Axtarış...

Lənkəranda 12 yaşlı qız 2 ildir MƏKTƏBSİZ qalıb – Təhsil Şöbəsinin müdirindən ABSURD CAVAB

Lənkəranda 12 yaşlı qız 2 ildir MƏKTƏBSİZ qalıb – Təhsil Şöbəsinin müdirindən ABSURD CAVAB



Lənkəran rayonu Liman şəhər V.Həsənov adına 2 nömrəli tam orta məktəbin şagirdi 2 ildir təhsildən yayınır.

Bu barədə Bizim.Media-ya məktəblinin nənəsi, Lənkəran rayon sakini Bəsirə Yusifova müraciət edib.

Onun sözlərinə görə nəvəsi Arzum Hüseynzadə anasının rayon təhsil şöbəsinə və məktəb direktoruna müdaxiləsi səbəbindən tədrisdən kənar qalıb:

“Oğlumla gəlinim ayrılıblar. Ana övladlarını bizə qoyub gedəndə böyüyünün 8, kiçiyinin isə 4 yaşı var idi. Bu günə qədər onların yaşayışı ilə maraqlanmayıb. İki nəvəmə mən və oğlum baxırıq. Analarının yanında qalmaq istəmirlər və getmirlər. Boşanmadan öncə nəvəmin biri anasının yüngül həyat keçirdiyini öz gözləri ilə görmüşdü.

O vaxtdan bu günə atalarını seçib, onun yanında qalmalarına razılıq veriblər. Amma məhkəmə uşaqların ifadələrini və istəyini nəzərə almır”.

Bəsirə Yusifova qeyd edib ki, Lənkəran Rayon Məhkəməsinin hakimi Toğrul Məmmədov uşaqların anada qalması haqda qərar çıxardandan sonra üst instansiyalara müraciət ediblər:

“Apellyasiya Məhkəməsinə şikayət etdik və onlar da eyni qərarı qüvvədə saxladılar. Ana həmin qərarı Lənkəran Şəhər Təhsil Şöbəsinin keçmiş müdiri Ülviyyə Əliyevaya və Liman şəhər V.Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoruna təqdim edərək nəvəm Arzum Yusifzadənin təhsil almasına mane olur. Tələb edib ki, uşağın sənədlərini heç kimə verməyin. O vaxtdan qız məktəbə getmir.

Təsəvvür edin, 5 və 6-cı sinfi oxumadı. İndi 7-ci sinfə keçir, amma hələ də məktəbə gedib-getməyəcəyi sual altındadır. Axı qərardan asılı olmayaraq uşaq təhsildən niyə qalsın ki? Onun təhsil almaq hüququ var. 2 ildir ona məktəb ləvazimatları, geyim filan alıram. Amma uşaq dərsə gedə bilmir”.

Nənənin sözlərinə görə son məhkəmə prosesi ötən ayın 30-da Apellyasiya məhkəməsində keçirilib:

“Məhkəmə Lənkəran Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya ananın yaşayış yerinin yoxlanılmasını tapşırıb. Məhkəmə işi dayanıb. Həmin komissiya isə ananın yaşayış yerini yoxlamır. Fevral ayında Lənkəran Şəhər İcra Hakimiyyətindən bizə zəng gəldi ki, uşağı məktəbə yerləşdirin.

Təhsil Şöbəsinin keçmiş müdiri Ülviyyə Əliyevanın qəbulunda oldum. O, uşağı heç bir məktəbə yerləşdirməyəcəyini dedi. Bildirdi ki, ana qətnamə ilə yaxınlaşıb və təkid edir ki, uşaq məktəbə getsə, direktoru məhkəməyə verəcək. Aidiyyəti qurumların hamısına müraciət etmişəm.

Hamısından cavab gəlir ki, uşaq kimin yanındadırsa, o, məktəbə yerləşdirə bilər. Uşaq da atasını seçib və 2 ildən çoxdur ki, yanımızdadır. İllərdir uşaqları ilə maraqlanmayan anaya dövlət necə uşaq etibar edir, anlamıram”.

Şikayətçi bildirib ki, Lənkəran-Astara Regional Təhsil Şöbə müdiri ilə görüşə bilməyib:

“Bir dəfə qəbula getdim. Dedilər işdə yoxdur. Uşağın bu ildən təhsilə bərpa olunmasını istəyirəm. Bu məsələdə mənə yardımçı olsunlar”, - deyə nənə əlavə edib.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Bizim.Media-ya açıqlamasında şikayətçinin yeni tədris ili başlayandan sonra onlara müraciət etməli olduğunu bildirib:

“Nənə bizə senytabrın 15-dən sonra müraciət etsin. Şagirdin davamiyyəti yoxlanılsın və məktəbə bərpası ilə bağlı hər hansı məlumat əldə edə bilərik. Belə bir müraciət edilmədiyi üçün dəqiq bir söz demək çətindir. Həm də bütün pedaqoji heyət məzuniyyətdədir. Müraciətdən sonra hər bir detal araşdırılacaq və lazımi tədbirlər görüləcək”.

Bizim.Media
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz