ramiz Rövşən).

4. Konkret desək, gözlər yenə də icra başçısının şəhər üzrə nümayəndəsi Əbülfəz Nuriyevə dikilib.

20 il idi ki, rayondakı digər icra başçıları da onu görürdü. Rəsmi və “qeyri-rəsmi” xidmətlərindən lazımınca faydalanırdı, abunə adı ilə (əmək haqlarının 8-10 faizi) etdiyi, on min manatlarla ölçülən saxtakarlıqlarına göz yumurdudular. Lakin həmin başçılardan heç biri ona məsul vəzifə etibar etmirdilər. Lakin Şahin Məmmədov onu özünün “sağ əli” etdi. (Atalar sözü – “sağ əlini” göstər, deyim necə rəhbərsən?)

5. Nə savadına, nə təşkilatçılığına, nə peşəkarları dəyələndirmək bacarığına, qısası, heç bir ciddi rəhbər keyfiyyətinə malik olmayan (keçmişi bir çox “qarnlıqlarlarla”) “zəngin” olan PİHB-nin 1-ci müavin Məmmədhüsey Hüseynov haqqında da eyni sözləri demək olar. Əgər, yenə fəaliyyətləri ürəkbulandıran belə kadrlar meydanda olacaqsa, vay Masallının halına.

Bu siyahını uzatmaq da olar.

6. Bəs məlum tayfa ilə, Abıyevlərlə münasibətlər necə olacaq? Onlar Şirəli Əhədov, Azər Səfərov, Oqtay Əliyev kimi icra başçılarının zəifliyindən, mağmınlığından istifadə edib, sanki Masallıda paralel hökümət yaratmış, bütün aparıcı vəzifələri ələ keçirtmişdilər. Az qala Masallının torpaqlarının, əmlaklarının yarısı onların əlində idi və əlindədir. (Amma həqiqət naminə onu da dəyək ki, bəzi rəhbərlərin hədsiz cəsarətsizliyindən Abıyevlərin həsrətin çəkənlər də yox deyildi). Sonrakı icra başçılar - Qəzənfər Ağayev, Rafil Hüseynov onları məsafədə saxlayırdı. Necə deyərlər, vəzifələri olsa da, səlahiyyətləri olmurdu. Bəzən heç tədbirlərə çağımırdılar, onlara salam verənlərə belə tərsə baxırdılar. Şahin Məmmədov isə əvvəl onların üstünə getsə də, sonra açıq-aşkar bu şəxslərin əlinə oynadı. Görəsən, yeni rəhbəlikdə onların “yeri” hara olacaq?

7. Bir anlığa fikirləşək ki, arzuolunmaz şəxslər icra başçısının ətrafında uzaqlaşdırıldı. Onları kimlər əvəz edəcək? Yeni kadrlar hansı prinsiplərlə təyin olunacaq?

Çox səslənən suallardan biri də budur – yeni başçı kimin adamıdır? Tanıdığıma, bildiyimə görə, O, hamının adamıdır və heç kimin adamıdır. Çünki özü adamdır.

1-ci yazını hamınıza maraqlı olacaq bir müqayisə ilə bitirmək istəyirəm. 2005-2006-cı illərdə də Masallıya rütbəsi general olan bir icra başçısı gəlmişdi. Qorxaqlığı göz deşirdi. Həmin vaxt yazdığım məqalənin sonu təxminən belə bitirdi – Hörmətli Oqtay müəllim. Cənubda general deyəndə öncə hamı Həzi Aslanov kimi qəhrəmanı xatırlayır. Mümkünsə, məktəblərə az-az gedin. Uşaqlar sizə baxıb, elə düşünər ki, bütün generallar belə olur; onların vətənpərvərlik tərbiyəsində problemlər yaranar.

İnanırıq ki, indiki GENERAL icra başçımız təmkini, təşkilatçılığı, peşəkarlığı, cəsarəti və digər müsbət keyfiyyətləri ilə elə bir İZ qoyacaq, yaxşı mənada bizi təəcübləndirəcək və hamımız qürurla deyə biləyik ki, BAX, ƏSİL GENERALA BAŞÇI BELƏ OLAR.

CENUB.AZ. Zahir Əmənov
Text-to-Speech

DİNLƏ






Şərh yaz