İyulun 9-10-da qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışı yerləri açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu barədə məlumat yayıb.
Agentlikdən bildirilib ki, Qurban bayramı günlərində ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil ediləcək.
Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə əlavə məlumatlar veriləcək.
Vətəndaşlar həmin ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları //afsa.gov.az/uploads/satish_2022.pdf linkə daxil olmaqla əldə edə bilərlər.
Qurban bayramı günlərində respublika üzrə 134 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 61-də həm kəsim, həm satış, 54-də qurbanlıq heyvanların satışı, 19-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Bəs hazırda bazarda qurbanlıq heyvanların qiymətləri nə yerdədir?
Bizim.Media xəbər verir ki, bir neçə il öncə əvvəl İqtisadiyyat Nazirliyinin, sonralar isə Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi qurbanlıqlar artıq olmayacaq. O zaman 90-95 manata satılan quzuların gətirilməsi dayandırılıb.
İndi sırf bazar siyasətinə uyğun olaraq, diri çəkidə qoyunun 1 kiloqramının qiyməti 6.90-7.50 manat arasında dəyişir. Təqribən 30 kiloqram gələn qoyunun minimum 15 kilo təmiz ətinin olduğu bildirilir. Belə olan halda, 30 kiloqramlıq bir qoyunun qiyməti təqribən 207-225 manat arasında, bir kiloqram ətin qiyməti isə təqribən 14-15 manat arasında dəyişir. Qoyunu diri çəkidə almaq istəməyənlər isə kəsdirib təmiz ətinin pulunu ödəyə bilərlər.
Belə olan halda da ətin bir kiloqramının qiyməti 14-15 manata təklif edilir.