Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Dəfələrlə yazmışam ki, qəribə bir məmləkətdə yaşayırıq. Yaxşı, mütərəqqi qanunlarımız var, bəzilərini Avropadan, bəzilərini Rusiyadan, ABŞ-dan, ordan-durdan götürürük ki, necə deyərlər, yenidən velosiped kəşf etməyək.
Amma, elə ki, götürdük və bu qanunları milliləşdirdik, hər şeyin zibili çıxır. Elə bil torpağımızdandır, suyumuzdandır, bilmirəm, amma nəyə isə milli donu geyindiririksə, batır. Məsələn, hər hansı perspektivli əcnəbi futbolçunu milliləşdiririksə, bir müddətdən sonra o da başlayır bizimkilər kimi meydanda futbol oynamağa yox, gəzişməyə, vaxt keçirməyə.
Bir neçə il əvvəl “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” adlı layihəni, səhv etmirəmsə, Cənubi Koreya modelindən götürdük, buna elə deyəsən, Cənubi Koreyanın özündən texniki avadanlıq almaq üçün büdcədən ya 25, ya da 250 milyon manat (məbləğ önəmli deyil, əsas nəticə və işə yanaşmadır) ayrıldı. Bir müddət şəhəri yeni, monitorlu dayanacaqlar bürüdü - amma bir müddət. Sonra məlum oldu ki, bu sistem də işləmir və ayrılan pullar haraya getdi, bunu ya heç kim bilmir, ya da bir gün yuxarılardan kimsə qara maskalılar tərəfindən saxlanılanda biləcəyik.
Ticarət, iaşə, istirahət, bir sözlə, bütün sahələrimiz belədir. Əsas məqsəd yumurtadan yun qırxmaqdır və bu yunun kimin – büdcənin və ya əhalinin cibindən çıxacağı bizimkilər üçün önəmli deyil.
Məlumdur ki, isitirahət biznesi də bir çox sahələrdə olduğu kimi, ya nazirlərin, ya onların qohum-əqrəbalarının, icra başçılarının, ya da hansısa deputatların əlindədir. Ölkədə iri istirahət mərkəzlərinin, otellərin kimə məxsusluğu barədə hamının xəbəri var, amma təbii ki, bunu heç kim müəyyən vaxta qədər, yəni qara maskalıların qonaq gəlməsinə qədər heç kim sübut edə bilmir.
Heç bizə belə bir sübut da lazım deyil. Bugünkü söhbətimiz istirahət mərkəzləri barədədir, daha doğrusu, bəzi dəllalların bu prosesdən yun qırxmaq üçün etdiyi əməllərdən.
Yay gələn kimi, ölkədə pulu olan Türkiyə və Gürcüstana, olmayan isə bir-iki günlük də olsa, etdikləri xidmətə tərs mütənasib və qulluq qiymətləri ceyranın belində olan Azərbaycanın bəzi regionlarına istirahətə gedirlər.
Biz də dostlarımızla dedik ki, 1-2 günlük ölkəmizin cənub regionunun ən səfalı yeri hesab etdiyimiz Lerikə baş çəkək. Cənub səfərimiz maraqlı oldu: “Dad House”-da səhər yeməyi yedik, Xanbulan gölü sahilində “nənə-baba çayı” içdik, “Bobogil” türbəsini ziyarət etdik, Günəşli şəlalədə şəkil çəkdirdik və s. Bir sözlə, günümüz günortaya qədər əla keçdi.
Elə ki, məsələ gəldi nahara, başladıq axtarmağa. Azərbaycanın Nabran, Qalaaltı və Şamaxı istirahət bölgələrindən fərqli olaraq, cənub bölgəsində yemək elə də bahalı deyil. Dostlarımızla birgə “Təbəssüm”, “Meşəbəyi”, “Cənub” kimi istirahət mərkəzlərinin ərazisini gəzdik, oradakı restoranların menyusuna, qiymətlərinə baxdıq ki, cibizmizə uyğun seçim imkanımız olsun.
Elə yol boyu baxa-baxa gəldik ölkədə təkcə istirahət qiymətlərinin ceyran belində olması ilə deyil, həm də müxtəlif qalmaqallarla məşhur olan “Relax” istirahət mərkəzinə. Dedik ki, bir buranın da ərazisinə və menyusuna baxaq, sərf edərsə, yeyək və hətta o biri həftə üçün ailəvi bir kotej də sifariş edək.
Dediyim kimi, bizə “Relax”ın adı ilə bağlı yaşanan qalmaqalları maraqlı deyildi. Onsuz da “Relaxı”ın Lerikin deputatı İqbal Məmmədova məxsus olması, hazırda oğlu Mirhəmid Nərimanlının rəhbərlik etdiyini də hamı bilir, 2019-cu ilin avqustunda buraya vergi yoxlamasına gələn Vergilər Nazirliyinin işçilərinin “Relax”ın işçiləri tərəfindən döyüldüyünü də. Vergilər Nazirliyi də müsibətdir e! Noolsun ki, 2019-cu ildə “Relax”da 8 aya cəmi 972 manat vergi ödəmişdilər. Qoyun kişilər yunlarını qırxsınlar da. Nə isə...
Girdik “Relax”ın həyətinə maşınla. Səliqəli dayancaqda saxladıq və əsas binaya tərəf yönələndə qarşımızı mühafizədən olan bir oğlan kəsdi. Dedik, qardaş, sizin cənuba qonaq gəlmişik, bir gəzişək buranı, menyuya baxaq, sərf eləsə, bir çörək də yeyəcəyik. Oğlan “xoş gəldin”dən dərhal sonra dedi ki, hərəyə 5 manat pul ödəməliyik. Dedik ki, sizin restoranda çörək yeməyə gəlmişik, daha 5 manat niyə veririk ki? Biz heç hovuzdan da istifadə etmirik ki, əlavə pul ödəyək, qoy, baxaq, yer və qiymətlər xoşumuz gəlsə, oturacağıq. Mühafizəçi dedi ki, onlarda qayda belədir – adambaşına 5 manat verməsəniz, bir addım da ata bilməzsiniz. Təbii ki, döndük geri...
Söhbət o 4 nəfərə verəcəyimiz 20 manatdan getmirdi. Söhbət prinsipdən gedirdi. Xaricdən, Türkiyədən, Gürcüstandan götürdüyümüz otelçilik biznesini elə milliləşdirmişik ki, indi “Relax”da sadəcə, təbiətə baxmaq, İqbal Məmmədovun və onun qohum-əqrabasının əkmədiyi ağaclar arasında gəzişmək üçün 20 manat verməliyik? Xeyir ola!
Axı, bütün dünyada insanlardan göstərilən xidmətə görə pul alırlar, hava almağa görə yox. Yəni, vergilər bu deputatı o qədər sıxıb ki, havanı da pulla satır əhaliyə?
Bu yandan da gündəlik olaraq, Dövlət Turizm Agentliyi özünü dağıdır ki, həm bizimkilər, həm də xaricilər istirahət üçün öz pullarını Azərbaycanda xərcləsinlər. Xariciləri demirəm, amma nə qədər ki, ölkədə istirahət mərkəzlərində bazar iqtisadiyyatı qanunları deyil, bu mərkəzlərin xozeyinlərinin dünya görüşü və hərisliyi işləyir, Agentliyin zəhməti çətin ki, gözlədikləri bəhrəni versin.
Mən sadəcə sual veririəm: Niyə mən pulumu “Relax”da xərcləməliyəm? Axı niyə?! Hansısa deputat insanların Allahın yaratdığı meşəyə, ağaclara baxmasından, hava almasından yux qırxsın deyə?..
Müəllif: Yoldaş Mircəfər //AYNA//