"Real” TV-nin rəhbəri Mirşahin Ağayev ötən gün telekanaldakı həftəlik-analitik proqramında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Səməd Ziyadzadə, iqtisadiyyat naziri Şahin Mustafayev və maliyyə naziri Samir Şərifovu sərt tənqid edib.
BakuPost-un məlumatına görə, jurnalist qeyd edib ki, həmin proqramda Z. Səmədzadə, yaxud iqtisadiyyat, maliyyə nazirlərindən biri olmalı idi: "Ona görə insanların, aztəminatlı insanların çoxlu sualları var ki, ona Ziyad Səmədzadə kimi peşəkarlar cavab verməlidir. Müsahibə verməyə razılıq verəndən sonra sirli şəkildə qeybə çəkilmək lazım deyildi. Özü də məmur vətəndaşın sualına cavab vermədikdə onu dövlətdən narazı salır”.
Mirşahin hazırda sosial şəbəkələrdə Z. Səmədzadənin tarda ifasının paylaşıldığına və Şahin Mustafayevlə Samir Şərifovun mətbuatdan gizlənmələrinə diqqət çəkib: "Hamı burada hörmətli akademikdən soruşur ki, axı niyə Ziyad müəllim bu gənc yaşında torpağa düşdü?! Amma razılaşaq ki, cənab Ziyad Səmədzadəyə daha uyğun suallar vermək olar və lazımdır. Bu gün çoxlu qeyri-populyar suallar var. O suallara cavab vermək, mütləq cavab vermək lazımdır. Məsələn, vergilər naziri Mikayıl Cabbarov kimi . Nazir verdiyi müsahibələrlə vergi islahatlarının əhəmiyyətini, yeniliklərin riskini, ölkənin gələcək inkişafını sərrast izah etməkdə maraqlı olduğunu göstərib. Bu gün iqtisadiyyat naziri Şahin Mustafayevin, maliyyə naziri Samir Şərifovun, onların rəhbərlik etdiyi qurumların vaxtıdır. Sosial şəbəkələrin qarğa-quzğunları leş axtarmağa başlamamış danışmaq, izah etmək lazımdır. Gəlin başa düşək, hamılıqla dərk edək ki, müsahibə vermək, xüsusilə belə taleyüklü məsələlərdə mətbuatla əməkdaşlıq etmək işin yarısıdır. Siz danışmalısınız. Sənəd qəbul edib, kölgəyə çəkilmək lazım deyil. İllah da ona görə ki, bu gün Azərbaycanda kölgə iqtisadiyyatı ilə müharibə elan olunub. Bəlkə fikirləşəsiniz?! Bəlkə Azərbaycanda kölgəli iqtisadiyyat sizin mətbuata qapalı olmağınızdan yaranan kölgə ilə birbaşa bağlıdır”.