CETA Translations tərcümə mərkəzinin rəhbəri İsmayıl Cəbrayılov Dövlət satınalmalarında olan problemlərlərdən məlumat verib.
Millitv.az AzToday.az-a istinadla xəbər verir ki, iş adamı son zamanlar dövlət orqanları keçirdikləri tenderlərə və kotirovka sorğularına iştirakçı tapa bilmədiyini bildirir:
“Ondan sonra da yalvar-yaxar müraciət edirlər ki, tenderlərimizdə iştirak edin.
Bu səbəblərdən BİRİNCİSİ təbii ki, şəffaflıq məsələsi, İKİNCİSİ isə, sənədlərin ağırlığıdır. Məsələn, ötən ilin maliyyə hesabatının təsdiq olunmuş surəti elanın tarixindən sonrakı tarixə olmalıdır. Yəni belə çıxır ki, hər tender üçün sən hər dəfə ötən ilin maliyyə hesabatını (belə sənədlərin sayı çoxdur) vergidən almalısan.
Tender elanını gözdən keçirməyə peşmansan ki, indi zəng edəcəklər ki, “sistemdə gördük, elanımıza baxırdız, xahiş edirik iştirak edin”. ÜÇÜNCÜ səbəb isə, dövlət orqanları cəlbedici müştəri deyil – sözdə keyfiyyət məsələsi guya vacib olsa da, həmişə çox aşağı qiymət verənlər keçir və çox zaman elə buna görə iki dəfə xərc çəkirlər (işi yenidən gördürürlər). Əlbəttə ki, istisnalar var.”