Yerli sakinlər Naxçıvan Doğum Mərkəzindəki şəraitdən narazıdır. Onların sözlərinə görə, mərkəzdə xəstələrə keyfiyyətsiz yemək verilir, lift, telefon və kondiosener işləmir, digər xidmətlər də aşağı səviyyədədir.
Millitv.az-ın məlumatına görə, Şahbuz rayon sakini G. Qafarova "Gündəlik Naxçıvan"a deyir ki, şəraitsizlik ucbatından müalicəsini yarıda qoyub, xəstəxananı tərk etməli olub:
" Mən mütləq xəstəxanada, həkim nəzarəti altında müalicə almalı idim. Orada yatmaq əzabdır, dözə bilmədim oradakı şəraitsizliyə. Əsas da kondisionerin işləməməsi. Yayda Naxçıvanda istilik müsbət 40-45 dərəcə olur. Kondisioner işləməyəndə nəfəs almaq olmur. Deyilənə görə, 3 ildir ki, işləmir. Həyətə də buraxmırlar ki, xəstələr çıxıb nəfəs alsın. Türmədəki kimidi. Bundan əlavə, yeməkləri çox keyfiyyətsizdir. Bu azmış kimi, evdən gələn yeməkləri buraxmırlar. Müalicəmi mütləq həkim nəzarətində davam etdirməliyəm. Sərhədlər bağlanıb, İrana, Türkiyəyə də gedə bilmirəm ki, orada müalicə i davam edim. Bilmirəm, necə olacaq".
Ordubad rayonundan olan digər şikayətçi S. Vəliyev isə deyir ki, lift işləmədiyindən, həyat yoldaşını yuxarı mərtəbələrə xərəkdə aparmalı olublar:
"Yoldaşımın sancısı tutmuşdu, gücnən xəstəxanaya çatdırdıq. Orada məlum oldu ki, lift işləmir. Bizə bir xərək verdilər ki, əlinizdə qaldırın yuxarı mərtəbələrə. Təsəvvür edin, nələr çəkdik. Doğuşdan sonra da 500 manat rüşvət aldılar. Bu qədər pul yığırlar, bir lifti, kondisionerlər düzəldirmirlər. Yeni doğulan uşaq necə dözsün 45 dərəcə istiyə? O xəstəxanada bir gündən artıq dözmək qəhrəmanlıqdır".
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Doğum Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən şikayətçilərin iddialarını təkzib etdilər.