Ramiz Pirverdiyevin rəhbərlik etdiyi Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında yaşanan acınacaqlı durum nəinki rayon sakinlərinə, bütün ölkəyə məlumdur. Aktualxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə Gədəbəy MRX-da yaşananlar bəlkə də ölkəmizin qərb zonasında fəaliyyət göstərən səhiyyə ocaqlarından heç birində yaşanmır. Çünki, adı çəkilən səhiyyə ocağında hər bir müayinə və müalicənin konkret haqqı müəyyən olunubdur. Xəstəxana bir neçə il bundan əvvəl əsaslı təmir olunsa da, avadanlıqlar dəyişdirilsə də, dəyişdirilməyən yalnız baş həkimin “daxili qaydaları”dır. həmin “qaydalarda” görüləcək hər işin konkret dəyəri müəyyən olunubdur. Yəni, hansısa şöbə müdiri və yaxud həkim, hansısa tibb bacısı və yaxud da texniki işçi müəyyən olunmuş “sərhəddi” heç cür poza bilməz. O halda həmin şəxsin baş həkim tərəfindən cəzalandırılması qaçılmaz olur.
Gədəbəyin səhiyyə ocaqlarında xəstələrə verilməli olan ərzaq məhsulları, geyim formaları, müxtəlif dərman və preparatlar, lazımi avadanlıqlar verilmədiyindən və bir çox təminolunmalar ödənilmədiyindən çoxsaylı xəstələrin haqlı narazılığına da səbəb olmaqdadır. İmtiyazlı xəstələrə verilən dərman preparatlarının “qeybə çəkilməsi”, daha dəqiq desək, rayonun mərkəzi ərazilərindəki apteklərdə satdırılması (məsələn Elşənin aptekində) və s. Ramiz Pirverdiyevin idarəçiliyinə lazımi qiyməti verməyə imkan verir.
Rayonun 5 kənd xəstəxanasında, 19 həkim məntəqəsində, 25 kənd tibb məntəqəsində və 1 GEM-də yaşanan durum da, olduqca acınacaqlı vəziyyətdədir. İstər qeyd olunan səhiyyə müəssisələrində çalışan həkimlərdən və tibb bacılarından bəzilərinin, istərsə də digər zəruri təmin olunmaların göstəricisi də yetərincə deyil. Daha acınacaqlı sahələrdən biri də, təcili tibbi-yardım sahəsidir. Bu sahənin yarıtmaz fəaliyyəti haqda məlumatları bizə çatdlıran şəxslərin iddialarına görə, təcili tibbi-yardım maşınlarına verilən aylıq yanacaq, ayrı-ayrı detallar, sürtkü yağları və s. hər ay baş həkimin “xeyr-duası” ilə “itbat” olunur. Belə olan halda da, təcili tibbi-yardım maşınları ilə bağlı çoxsaylı problemlər də yaşanır. Kənd tibb məntəqələrinin çox zaman bağlı olması isə ilkin tibbi yardıma ehtiyacı olan şəxslərin həyatı bahasına da başa gəlir.
Bütün bunlar baş həkimin gözü qarşısında baş versə də, birbaşa onun diqtəsi ilə həyata keçirilsə də, bu gün də Ramiz Pirverdiyev ictimai qınaqdan ehtiyat etmir və gündəlik Gədəbəy səhiyyəsini uçurumun astanasına sürükləməkdə davam edir. Mərkəzi xəstəxananın bir növ inhisarda saxlanması da, daha çox müzakirə olunan mövzulardandır. Məsələn, məlumatlı mənbənin söylədiklərinə görə, hal-hazırda ixtisasca kordioloq olan Əlviz həkimin övladları Səbuhi və Firdovsi adlı şəxslər ali təhsilə sahib olmasalar da, bu gün hər ikisi adı çəkilən xəstəxanada həkimlik fəaliyyəti ilə məşğul olmaqdadırlar. Baxmayaraq ki, hər iki şəxs fəaliyyəti dayandırılmış ABU-nun məzunları olsalar da, tam ali təhsilə sahib ola bilməmişlər. ABU-dan aldıqları arayış əsasında, bu gün Səbuhi adlı şəxs şəkər şöbəsində, Firdovsi adlı şəxs isə cərrahiyyə şöbəsində həkimlik fəaliyyəti ilə məşğul olmaqdadırlar. Səbuhi Ləman adlı köməkçisi vasitəsilə imtiyazı olan şəkərli xəstələrin dərmanlarını apteklərdə satdırır, Firdovsi isə əvəllər TSEK-lərdə sədr olarkən etdiyi maxinasiyaları ilə məşhur olan poliklinikanın baş həkimi Əmirxan Aslanovla birləşərək yüz cürə maxinasiyalar edirlər. Bütün bunlara isə şərait yaradan Ramiz Pirverdiyevdir ki, onun da maraqları təmin olunur deyə bu vəziyyətə şərait yaradır.
Redaksiyamıza baş həkim Ramiz Pirverdiyevin və səhiyyədəki digər məsul şəxslərin yaxın adamlarını adına olan çoxlu maaş kartlarının siyahısı daxil olmuşdur. “Ölü canlar” olan bu şəxslərin 20 ildir ki, adına yazılmış maaşı mənimsəyən baş həkimin bu qədər var-dövlətə və obyektlərə necə sahib olduğu hamıya məlumdur. Bəzi dəqiqləşdirmələr apardıqdan sonra həmin siyahını dərc edəcəyik. Yəqin ki, növbəti məqaləmiz hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edəcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.