Axtarış...

Xəbərçinin ibrətamiz sonu -hekayə

Xəbərçinin ibrətamiz sonu -hekayə

Nailəni sübh tezdən həyətdə səs-səsə verən quşların səsi oyatdı. Şəfəq sökülür, hava yavaş-yavaş işıqlanırdı. Çox əzgin idi, yataqdan könülsüz qalxıb mətbəxə keçdi. Uşaqlar üçün səhər yeməyi hazırladı. Onların çantalarına məktəbdə nahar etmələri üçün hazırladığı bağlamaları qoydu və işə gecikməmək üçün tələsik geyinib evdən çıxdı. Yaz gunəşi üfüqdən yenicə boylanırdı. Gözəl hava, qusların nəğməsi əhvalını yüksəltdi. Avtobusa minib arxa hissəyə keçdi və boş yer tapıb oturdu. Birdən bir həftə öncə işdə baş verən qanqaraldıcı hadisə yadına düşdü və əhvalı pozuldu. Çox irəli getdiyini, iş yoldaşını hamının yanında ağır təhqir etdiyini düşünüb bu gün ondan üzr istəyəcəyini qərara aldı. Amma qəlbi ona haqlı olduğunu deyirdi.

Hacıağa onların şirkətinə iki ay olardı ki, gəlmişdi. Nədənsə bu ortaboy, 40-45 yaşlarında yekəqarın kisi ilk gündən Nailədə xoşagəlməz təəssürat yaratdı. Şorgöz idi və evli-subay bilmədən bütün qadınlara şit təriflər yağdırırdı. Otaq yoldaşı, balaca qardaşı kimi xətrini çox istədiyi Kamilə demişdi ki, Nailədən çox xoşu gəlir və aralarını düzəltməyi xahiş etmişdi. Kamil onun dərsini yaxşıca vermişdi. Lakin ona bu barədə hec nə deməmişdi. Gözlənilmədən Kamil ilə Oktay müəllim arasında narazılıq başladı və o qədər böyüdü ki, oğlanın ərizə verib işdən getməkdən başqa yolu qalmadı. Onun getməsinə hamı təəssüfləndi. Lakin bu səmimi və dürüst gəncin "torbasını" kimin tikdiyi bilinmədi. Heç kim basa düşmürdü ki, illər sonra kollektiv arasında bu söz-söhbət hardan başladı? Əməkdaşlar nə qədər çalışsalar da aralarındakı söhbəti müdiriyyətə çatdıranın kim olduğunu öyrənə bilmirdilər. Kişilər bu işdə qadınları gunahlandırırdılar. "Qadının hulqumu yoxdur" deyib onların yanında demək olar ki, heç bir söz danışmırdılar. Lakin ən xırda söyləntilər, hətta şəxsi söhbətlərin məzmunu belə yenə də müdirin qulağına gedib çatırdı. Çünki gündəlik səhər toplantılarında Oktay müəllimin atmacalarından hamı payını götürürdü. Xəbər aparıb-gətirməkdən, çuğulluqdan uşaqlıqdan zəhləsi gedən Nailə həmin adamın kim olması barədə çox düşünür, amma ağlına heç kim gəlmirdi. Artıq işçilər arasında əvvəlki səmimi münasibətdən əsər -əlamət qalmamışdı. Hamı bir-birindən şübhələnir, nahar fasiləsində daha əvvəlki kimi bir yerdə çörək kəsmirdilər. Hərə iş masasınının üstündə evdən gətirdiyi yemək bağlamasını acıb sakitcə nahar edirdi. Subay əməkdaşlar isə aşağıdakı bufetdə yemək yeyirdilər. Lakin günlərin bir günü bu sirr açıldı və hamı "donosçu"nun kim olduğunu öyrəndi.

Şirkətin müsahibi bir gün otağa gəlib təhvil verilmiş layihədə ciddi səhv olduğunu və müdiriyyət xəbər tutarsa heç kimə aylıq mükafat yazilmayacağını dedi. Hamı bu xəbərdən dilxor oldu və Göyçəyi sorğu-suala tutdular. Qadın cavab verməyə fürsət tapmadı. Çünki Oktay müəllimin əsəbi çığırtısı kabinetinin divarlarını aşıb bütün şirkətə yayıldı. Müdirin katibəsi daxili telefonla zəng edib bütün işçiləri onun otağına çağırdı. Oktay müəllim sakitləşmək bilmir, qışqıraraq hamını qovmaqla hədələyirdi. Lakin müavini məsələni tez bir zamanda araşdırıb heç bir səhv olmadığını öyrəndi. Müdir susub yerinə əyləşdi və qəzəbli nəzərlərini Hacıağaya zillədi. Ona baxıb "utanmırsan, mənə yalan xəbər çatdırırsan" dedi. Sarısını udmuş çuğulçu "Göyçək xanım elə dedi" deyib dodağının altında mızıldandı. Müsahib xanım isə sual gözləmədən, əməkdaşlarla "1 Aprel " zarafatı etdiyini söylədi. Oktay müəllim biğaltı gülümsünüb "gedin, işinizlə məşğul olun" dedi.

Nailəyə qəribə gələn otaq yoldaşlarının Hacıağaya heç bir söz deməməsi idi. Sanki ondan çəkinirdilər. Artıq özünü saxlaya bilmədi. Aylardır içində saxladığı sözləri Hacıağanın üzünə söylədi: "Hec utanmırsan, adını kisi qoymusan, cörək kəsdiyin adamlardan çuğulluq edirsən? Öl, yerə gir, indi bu adamların üzünə necə baxacaqsan?"

Hamı sakit təbiətli Nailənin belə "coşmasına" təəccübləndi. Sanki heç bir qəbahət etməmiş kimi Hacıağa ötkəm səslə "ağzının danışığını bil, sənin başına bir oyun açaram ki, adın yadından çıxar" dedi. Nailə bu sözlərdən sonra bütün təmkinini itirdi və onu yaş yuyub quru sərdi. Kişilər Hacıağanı cəkib otaqdan apardılar. Qadınlar isə Nailəni sakitləşdirməyə tələsdilər. Hacıağanın kinli adam olduğunu, ondan mütləq qisas alacağını deyən qadınlara "əlindən gələni ardına qoymasın, ondan qorxan onun kimi olsun" söylədi.

Bu hadisədən bir həftə keçdi. Bazar günü Nailə evdə təmizlik işləri apardığı üçün cox yorulmuş və yatıb qalmışdı. Tələsik geyinib özünü güclə işə çatdırmışdı. İçəri girəndə salam verib yerinə oturdu. Hamı otaqda idi və içərində qəribə bir səssizlik hökm sürürdü. Başını qaldıranda hiss elədi ki, hamı ona çaşqın nəzərlərlə baxır. Nə olduğunu söruşmaq isəyirdi ki, müdirin gülərüz katibəsi Sədaqət içəri girib müavinin onu yanına çağırdığını dedi. Onun da üzündə təbəssüm yoxa çıxmış və narahat baxışlarla Nailəni süzürdü. İsrafil müəllim içəri girən Nailəni salamsız -kalamsız danlamağa başladı. Etdiyi hərəkətinin qadına yaraşmadığnı , bu əmələ görə işdən qovulacağını bildirdi və bir rəsm vərəqini onun qarşısına qoydu. Vərəqdə böyük çap hərfləri ilə rus dilində "Suka" sozü yazılmışdı. Müavin Nailəyə bildirdi ki, bu vərəqi cümə günü işdən sonra Nailə yazıb Hacıağanın masasının altına atıb. Qadının bu hərəkətinin şəxsiyyəti alcaltmaq olduğunu və buna görə cavab verməli olacağını əlavə etdi. Bu böhtan Nailəni elə sarsıtdı ki, yerində səndələdi, az qaldı ki, yıxılsın. Bu yazıdan xəbərsiz olduğunu zorla deyən Nailə özündə güc tapıb kabinetdən cıxdı. Otağa qayıdanda gördü ki, Hacıağa ortada dayanıb ağzı köpüklənə-köpüklənə Nailəni asıb-kəsir, məhkəməyə verəcəyini, bu işi belə qoymayacağını deyir. Nailəni görəndə sözünü kəsdi və hirslə qapını çırpıb dəhlizə çıxdı. Nailə hiss edirdi ki, hamı bu təhqiramız sözü onun yazdığına əmindir. Buna görə də, heç kimi inandırmağa çalışmadı və ərizəsini yazıb müdirin otağına apardı. Ərizəni Sədəqətə verdi və yenidən otağa qayıtdı. Plaşını geyinib sumkasını götürdü və sağollaşıb çıxdı. Pilləkənləri enəndə Oktay müəllimlə rastlaşdı, müdir onun iş vaxtı hara tələsdiyini sorusdu. O, bir həftə idi ki, xarici ölkədə ezamiyyətdə idi və olanlardan xəbərsizdi. Nailə onsuz da dolmuş, özünü ağlamaqdan güclə saxlayırdı. Oktay müəllimin verdiyi sual sanki iki çeşmənin yolunu açdı. Göz yaşları yanaqlarından üzüaşağı süzüldü. Oktay müəllim hec nə demədən onu öz kabinetinə apardı və Nailəyə oturmaq təklif edib niyə görə ağladığnı sorusdu. Lakin göz yaşlarında boğulan Nailə cavab verəcək halda deyildi. İsrafil müəllim bu zaman qapını döyub içəri girdi və Nailəni burda oturan görüncə elə guman etdi ki, ondan sikayətə gəlib. Qadını yenidən ittiham etməyə başladı. Oktay müəllim onun dediklərini diqqətlə dinlədi və işçiləri otaqına çağırmağı tapşırdı. Əməkdaşlardan da məsələni bir daha soruşdu. Onlar açıq deməsələr də, həmin yazını Nailənın yazdığını düşünürdülər. Lakin Oktay müəllim hec kimin gözləmədiyi halda bildirdi ki, Nailə xanıma özündən çox inanır, onun səviyyəsinə, tərbiyəsinə bələd olduğu üçün bu sözü yazmadığına əmindir. Lakin hər ehtimala qarşı yazını ekspertizaya göndərəcəyini və yazı müəllifini taparaq ciddi cəzalandıracağnı da əlavə etdi.
P.S
Bir həftədən sonra ekspertizanın cavabı gəldi və məlum oldu ki, həmin sözü Hacıağa özü yazıb.


Millitv.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz