Bu günlərdə etibarlı mənbədən aldığımız məlumata görə, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Anar Süleymanovun Füzuli rayonu ərazisinə girişinə məhdudiyyət qoyub. Buldirilir ki, icra başçısı ötən həftə keçirdiyi kabinet iclasında hətta Anar Süleymanovun rayonda gözə dəyəcəyi təqdirdə döyülməsinə də fətva verib.
Maraqlıdır, görən hansı səbəbdən Alıyev nazirlik əməkdaşının rayonda fəaliyyətinə “stop” qoyub? Xatırladaq ki, Anar Süleymanov Füzuli rayon sakini deyil, yerli əhali arasından heç kimlə şəxsi münasibətlər zəminində ixtilafı yoxdur, davranışında cəmiyyətdə qəbul olunmuş etik qaydalara ciddiliklə əməl edən biridir. Belə olan halda ilk ağıla gələn versiya budur ki, Alıyevin Süleymanovu hədəfə almasının yeganə səbəbi yalnız ikincinin peşə fəaliyyəti ilə əlaqədardır. Süleymanovun vəzifəsi isə işlədiyi İdarənin nəzarət dairəsinə aid olan rayonlarda, o cümlədən, Füzulidə təbii sərvətlərin talanmasına, yaşıllqların məhv edilməsinə qarşı mübarizə apatrmaqdır. Görünür, bu iki vəzifəli şəxsin qeyd olunan müstəvidə maraqları toqquşur. Bir daha qeyd edirik ki, Süleymanov dövlətin xalqın maraqlarından çıxış etdiyi halda, Alıyev öz şəxsi mənafeyini güdür. Çünki indiyədək rayon ərazisində inşa olunan bir çox qanunsuz tikililər, başçının izn-rüsxəti ilə satılan torpaq sahələri məhz yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə müşayiət olunub.
Başqa bir məsələ, Alıyevin öz səlahiyyət həddini aşmasıdır ki, bunun da kökü yəqin ki, hələ AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə, Surət Hüseynovun “qılıncının dalının-qabağının kəsdiyi” dönəmdə topladığı talançılıq təcrübəsindən, zərərli vərdişlərdən qidalanır. Məhz həmin anarxiya, özbaşınalıq dövründə zamanın nəbzini tutaraq əldə etdiyi haram qazancın dadı Alıyevin damağından getməyib. Yaxud, ola bilsin, müasir Azərbaycanın siyasi-ictimai həyatında baş verən proseslər Alıyevdə elə təsəvvür yaradıb ki, növbəti xaos elə də uzaqda deyil.
Belə görünür, sabah Ekologiya və Təbii Sərvətlər nazirinin özü də Füzuli rayonuna səfər etmək istəsə, Alıyevin münasibətini öyrənməlidir.
İşğaldan azad olunmuş torpaqlar hesabına Füzuli rayonunun da ərazisi bərpa olunub. Geri qaytarılmış ərazilərdə düşmən tərəfindən basdırılmış minaların partlaması, dinc vətəndaşların, eləcə də dövlət məmurlarının həyatına təhlükə törətmək ehtimalı yüksəkdir. Ancaq bu xəbərdən sonra ehtiyatlanmağa dəyər ki, həmin minaları basdıran erməni olmaya da bilər. //realmedia.az//