…Oxuculara çox sadə dildə izah edəcəyik – paytaxtın Fətəli Xan Xoyski küçəsində yerləşən 5 saylı Şəhər Kliniki Xəstəxanasına getməyin! Səbəbini bilmək üçün TİA.Az izləyicilərinə bir neçə foto təqdimat etməyimiz kifayətdir: 5 mərtəbəli binada işləyən cəmi bir lift, uçuq-sökük divarlar, sanki raket düşmüş döşəmə və tavan, bərbad palatalar, baxımsızlıq, xəstələrdən 2-3 manat pul dilənən həkim və tibb personalı və daha nələr, nələr… Hətta işğal altında olan Ukraynanın Xerson şəhərində, terrora məruz qalmış Suriyanın Hələb bölgəsində, Talibanın idarə etdiyi Əfqanıstanın Qəndahar şəhərində belə xəstəxana tapa bilməzsiniz.
Tamamilə yiyəsizlik, özbaşınalıq, laqeydlik hökm sürən bu xəstəxana Bakının mərkəzində, “Gənclik” metrosuna yaxın yerləşir. Hələ bir xəcalət çəkmədən palataların hər birinin qarşısında TƏBİB adı qeyd olunub. Burada TƏBİB sözündən başqa, heç bir təbabətdən, dərdə dərman olmaqdan söhbət gedə bilməz. Ona görə 5 nömrəli xəstəxananı on dəqiqə gəzmək kifayətdir ki, mənzərə aydın olsun. Misal üçün ağır xəstələr üçün bir lift var, digər liftlər Brejnevin dövründən qalıb, işləmir. İndi xəstəni yaxını kürəyinə yükləyib götürməlidir, yoxsa hansısa möcüzə baş verməlidir? Palatalara gələk, iyrənc, səliqəsiz, tör-töküntü, natəmizlik, tam bir antisanitariya mühiti. Belə yerdə adam infeksion xəstəlik də tapar, koronavirus da olar, meymunçiçəyi də…
Üstəlik, baxımsızlıq ayrı bir faciədir. Pulun yoxdursa, ağrıdan çarpayıda istədiyin qədər qovrula bilərsən. Amma hər növbədə bir həkim, hər növbədə bir tibb bacısı gəlir, hər dəfəsində əl açıb “axşam sənə mən baxacam” deyib 3-5 manat alırlar. Bundan əlavə, təmiz mələfə üçün də rüşvət verməli olursan, yoxsa maraqlanan olmayacaq. Burada nəfəs almaq da pulludur. Yəni xəstəyə yemək, çay, hər şey pulum varsa verilir. Bəlkə də ölkənin heç bir xəstəxanasında hər gün belə rüsvayçılıq baş vermir. Amma TƏBİB sözünü də elə yazıblar ki…