Axtarış...

Ramiz Mehdiyevə məxsus nəşriyyatın fəaliyyəti ifşa edildi - MİLYONLUQ MAXİNASİYALAR

Ramiz Mehdiyevə məxsus nəşriyyatın fəaliyyəti ifşa edildi - MİLYONLUQ MAXİNASİYALAR


Söhbət “Şərq-Qərb” adlı nəşriyyatdan gedir.

Millitv.az xəbər verir ki, KONKRET.az redaksiyasına bu nəşriyyatla bağlı ünvanlanan müraciətlərin izi ilə araşdırma aparıb. Məlum olub ki, sözügedən nəşriyyat tərəfindən çap olunan məhsulların əksəriyyəti keyfiyyətsiz kağızlardan buraxılır. Və bu, haqlı olaraq oxucuların narazılığına səbəb olur. Oxucular bu tip məhsulların sağlamlığa ciddi zərər vurduğunu bildirir, mətbəənin çoxlu maddi qazanc əldə etməsi üçün belə bir addım atdığını sərt şəkildə qınayırlar.

Oxucuların bildirdiyinə görə, dəfələrlə nəşriyyata ünvanladıqları müraciətlərə baxmayaraq, məsələ hələ də öz həllini tapmayıb.

Nəşriyyatın fəaliyyəti ilə bağlı əldə etdiyimiz digər məlumatlar isə sözün əsl mənasında hiddət doğurur. Belə ki, son illər nəşriyyat qanunsuz kitab çapı və satışı ilə məşğuldur. Konkret desək, “Şərq-Qərb” mətbəəsində ingilis nəşriyyatına aid kitablar qanunsuz şəkildə çap olunur. Və bu nəşrlər həm “Sədərək” ticarət mərkəzində, həm də metronun “28 May” stansiyasının qarşısındakı yeraltı keçiddə satışa çıxarılıb.

Təbii ki, qanunsuz nəşrlərin qanunsuz satışını həyata keçirən nəşriyyatın bu cür fəaliyyətinin hansı məqsədlərə yönəldiyini müəyyən etmək elə də çətin deyil.

Araşdırma qrupumuzun əldə etdiyi digər məlumat isə odur ki, “Şərq-Qərb” nəşrlər evi ingilisdilli nəşrlərin çapı zamanı vergi ödəməkdən də yayınır.

Xatırladaq ki, “Şərq-Qərb” nəşriyyatı birbaşa Ramiz Mehdiyevin biznes imperiyasına aiddir və daha əvvəllər də bu qurumun adı müxətlif maxinasiyalarda hallanıb.

Mətbuatda dəfələrlə yazılıb ki, həmin nəşriyyat Ramiz Mehdiyevin himayəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə əlbir olaraq müxtəlif çeşidli elmi-maarifləndirici kitabların nəşri adı ilə dövlət büdcəsindən milyonlar mənimsəyib. Hətta bu günə qədər bəzi sifarişlərin pulu ödənilsə də, nəşrlərin Akademiyaya verilmədiyi barədə məlumatlar var. Hesablama Palatasının 2020-ci ilin rəsmi hesabatlarında da bu məsələ xüsusi qabardılıb.

Belə ki, Palatanın 2018-2019-cu illər üzrə “AMEA-nın İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında” 25 fevral 2020-ci il tarixli Q-24 saylı sərt qərarı mövcuddur.

Həmin qərarda göstərilir ki, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən “Şərq-Qərb” ASC-yə ayrı-ayrı vaxtlarda ümumilikdə ödənişlər edilib, lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 mln. (10 milyon dörd yüz min) manat məbləğində debütor borcun bağlanılması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı hüquqpozmalarda cinayət tərkibinin əlamətləri aşkar edilib.

Ümid edirik ki, “Şərq-Qərb” nəşrlər evinin həyata keçirdiyi qanunsuzlarla bağlı dövlət qurumları hərəkətə keçəcək və bütün qanunsuzluqların qarşısı yerindəcə alınacaq.

KONKRET.az-ın ARAŞDIRMA QRUPU
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz