Pandemiya ilə əlaqədar Azərbaycanda bir çox sahələrdə, eyni zamanda özəl xəstəxanaların doğum evlərində də qiymət artımı müşahidə olunur. Belə olan halda sual ortaya çıxır: axı doğum evləri digər fəaliyyət sahələrindən fərqli olaraq heç zaman fəaliyyətini dayandırmayıb və bu təxirəsalınmaz proses olduğu halda qiymət artımına nə səbəb olub?
Öncə qiymətlər haqda.
Sputnik Azərbaycan bir neçə özəl xəstəxanada doğum və qeysəriyyə qiymətlərini öyrənməyə çalışıb. Bakıda bu gün özəl xəstəxanalarda doğum və qeysəriyyyə qiyməti sadə paketlə 1200-1600 manat arasında dəyişilir. Belə ki, öncəki illərdə doğum üçün qiymət 800-900 manat, qeysəriyyə üçün qiymət isə 1100-1300 manat arasında idisə, hazırda bu rəqəm artıb. Xəstəxanalardan isə bildirilir ki, qiymətin artma səbəblərindən məlumatsızdırlar.
Özünü və övladını özəl xəstəxanalara etibar edən analar isə yaranmış durumdan narahatdırlar. Təbii doğuş və qeysəriyyə əməliyyatından çıxan zahıların xəstəxanada qalma müddəti azaldılsa da, yəni onlara çəkilən xərclər azalsa da, qiymət əksinə olaraq artıb. Belə ki, öncələr təbii doğuşdan çıxan qadın 2 gecə + yarım gününü xəstəxanada keçirirdirsə, indi bir gecə qalmağına icazə var. Öncələr qeysəriyyə əməliyyatından çıxan zahı 3 gecə + yarım gün xəstəxanada keçirirdisə, indi 2 gecədən sonra xəstəxananı tərk etmək məcburiyyətində qalır. Bundan başqa, depozit məsələsinin də meydana çıxması əlavə stressə səbəb olur. Üstəlik, pandemiya şəraiti olmasına baxmayaraq bu qiymətlər iki nəfərlik otaq üçün hesablanıb. Vaxtilə Azərbaycanda restoranlarda depozit məsələsi ənənəyə çevriləndə mat qalmışdıq, bu gün bənzər ənənəni özəl xəstəxanalarda da görmək mümkündür. Əgər hamiləlik müddəti 37 həftə və ondan aşağıdırsa, bu zaman təcili olaraq xəstəxanaya yerləşdirilmək məcburiyyətində qalan hamilə üçün ödənişdən əlavə, depozit də verilməlidir.
"Bu nə üçündür?" sualına cavab olaraq klinikalardan bildirilir ki, bəzən erkən doğuş olduqda körpənin küvezə ehiyacı olur, yaxud da anaya əlavə xərclər çıxılır. Bu zaman həmin xərclər depozit olaraq yerləşdirilən vəsaitdən çıxılır, yox, əgər bu cür əlavə xərclər çıxmazsa, vəsait tam şəkildə geri qaytarılır. Beləcə, özəl xəstəxanalarda doğum, yaxud da qeysəriyyə planlayanlar bir, yaxud da iki gün üçün ən azı ciblərində 2200-2600 manatla xəstəxanaya üz tutmalıdırlar.
Vəziyyəti müqayisəli təhlil etmək üçün dövlət xəstəxanaları ilə də əlaqə saxladıq. Dövlət xəstəxanalarının bəzilərinin əsas "qaynar xət"lərindən dövlət müəssisəsi olduğu əsas gətirilərək burada xidmətin ödənişsiz olduğu, bəziləri isə bunun üçün həkimlə görüşməyin vacib olduğunu bildirdi. Ümumi olaraq onların ifadə etdiyi fikirlər isə belə oldu: Dövlət xəstəxanasıyıq, bizdə kassa sistemi yoxdur. Bu səbəbdən həkimlə danışmalısınız. Biz bu haqda məlumatsızıq.
Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm qiymətlərin yüksəlməsinin səbəbini özəl xəstəxanaların da xərclərinin artması ilə əlaqələndirir: "Özəl xəstəxanaların xərcləri artıb, cihazların qiyməti qalxıb ki, doğum və qeysəriyyə qiymətləri də yüksəlib. Bundan başqa, tibbi ləvazimatların da qiyməti qalxıb, gəlişi çətinləşib. Düşünürəm ki, özəl sektor üçün doğuş və qeysəriyyə qiymətləri normaldır".
Tibb üzrə ekspert Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, özəl xəstəxanaların qoyduğu qiymətlərə müdaxilə etmək mümkünsüzdür: "Bu həkimlər Xoşqədəmin, Zaurun verilişinə çıxaraq özlərini reklam edir və nəticədə də qiymətlər bir yerdə fokuslanır. Bütün bunlar olmasın deyə azad rəqabət sistemi qurulmalıdır".
Depozit məsələsinə toxunan ekspert deyir ki, bu, əlavə pul deyil, yəni ödənilən vəsaitdən əlavə xərc olduqda həmin vəsait depozitdən çıxarılır:
"Özəl klinikalarda depozit ona görə tələb olunur ki, sonra xəstə çıxanda deyir ki, pulum yoxdur. Buna görə siz özəl sektoru qınamayın. Onlara yardım yoxdur, dərmanları öz pulları ilə alırlar, nə qədər vergi ödəyirlər. Özəl klinikalarda o qədər də rahat həyat yaşamırlar, bu baxımdan. Ümumiləşdirərək deyim ki, bazarda qiyməti azad rəqabət mühiti müəyyənləşdirməlidir. Bu sektora müdaxilə düzgün deyil".
Qeyd edək ki, özəl xəstəxanalarda xidmətdən asılı olaraq qiymətlərin daha da yüksəldiyinin şahidi ola bilərik. Bu xəstəxanalarda 4 tip zahılıq otağı təklif olunur. Belə ki, təbii doğuş qiyməti (VİP paket daxil olaraq) 1300 AZN təşkil edir, Qeysəriyyə əməliyyatı yolu ilə doğuşun qiyməti (VİP paket daxil olmaqla) 1500 AZN təşkil edir. Ödənilən qiymətə isə körpələrə ilk peyvəndlər və 15 gün ərzində həkim müayinəsi, 20% endirimlə doğuşdan sonra körpənin sünnət olunması daxildir. Bu xəstəxanalarda paketdən xaric yatış günü 100 AZN, xəstə yanında gündəlik qalmaq xərci də 100 AZN əlavə ödənişdir.
Tək nəfərlik olan lüks otaqlarda VIP paket qiymətindən əlavə gündəlik 200 AZN ödəniş, paketdən xaric əlavə yatış günü üçün 300 AZN, istəyə bağlı özəl tibb bacısı xidməti üçün 100 AZN tələb olunur. Bütün bu qiymətlərə bir gecəlik xəstə yanında qalmaq da daxildir.
Tək nəfər üçün nəzərdə tutulan ultralüks adlandırılan otaqlarda isə VIP paket qiymətindən əlavə gündəlik 300 AZN, paketdən xaric əlavə yatış günü 400 AZN, istəyə bağlı özəl tibb bacısı xidməti üçün gündəlik 100 AZN ödənilir. Paketin üstünlükləri isə xəstənin yanında sərbəst qalmaq imkanı və əgər istəyərsə, həyat yoldaşının da doğumda iştirak etmək imkanıdır.
Daha bahalı olan "suit" adlanan tək xəstəlik otaqlar üçün paket qiyməti 5000 AZN-dır. Bu otaqlarda paketdən xaric əlavə yatış günü 500 AZN ödənilir və bununla yanaşı, standart olaraq özəl tibb bacısı xidməti (həm uşaq tibb bacısı, həm akuşer) verilir; Bu qədər vəsaiti ödədikdən sonra xəstənin həyat yoldaşı istərsə, doğumda pulsuz iştirak edə bilər. Qiymətə həmçinin standart fotoalbom da daxildir.
Göründüyü kimi, gündə sadəcə bir neçə dəfə xəstəyə baxmaq üçün təkcə xüsusi ayrılmış tibb bacısına görə ödənilən vəsait 100-500 AZN arası dəyişir...