Axtarış...

Korrupsiya idarəsinin ƏMDX-də keçirdiyi əməliyyatlarda daha kimlər yana bilər - İLGİNC FAKTLAR

Korrupsiya idarəsinin ƏMDX-də keçirdiyi əməliyyatlarda daha kimlər yana bilər - İLGİNC FAKTLAR


Dünən dövrü mətbuat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə rayonda əməliyyat keçirilməsi barədə məlumatlar yaydı. Əməliyyatın İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayonlardakı ərazi şöbələrini əhatə etdiyi bildirilir. Yayılan məlumatlara görə əməliyyat çərçivəsində Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev və bir neçə digər vəzifəli şəxslər saxlanılıb. Həmçinin əməliyyat çərçivəsində ƏMDX-nin Şəki ərazi şöbəsinin müdiri Mübariz Bəşarət oğlu Paşayevin də həbs edildiyi yayılıb. Baş prokurorluq bu məlumatları şərh etməyib, lakin bu gün əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.

Əmlak Məsələləri Dövlət Xidmətinin bölgələrdəki şöbələrində nələr baş verir? Şəki və Beyləqandan başqa daha hansı rayonlarda əməliyyat keçirilib, yəqin yaxın vaxtlarda rəsmən açıqlanacaq. Amma bu açıqlamalara qədər qeyd etmək istərdik ki, buna səbəb çox güman ki, bölgələrdə torpaq sahələrinə qanunsuz çıxarışların verilməsi olub. Çünki son dövrlər Əmlak Məsələləri Dövlət Xidmətinin rayon şöbələrinin fəaliyyətindən çoxsaylı şikayətlər, insanlara məxsus olan daşınmaz əmlakını sənədləşdirməsi işindən narazılıqlar yayılıb.

Xatırladaq ki, buna qədər Komitə kimi fəaliyyət göstərən quruma uzun illər hazırda ölkə Prezidentinin köməkçisi, Prezident Administrasiyasının dövlət nəzarəti məsələləri şöbəsinin müdiri vəzifəsini daşıyan Kərəm Həsənov rəhbərlik edib. Sözügedən şəxsin dövründə Bakıda magistral neft kəmərinin, qaz xəttinin, su kəmərinin, yüksək gərginlikli elektrik xətlərinin, ARDNŞ-in balansında olan muhafizə zonasında, o cümlədən rayonlarda inşa olunan yalnız imkanlı şəxslərə məxsus, yaşayış və qeyri-yaşayış sahələrinə, heç bir hüquqi sənədi olmayan tikililərə çıxarış verməsi barədə elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumatlara rast gəlmək mümükündür.

Bu kimi qanun pozuntularından başqa Kərəm Həsənovun vaxtı ilə rəhbərlik etdiyi qurumda dövlət vəsaitlərinin müxtəlif yollarla talanması halları da mövcud olub. Məlum olduğu kimi Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsindən 29 noyabr 2019-cu ildə azad olunub. Elə həmin il iyunun 29-da verdiyi açıqlamasında tezliklə Gəncə və Xaçmazda Əmlak Xidmətləri Məkanının açılacağını bildirib.

Aktualinfo.org-un apardığı araşdırmalarda bu məqsədlə dövlət vəsaitlərinin ayrıldığı, hətta tenderlərin belə keçirildiyi məlum olub. Amma sözügedən şəhərlərdə qeyd etdiyimiz məkanın açılışından hələ də bir xəbər yoxdur.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhərində “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisi məqsədi ilə keçirilmiş tenderin qalibi “AZNOF” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Belə ki, müsabiqənin başlama tarixi 21.11.2019-cu il göstərilən tenderdə zərflərin açılış tarixi 20.12.2019-cu il tarix göstərilib. Amma nədənsə tərəflər arasında müqavilənin bağlanılması 21.02.2020-ci ildə baş tutub. Müqavilənin şərtlərinə görə “AZNOF” MMC-yə “Əmlak Xidmətləri Məkanı”nın inşaasına görə 4 693 715.59 manat vəsait ödənilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Gəncə şəhəri, Z.Əliyeva pr. 166 ünvanında “Əmlak Xidmətləri Məkanı”nın inşaası üzrə ikinci bir müqavilənin də bağlanıldığı göstərilir. Burada tərəflər arasında 3 999 821.34 manat məvləğində satınalma müqaviləsinin 25.02.2020-ci ildə bağlanıldığı göstərilir. Lakin burada “AZNOF” Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i kimi təqdin olunan (2300338141) şirkətə aid deyil. Axtarışlarımız zamanı sözügedən VÖEN-in Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə məxsus olduğu ortaya çıxdı.

Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Tender Komissiyasının 25.02.2020-ci ildə yerləşdirdiyi bildirişdə isə qeyd olunur ki, Gəncə şəhəri, Z.Əliyeva pr.166 ünvanında Əmlak Xidmətləri Məkanının inşasının satınalınmasına 19 noyabr 2019-cu il tarixdə başlamış açıq tenderin qalibi AZNOF MMC elan olunmuş və 24 dekabr 2019-cu il tarixində yekun protokol tərtib olunmuşdur. 28 dekabr 2019-cu il tarixində müqavilə imzalanmış, qediyyatdan keçdikdən sonra 24.02.2020-ci il tarixdən qüvvəyə minmişdir. Burada nədənsə müqavilənin qiyməti açıqlanmayıb.

Həmin dövrdə elektron kütləvi informasiya vasitələrində Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi ilə “AZNOF” MMC arasında imzalanan müqavilənin qiymətinin 21 fevral 2020-ci ildə 4 milyon 693 min 716 manat, 26.02.2020-ci ildə isə 3 milyon 999 min 821 manat olduğu barədə məlumatlar da yayılıb. Məsələyə aydınlıq gətirmək məqsədi ilə əlaqə saxladığımız Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin baş mühasibi Elxan Cəfərovun sözlərinə görə 4 milyon 693 min 716 manat ilkin qiymətləndirmə olub.

Lakin burada sual yaranır. Necə olur ki, 3 saylı Gəncə Ərazi İdarəsi 28 dekabr 2019-cu il tarixində müqavilə imzalanması barədə dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə bildiriş verir və müqavilənin qiymətini açıqlamır? Amma üstündən iki ay keçdikdən sonra 21-25 fefral tarixlərində, yəni üç gün ərzində fərqli məbləğlərlə tenderin qalibini açıqlayır. Burada daha bir neçə sual yaranır. Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhərində “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisinə nə qədər vəsait ayırıb? 3 999 821.34 manat, yoxsa 4 693 715.59 manat? Necə olur ki, MMC üç gün ərzində, birdən-birə 693 min manat güzəştə gedib? Burada ya sifrişçı 693 min manatlıq işi layihədən çıxarıb, ya da başqa şübhəli məqamlar var.

Layihə demişkən. İdarənin 13.05.2019-cu il tarixdə verdiyi elanda göstərilir ki, Gəncə şəhərində inşa ediləcək “Əmlak Xidmətləri Məkanı”nın smeta lahiyə işlərinin hazırlanmasının satın alınması üzrə “Gentechs” MMC keçirilən kotirovka sorğusunun qalibi elan olunmuş 45000 (qırx beş min) manat məbləğində müqavilə tətib edilərək 13 may 2019- cu il tarixindən qeydiyyatdan keçməsi barədə məktub alındığı tarixdən 29.04.2020-ci il tarixnə kimi qüvvədədir.

Göründüyü kimi Gəncə şəhərində inşa ediləcək “Əmlak Xidmətləri Məkanı”nın smeta lahiyə işləri də hazırlanıb və buna da vəsait ayrılıb. Lakin Gəncə şəhərində “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisi hələ başa çatmayıb. Amma Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi artıq mebelləri də alıb. Hələ təməli qoyulmamışdan. Qurumun 10.02.2020-ci il tarixdə verdiyi bildirişdə qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasına mebel avadanlıqlarının satın alınması üzrə keçirdiyi elektron açıq tender yekunlaşdırılmış və qiymətləndirilmişdir. Tenderin qalibi”İDEAL DİZAYN OFFİCE” MMC müəyyən edilmiş və 02.02.2020 ci il tarixində satınalma müqaviləsi imzalanmışdır. Müqavilənin məbləği 134593,16 (yüz otuz dörd min beş yüz doxsan üç manat manat 16 qəpik) manatdır.

Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin baş mühasibi Elxan Cəfərovun sözlərinə görə bütün bu elanların verilməsinə baxmayaraq vəsait çatışmazlığından müqavilələrə xitam verilib və “Əmlak Xidmətləri Məkanı”nın tikintisi yarımçıq qalıb. Onda Elxan Cəfərova daha bir sual veririk. Müqavilələrə xitam verilibsə nə Qanunla müəyyən olunmuş qaydada ictimaiyyətə açıqlama verilməyib? Axı onlar bilməlidir ki, müqavilə bağlananada da, xitam verilməsinin səbəbləri də elanın dərc olunduğu mətbu orqanda 5 bank günü ərzində ictimaiyyətə açıqlama verilməlidir. Verilməyibsə, deməli burada nə isə qaranlıq məsələlər var.

Qeyd edək ki, belə bir şübhəli tenderi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi də keçirib. Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi ilə eyni vaxtda Xidmətin 5 saylı Xaçmaz Ərazi İdarəsi də “AZNOF” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Xaçmaz şəhərində “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisi işlərinin satın alınması üzrə müqavilə bağlayıb. Qeyd edək ki, 2019-cu ildə başlanmış bu tender üzrə 4 707 900.68 manat məbləğində satınalma müqaviləsinin bağlanılması dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 22.01.2020-ci il tarixdə açıqlanıb.

Lakin üstündən 3 il keçməsinə baxmayaraq nə Gəncədə nə də Xaçmazda Əmlak Xidmətləri Məkanının açılışı baş tutmayıb. Yəni, işlər yarımçıq qalıb. Bunlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi rəsmi bir dövlət qurumunun açıqladığı məlumtlardır. İşlərin yarımçıq qalma səbəbləri, dövlət vəsaitlərinin ayrılıb-ayrılmamasını, xərclənib-xərclənməməsini araşdırmaq da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işidir.

O ki, qaldı tenderlərin qalibi kimi adı çəkilən “AZNOF” Məhdud Məsuliyyətli Cəmiyyətinə. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZNOF” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.01.2010-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. , ev 189, qanuni təmsilçisi kimi isə Murtuzova Sevda İsgəndər qızı qeyd olunub.

MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Əmlak Məsələləri Dövlət Xidmətinə tabeli iki qurumun barəsində heç bir məlumat olmayan bir MMC ilə tikintisi baş tutmamaış işlər üçün külli miqdarda dövlət vəsaiti ayırmalı çox şübhələr yaradır. Buna yəqin ki, aidiyyatı qurumlar aydınlıq gətirəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci il 6 may tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi vəzifəsinə Mətin Eynullayev təyin edilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumun rayon şöbələrində aparılan yoxlamaları Mətin Eynullayevin təmizləmə əməliyyatı da ola bilər. Əgər bu ehtimal doğru çıxarsa Dövlət Reyestri Xidmətinin regional idarələrində bir çoxlarının canı yana bilər. Çünki qurumun rayon şöbələrində qanunsuz sənədlərin verilməsi barədə çoxsaylı şikayətlər olunur. O cümlədən də Gəncədə və Xaçmaz idarələrinin rəislərinin də. Ötən ilin noyabr ayında yayılan məlumatlara görə Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Abdulla Abdullayev tutduğu vəzifədən kənarlaşdırılıb. Amma bu onun məsuliyyətdən kənar qalması anlamına gəlməməlidir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərindəki Əmlak Xidmətləri Məkanının tikintisi ətrafına yaranan şübhələrə aydınlıq gətirilənə qədər.
Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz