Redaksiyamıza şikayət daxil olub.
Şikayətçi bildirib ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən mənzilinin həyətindəki ağaclar icazəsiz kəsilib. Bu zaman o, evdə olmadığı üçün həmin adamlara mane ola bilməyib. Ağacların internet xəttinə görə kəsildiyi bildirilir.
Millitv.az xəbər verir ki, bununla bağlı Sonxeber.az "Azrabitə Servis" MMC-nin direktoru Şəmməd Hüseynovla əlaqə saxlayıb.
O bildirib ki, vətəndaşdan icazəsiz ağac kəsilmir:
"Biz dövlət sifarişi ilə internet, telefon kabeli çəkirik. Bu zaman ev sahibindən də icazə alırıq. Əhaliyə söz verilib ki, həm internet, həm telefon, həm televiziya çəkiləcək. Həmin vətəndaşın niyə belə danışdığını bilmirəm. Onlar ağacların kəsilmə səbəbini bilir. Biz dövlət və xalq üçün işləyirik. Ağaclar kabellərə mane olur. Onlar kökündən kəsilmir, sadəcə budaqları kəsilir, onlar yenə çıxacaq. Əməkdaşlarımız ev sahibindən icazə almamış heç vaxt kəsməzlər. Sözü gedən vətəndaşa baş çəkib maraqlanacam".