Axtarış...

Gəncədə QIZIL AYPARA adı altında DƏLƏDUZLUQ... - NƏ BAŞ VERİR?

Gəncədə QIZIL AYPARA adı altında DƏLƏDUZLUQ... - NƏ BAŞ VERİR?


Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Gəncə şəhər bölməsinin rəisi İsmayıl Əsədov özü və təmsil olunduğu humanitar təşkilat haqqında susqunluğa üstünlük verir. Cənab Əsədov bir müddətdir ki, mətbuat səhifələrində yayımlanmaqda olan məlum ittihamlara aydınlıq gətirməkdən yayınır. Uzun illərdir ki, “Qızıl Aypara” Cəmiyyətinin hesabına yaşayan, karlı pullar qazanan bir şəxsin susqunluğu sadəcə təəssüf doğurur. Eləcə də ianələrlə fəaliyyət göstərən cəmiyyətə münasibətdə "suçu ilə razılaşmaq" kimi rəy yaradır.

Demokratik.Az xatırladır ki, "Qızıl Aypara" cəmiyyətinin Gəncə bölməsinin rəhbəri Şəhər Təhsil İdarəsinin və regionun rayonlarının təhsil müdirlərinin rəhbər şəxsləri ilə əlbir olaraq ianə-maliyyə pozuntusu etmələri iddiası irəli sürülüb. Mətbuat səhifələri yazır ki, /mənbə - hürriyyət.az/ Gəncə Şəhər Təhsil İdarəsinə məxsus məktəblərdən, məzuniyyət vaxtı müəllimlərdən 2 manat, bəzi hallarda 2 % faiz pul tutulmaları haqqında əsaslı şübhələr mövcuddur. Və baş verənlərdən yararlanan İsmayıl Əsədovdur.

Məktəblərdən müəllimlərin ərizəsi olmadan, düzgün rəsmləşmə edilmədən onların əməkhaqqından "Qızıl Aypara"-ya ianələr toplanması, məzuniyyət haqlarından da pul tutulmalarının həyata keçirilməsi iddiası ortadadır.

Aldığımız məlumata görə, hazırda Gəncə-Daşkəsən, eləcə də Qazax-Tovuz regional təhsil idarələri rəhbərlərinin göstərişilə kütləvi şəkildə müəllimlərin məzuniyyət pullarının müəyyən faizinin "Qızıl Aypara" cəmiyyətinin hesabına köçürülməsinə start verilib. Məzuniyyətpulu məbləğinin yüksək olduğunu nəzərə alanlar yəqin ki, müəllimlərim narazılığına səbəb olmasın deyə pulların mənimsənilməsi üçün daha uyğun vaxtın indi olduğunu hesablayıblar.

Məlumata görə, sözügedən ianə-mənimsəmə əməliyyatında maraqlı şəxs olan İsmayıl Əsədov formal maliyyə əməliyyatından kənar nəğdləşdirmə də edərək pul qazanır. Məktəb direktorlarının da səfərbər edildiyi bütövləşdirilmiş siyahı ilə pul "qazanan"ların müəllim ordusuna qarşı qanunsuz pul tutulmaları uzun illərdir davam edir. Aidiyyati orqanlar araşdırarsa, tam aydın olar ki, söhbət "ianə" adı altında dolayısıyla müəllimlərdən əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında, toplanmış külli miqdarda pul vəsaitinin xərclənməsində mənimsəmə faktı mövcuddur.

Konkret olaraq hər bir müəllimdən ildə nə qədər vəsaitin tutularaq cəmiyyətə "ianə" edilməsi bizə məlum olmasa da, adi hesablamalarla Gəncə Şəhər Təhsil İdarəsinə məxsus məktəblərdən Gəncə “Qızıl Aypara” Cəmiyyətinə (hər ay 1-2(bir-iki) manat olmaqla) adambaşına 15-20 manat əsassız pul tutulmaları olur. "İanə"ni əsassız ona görə adlandırırıq ki, söhbət müəllimlərin rizasının olmamasından, haraya və nə üçün ianə etdiklərini əslində bilməmələrindən gedir. Bu hal isə korrupsiya faktıdır.

Məlumat verək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti qeyri-hökumət təşkilatıdır. Təşkilat 1994-cü il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq Azərbaycanda bu sahədə fəaliyyət göstərən yeganə rəsmi humanitar təşkilat kimi təsdiq edilmişdir. 1995-ci il noyabrın 1-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəmiyyət rəsmən tanınmışdır. Həmin il noyabrın 26-da cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının daimi, bərabərhüquqlu, həqiqi üzvü seçilmişdir. Təşkilat öz fəaliyyətini 8 may 2007-ci ildə prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Qızıl Aypara Cəmiyyəti Haqqında "Azərbaycan Respublikasının Qanunu" ilə humanitar məqsədlərlə fəaliyyət göstərir.

Təşkilat fəaliyyətində söykəndiyi sözügedən qanunun 3.0.2-ci bəndində; humanitar yardıma ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsi, yerləşdirilməsi, daşınması, onlara tibbi və digər xidmət göstərilməsi ilə bağlı dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək;

3.0.9. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərindən, əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, beynəlxalq təşkilatlardan humanitar yardımların toplanmasını həyata keçirmək və bu yardımların Azərbaycan Respublikasının ərazisində yardıma ehtiyacı olanlara paylanmasını təşkil etmək;
3.0.10. Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlara və məcburi köçkünlərə hüquqi və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardım, peşə vərdişlərinin aşılanması və ya peşə bacarığının artırılması və digər proqramları həyata keçirmək;
3.0.11. əhalinin sağlamlığının qorunması, o cümlədən xəstəlik və epidemiyaların qarşısının alınması ilə bağlı proqramları həyata keçirmək, bu sahədə dövlət orqanları, müəssisə və təşkilatlarla əməkdaşlıq etmək;
3.0.12. qan və onun komponentlərinin donorluğunun inkişafına dair milli və yerli (regional) proqramların həyata keçirilməsində və bu proqramlara əhalinin cəlb olunmasında tibb müəssisələrinə kömək etmək;
3.0.13. Azərbaycan Respublikasının ərazisində aztəminatlı ailələrə yardım göstərilməsi ilə bağlı müvafiq dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək; missiyaları göstərilir. Nəhayət, bunların həyata keçirilməsi üçün də Cəmiyyətə birbaşa beynəlxalq humanitar təşkilatlar və dövlət maliyyə yardımı edilir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən digər gəlirlərin və ianələrin toplanmasına şərait yaradılır.

Beləliklə, yuxarıda sadalanan hal özündə daha mühüm sualı da ortaya çıxarır. Ümumiyyətlə bizim "Qızıl Aypara" cəmiyyətinin Gəncə bölməsinin rəhbəri İsmayıl Əsədov kifayət həddə əldə etdiyi maddi vəsaitləri humanitar təyinatlar üzrə haraya xərcləyib dağıdır?

Yeri gəlmiş ikən, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, İdarəetmə şurasının sədri, Milli Məclisin deputatı Novruzəli Aslanova da səslənirik: Büdcədən maaş alanlardan milyonlarla ianəni məcburən toplayan “Qızıl Aypara” xalqa və dövlətə geniş hesabat versə yaxşıdır.

Osman Nərimanoğlu
Demokratik.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz