Dünyada qeysəriyyə kəsiyi əməliyyatlarının sayı son 10 ildə 10 dəfə artıb. Azərbaycan da bu baxımdan istisna deyil. 30-35 il bundan əvvələ kimi qeysəriyyə əməliyyatı çox nadir hallarda reallaşırdısa, bu gün artıq körpələrin təbii doguşla dünyaya göz açması az qala nadir hadisəyə çevrilib. Belə ki, hazırda hər 10 körpədən 7-si əməliyyat yolu ilə doğulur. Qeysər kəsiyi əməliyyatın ana və körpəyə ziyanı haqqında çox danışmağa ehtiyac yoxdur. Çünki dəfələrlə bu barədə deyilib, yazılıb. Məsələn, təcrübəli həkimlərin sözlərinə görə, qeysəriyyə əməliyyatı anesteziya, infeksiya və qanaxma ilə bağlı ciddi problemlərin yaranması riskini artırır. Əməliyyatdan bir həftə keçməsinə baxmayaraq, ağrılar davam edir və anaya yeni doğulmuş, həmçinin digər uşaqlara qulluq etmədə çətinliklər yaradır. Təbii yolla doğuşla müqayisədə daha çox antibiotikə, ağrıkəsiciyə və qan köçürməyə ehtiyac yaranır. Adi gündəlik həyat rejiminə və iş həyatına qayıtmaq daha çox vaxt alır. Bunlardan əlavə, bu üsulda təbii yolla doğuşla müqayisədə maddi baxımdan xərclər daha çox olur. Qeysəriyyə kəsiyi ilə dünyaya gəlmiş uşaqlarda, daha çox tənəffüs və hərarətin tənzimlənməsi ilə bağlı problemlər meydana çıxır.
Bəs niyə bütün ziyan və təhlükə risqlərinə rəğmən, körpələrin əməliyyat yolu ilə dünyaya gəlməsi halları getdikcə artır? Buna səbəb nədir - həkimlərin çox qazanmaq ehtirası, səriştəsizlik və təcrübənin olmaması, yoxsa ətraf mühitdə baş verən dəyişiklər?Uzun illər M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında şöbə müdiri kimi fəaliyyət göstərmiş tanınmış cərrah, hələ SSRİ zamanından son illərə qədər çətin keçən doğuş və digər cərrahiyyə əməliyyatlarını etmək üçün helikopterlə bölgələrə, ucqar kəndlərə göndərilən, həkimlərin atestasiyası zamanı tələb onunan 90 balı toplamasına baxmayaraq, yaş senzinə görə işindən uşaqlaşdırılan təcrübəli həkim-cərrah Zilxumar Abbasova bu suallarımızı cavablandırarkən qeyd edilən, o cümlədən digər amillərin də sözügedən problemin yaranmasına bu və digər şəkildə təsir göstərdiyini bidirdi:
-Həkimlərin savadsızlığı, təcrübəsizliyi, daha çox pul qazanmaq istəyindən tutmuş, ətraf mühit, qeyri-sağlam həyat tərzi və s. nəticəsində təbii doğuş getdikcə azalır. Amma indiki gənc anaları 30-25 il əvvəlki qadınlarlarla müqayisə etmək düzgün deyil. O dövrdə qadınlar daha sağlam idi. Gün ərzində daha çox fiziki işlər görür və sağlam qidalanırdılar. Amma hazırda çox nadir hallarda güclü orqanizmə malik qadınlara rast gəlmək olur. Bu gün gənclərin orqanizminin, immunitetinin zəifləməsində, qidadan tutmuş geyimə və ətraf mühitin zəhərlənməsinə qədər bir çox amillər rol oynayır.
Elə qidalanmanı və həyat tərzini götürək. İndi gənclər daha çox fəst-fud yeməklərə üstünlük verir, dar geyimlər geyinir, daha az hərəkət edirlər. Bütün gün telefon əllərindən yerə düşmür, komputer arxasnda saatlarla oturaraq özlərini orqanizm üçün zərərli şüalanmaya məruz qoyurlar. Hamilə qadınlar daha çox açıq havada olmalı, bacardıqca çox hərəkət etməli, fiziki işlərlə məşqul olmalıdırlar. Amma bütün günü evdən çölə çıxmırlar. Ya seriallara tamaşa edir ya da telefonda oyun oynayırlar.
-Ətraf mühitin təsiri nə dərəcədədir?-Təbii ki, böyükdür. İndi çölə çıxıb təmiz hava almaq da mümkün deyil artıq. Siz bircə paytaxtın havasına fikir verin. Bakı dünyada ən çirkli havası olan şəhərlər arasında ön yerlərdən birini tutur. Paytaxtın bitki örtüyü məhv edilir, yerinə göydələnlər ucaldılır. Ekoloji baxımdan daha təmiz olan tramvay və troleybuslar götürüldü, yerini havaya zəhər püskürən avtobuslar tutdu. Son 30 ildə paytaxt küçələrində hərəkət eden avtomobillərin sayı rekord həddə çatıb. Mən hələ regionları demirəm. Ölkənin meşələrinə divan tutulur, flora və faunası məhv edilir. İnsan hərisliyi o həddə çatıb ki, ölmüş heyvanların cəmdəyini , o cümlədən at, it, eşşəkləri də kəsib ətini əhaliyə satırlar. Son illər dərman bazarında müşahidə olunan xaos da bu problemə öz töhfəsini verməkdədir. Məınşəyi, hardan gətirildiyi bilinməyən köhnə, yararsız dərmanlar da müxtəlif orqanların sıradan çıxmasına gətirib çıxarır. Bütün bunlar ümumilikdə insanların orqanizminə öldürücü təsir göstərir. Gənc qadınlar təbii yolla dünyaya uşaq gətirmək qabiliyyətini itirirlər. Son illər ana və uşaq ölümlərinin sayının armasında bütün bu amillər ciddi rola malikdir. Buna görə də bəzən uşaqda, bəzən isə anada yaranan problemlər qeysəriyyə əməliyyatnı qaçılmaz edir. Bu halda təbii doğuşun olmasını israr edən valideynlər uşaq və ya ananın ölümünə səbəb olurlar. Onların əsas arqumenti "bizim zamanımızda körpələr təbii yolla dünyaya gəlirdilər"olur. Amma dərk etmirlər ki, artıq onların zamanı deyil və indiki mühit və şərait öz sözünü diqtə edir.