Ölkədə işsizliyin statistikası hər gün artmaqda davam edir. Müxtəlif problem və bəhanələrlə işlərindən çıxarılanlar, qazancları özlərini qane etməyənlər, istismar olunanlar və başqa səbəblərdən dolayı işsiz qalanlar yaxşı bir qazanc yeri tapana kimi özünə müvəqqəti iş yeri axtarırlar. Həmin o müvəqqəti iş yerlərindən biri də “Uber” taksi fəaliyyətidir ki, şəhərdə bu taksilərin əlindən demək olar, tərpənmək olmur.
Hətta səhərlər və axşamüstü taksilərin çoxluğu şəhərdə ciddi tıxaca səbəb olur. Yaxşı, bəs bir çoxlarının “müvəqqəti”, ya da əlavə gəlir yeri kimi gördüyü bu fəaliyyət onlara yetərli qazanc gətirə bilirmi? Hər gün “youtube” və başqa sosial platformalarda tez-tez qarşımıza çıxıb, səbrimizi sınağa çəkən, bezdirən taksi reklamları həqiqətənmi aylıq min manat məbləğində qazanc gətirir? Bu sahədə Azərbaycanda daha çox yayılan taksi şirkətlərindən biri də “Uber”dir və şəhərdə demək olar ki, hər on maşından ikisi bu şirkətə məxsusdur. Taksiləri icarəyə götürüb, günlük plan verən, amma sonunda bezib, açarı şirkətin üzərinə atan kifayət qədər adam da var. Onlar özlərinin istismar edildiklərini, günlük qazanclarının 70 faizdən çoxunu şirkətə verdiklərini və özlərinə qalan gəlirin kifayət etmədiyini deyirlər:
“Gün ərzində 25 nəfərlik plan qoyurlar, yəni gün ərzində 25 nəfər müştəri aparmalıyam, qazancın 70 faizini də şirkətə verməliyəm. Hələ depozit pulunu demirəm. 15 gün burda işlədim, ümumi 300 manat qazancım oldu, onun da 250 manatını depozit kimi şirkətə verdim. Şirkət bu pulu maşının baxımı, mümkün qəza şərtlərinə görə öncədən alır. Bir növ sığorta kimi. Amma bu, olduqca böyük miqdardır. Elə sürücülər var ki, onlara salonu çirkli, özü bərbad gündə “tökülüb gedən” taksilər verilir, sonra şirkət narazı qalır ki, maşına yaxşı qulluq göstərmirik. Yanacaq pulu şirkət tərəfindən ödənilsə də, bu, bizə kifayət etmir. Həm də günlük planı doldurmaq elə asan deyil, nisbətən ucuz olduğundan hər cür insan minir bu taksilərə. Onların arasında hətta gedişhaqqını verməkdən imtina edənlər, səbəbsiz yerə zəng edib, sürücünü şirkətə şikayət edənlər də olur. Elə sürücülər var ki, özlərinin yaxşı maaşlı işi var, taksiyə əlavə məşğuliyyət kimi baxırlar. Amma çoxluq elə deyil. İşsiz, amma sürücülük vəsiqəsi olan nə qədər vətəndaş var ki, taksi şirkətində işləyir və şirkət də bunu bildiyindən sürücülərin əməyini istismar edir. Reklamlarda min manatdan yuxarı gəlir barədə şişirtmə məlumatlar verilir, amma onun reallıqla heç bir əlaqəsi yoxdur. Sən bu şirkətdə aylıq 1000-1500 manat qazanmaq üçün gərək “terminator” olasan, gecə-gündüz yatmayasan, o da ki, mümkün olası məsələ deyil. Taksi şirkətləri ciddi istismar mənbəyidir, həm də kimə gəldi o maşınlar verilir, təki günlük planı versinlər, ona görə də qəzaların, başqa yol-nəqliyyat hadisələrinin sayı artır”,– deyə Elçin adlı sürücü deyir.
Onu da qeyd etmək yerinə düşərdi ki, bu taksilərin şəhərdə tıxac sıxlığını artırması ilə yanaşı, ümumiyyətlə taksilik təcrübəsi olmayan kəslərin bu sahəyə qoşulması və işəgötürənin onlar qarşısında ciddi göstəricilər qoymaması, bir çox “sürücü”lərə sərf edir ki, bu da şəhərdə ciddi qəzalara, insan ölümlərinə gətirib çıxarır. Ölkədə işsizlik probleminin getdikcə artması bu cür “müvəqqəti” şirkətlərin “əl-ayağını” açır, işçilər üzərində istismarı artırır, ciddi qəzalara zəmin yaradır.
Bizimyol.info