Əhmədzadədən miras qalan metodlarla işləyən idarə rəisi heç kimi saymır
1977-ci ildən fəaliyyət göstərən Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Salyan, Neftçala və Sabirabad rayonları ərazisində yerləşən 132500 hektar əkin sahələrinə xidmət göstərir. Statistik məlumatlara görə, İdarə ötən il həmin əkin sahələrinə 3261 km uzunluqda xidmət edən kollektor-drenaj şəbəkəsinə qulluq edib. 2021-ci ilin təsərrüfat ilində 557 km uzunluqda kollektor — drenaj şəbəkələrində lildən təmizləmə işləri aparılıb. Qeyd olunur ki, bu işlərin mütəmadi aparılması nəticəsində əkin sahələrindən qrunt sularının qısa müddətdə nasos stansiyalar vasitəsi ilə dənizə ötürülməsinə nail olunur.
Ancaq nədənsə, kağız üzərində əksini tapan bütün bu işlərin fonunda torpaqların münbitliyində və məhsuldarlıqda əhəmiyyətli artım müşahidə olunmur. Lildəntəmizləmə işləri də hesabatlarda göstərilən səviyyədə aparılmır. Ümumi uzunluğu 33 km olan Şimali Akkuşa kollektorunun xidmət etməli olduğu 16100 ha əkin sahəsinin çox hissəsi susuz qalıb.
Qrunt sularını kollektor-drenaj sistemləri vasitəsi ilə dənizə ötürmək üçün istifadə olunan meliorativ nasos aqreqatlarının guya əsaslı və cari təmir olunması adı ilə pul silinsə də, əslində bu hidrotexniki qurğuların sazlığı qənaətbəxş səviyyədə deyildir.
Ancaq idarənin rəisi Azər İsmayılovun yeganə gəlir mənbəyi texnikaya təmir yazıb sildiyi pulların mənimsənilməsi deyil. Azər İsmayılovun adı dəfələrlə tender maxinasiyalarında, satınalmalar haqqında qanunvericiliyin tələblərinin pozulmasında hallanıb. Çox təəssüf ki, bu məlumatlarda Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmovun da haqsız yerə adı çəkilib. Aydın məsələdir ki, bu cür primitiv qarayaxma kampaniyası diletantların işidir. İnformasiya izləyicilərini inandırmaq üçün yalnız bir faktoru əsas götürüblər ki, idarə Salyan rayonunda yerləşir.
Amma müşahidəli oxucu yaxşı bilir ki, idarə Salyandan başqa daha iki rayona xidmət edir. O hesabla Azər İsmayılovun haram qazancına gərək Neftçala və Sabirabad rayonlarının da başçıları şərik çıxsınlar. Gəlin razılaşaq ki, bu cür cılız “arqumentlərlə” insanları aldatmaq mümkün deyildir.
İdarədə baş verən bu sadaladığımız və digər qanunsuzluqlarla bağlı suallara aydınlıq gətirməsi üçün rəis Azər İsmayılovun mövqeyini öyrənmək üçün ona zəng etmək istəsək də, həmişə cavablandırmaqdan yayındı. Əməkdaşlarımız Salyan rayonunda ezamiyyətdə olarkən, İdarəyə gedib Azər İsmayılovla görüşməyə cəhd etmişlər. Lakin ilk öncə onları İdarə həyətinin qapısı ağzında İsmayılovdan “vzyat” tapşırığı almış bazburutlu pəzəvəng kişi qollarını geniş açaraq “rəis yoxdur” deyib içəri buraxmamışdır.
Əməkdaşlaqımız həmin an Azər İsmayılovun avtomobildən düşərək tələsik kontora girdiyini görmüşlər. Mübahisənnin şahidi olan rəis müavini jurnalistlərin peşə fəaliyyətinə bunca kobud şəkildə mane olmağın yaxşı heç nə vəd etmədiyini anlayaraq Azər İsmayılovun kabinetdə olduğunu deyib onları içəri dəvət etmişdir. İkinci maneə isə rəisin Ərəbzəngini xatırladan katibəsi olmuşdur. Katibə də öz növbəsində rəisin qapısının ağzını kəsdirərək “otağa girməyin, içəridə yoxdur” demişdir. Vəziyyəti qiymətləndirən əməkdaşlarımız katibənin onları şərləmək üçün hər şeyə hazır olduğunu sezib daha mübahisə etməmişlər.
Məsələ ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifovla telefon əlaqəsi saxlasaq da, o, təxmin etdiyimiz kimi, İdarə rəisinin tərəfini saxladı. Güman etmirik ki, idarəetmədə şəffaflıq prinsiplərini rəhbər tutan ASC-nin hazırki rəisi cənab Zaur Mikayılov öz sələfi Əhməd Əhmədzadədən miras qalan metodlarla işləyən idarə rəislərinin qanunsuz əməllərinə göz yumsun. Hərçənd, ola bilər ki, Azər İsmayılov kimi məmurların arxasında hansısa müqtədir havadarları, himayədarları durur və o üzdən onlar yerlərdə özlərini “kiçik padşahlar” kimi aparır, heç kim saymırlar.
Mövzuya qayıdacağıq.
"Azərbaycan Reallığı" olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
AZƏRBAYCANREALLIĞI.COM