Bir müddət əvvəl "Hürriyyət" qəzetində məlumat vermişdik ki, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyinin xətti və Dünya Bankının da maliyyə dəstəyi ilə layihə həyata keçirib. 8 il müddətinə davam edən bu layihə çərçivəsində 53 milyon manat vəsait sərf edilib. "Kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin direktoru Anar Əzimovdur.
“Hürriyyət”in apardığı araşdırmalar zamanı məlum olub ki, Anar Əzimov rəhbəri olduğu layihəni Kənd Təsərrüfatı Nazirliyinin strukturlarında çox rahatlıqla “icra edir”. Məsələn, bu nazirliyin tabeliyində olan Azərbaycan Dövlət Aqrar Universitetində seminarlar keçirilir və ya Əkinçilik İnstitunda tədbirlər planlanır... Məlumata əsasən, Anar Əzimov nazir İnam Kərimovla yaxın dostdur deyə, o, çox rahatlıqla nazirliyin strukturlarında olan təşkilatlarda pul xərcləmədən “layihəsini icra edə bilir”.
Hesablama Palatası “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi üzrə müəyyən olunmuş hədəflərə nail olunma səviyyəsinin qiymətləndirilməsi mövzusunda keçirilmiş səmərəlilik (performans) auditinin nəticələrini açıqlayıb. Auditin əhatəsi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin ümumi dəyəri 53,3 milyon ABŞ dolları təşkil edib ki, bunun da 34,5 milyon ABŞ dolları Dünya Bankının krediti, 18,8 milyon ABŞ dolları isə hökumətin payından ibarətdir.
Yəni bu 53 milyon manatın 34 milyonu da, 18 milyonu da əslində dövlət büdcəsindən ayrılan vəsaitidir. Bir qismi dövlət zəmanəti ilə alınan kredit, digər qismi isə birbaşa büdcədən ayrılma hesabınadır.
Audit layihənin əvvəlindən (2014-cü il) 2020-ci il 31 dekabr tarixinədək olan dövrü əhatə edib. Əsas şərhlər layihənin məqsədi ölkədə sanitar və fitosanitar xidmətlərin səviyyəsinin yüksəldilməsi, seçilmiş dəyər zəncirlərinin qurulması və aqrobiznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bazarlara çıxışının asanlaşdırılmasından ibarət olub.
Apardığımız araşdırmalar zamanı qeyd edilən layihənin icrası zamanı əslində büdcədən ayrılan və DB-dan dövlət zəmanəti ilə təmin edilmiş vəsaitlərin necə mənimsənildiyinə dair ilginc faktlar ortaya çıxıb.
Məlum olub ki, əslində, bu layihə üzrə çox ciddi maxinasiyalara yol verilir.
Qeyd edilən layihənin icrası zamanı Hesablama Palatasının açıqlamadığı çox ciddi pozuntuların ortaya çıxdığı məlum olub. "Hürriyyət" ə danışan mənbə bildirir ki, Brüselyoz xəstəliyi ilə mübarizə çərçivəsində alınan vaksinlərlə bağlı qaydalar pozulub. Belə ki, bu xəstəlik üçün alınan dərmanlar dövlət sifarişi ilə deyil, birbaşa olaraq müqavilə formasında alınıb.
Mənbəmiz bildirir ki, əslində layihə icraçıları Dünya Bankına durmadan məlumatlar veriblər ki, bu təyinatlı vaksinlər bizim ölkədə yoxdur. Bundan sonra da onların Azərbaycana gətirilməsi üçün tenderlər keçirilmədən birbaşa olaraq alqı-satqı prossesi həyata keçirilib. Çox maraqlıdır ki, 2022-ci ildə də bu prosseslər həyata keçirilib. Aqrar Xidmətlər Agentliyi dövlət büdcəsindən alınan vəsaitlər hesabına cari il üçün də eyni mənbədən vaksin tədarük edib.
"Hürriyyət" in apardığı araşdırmalar zamanı məlum olub ki, əslində vaksinlərin alınması ilə bağlı olaraq bir neçə dəfə tender həyata keçirilib. Lakin sonradan prosses dayandırılıb və Dünya Bankının müvafiq olaraq satınalmalar haqqında tələbləri üzrə qaydalar pozulub. Brüsselyoz xəstəliyinə qarşı damcı halında olan vaksinlər Türkiyədən, digər formada - həb halında olan formaları isə vasitəçi şirkətin iştirakı ilə satın alınıb.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, ölkədə baytarlıq üzrə dövlət sifarişi ilə alınan bütün növ vaksin təminatını Aqrar Xidmətlər Agentliyi həyata keçirir. Məhz "Kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin direktoru Anar Əzimovun çox qısa zamanda bu sahədə topladığı "təcrübəsi" nəzərə alınaraq, qeyd edilən Dövlət Agentliyinə müavin vəsizəfsinə gətirilib.
Məlumata əsasən, Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev Anar Əzimovla yaxın dost olduqlarından, elə qeyd edilən layihəni də çox rahatlıqla istədikləri kimi icra ediblər.
Redaksiyamıza daxil olan məlumatlarla bağlı araşdırma apardıq. Ortaya çıxan məqamlar kifayət qədər heyrətamiz idi. Araşdırmalar zamanı məlum oldu ki, 2022-ci ildə ölkə üzrə maldarlıq təsərrüfatlarında vaksinasiya prossesini həyata keçirmək üçün yalnız ilin sonuncu ayında tender elan edilib. Bu da səbəbsiz deyildi. Məqsədli formada ilin sonuna təyin edilyindən, vaksinlərin alınmasına çox az zaman qalır. Bu səbəbdən də, tender 5 mərhələ və istiqamətlərə ayrılıb. Bunun da səbəbi kifayət qədər sadədir. Çünki bu formada elan edilən tenderlər elektron qaydada həyata keçirilir. Elektron tenderlərdə isə heç bir əcnəbi investitsiyalı şirkət iştirakçı qismində çıxış edə bilmir.
Çox maraqlıdır ki, 2022-ci il üçün alınan vaksinlərlə bağlı dövlət büdcəsindən 18 milyon dəyərində olan sifarişləri Gürcüstanın Batumi şəhərində qeydiyyatdan keçmiş ofşor şirkətlərdən biri həyata keçirib. Qeyd edilir ki, tenderdə iştirak edən şirkət Gürcüstanda ovşorda qeydiyyatdan keçsə də, əslində Türkiyənin məşhur vaksin şirkətlərindən birinə məxsusdur. O zaman ortaya sual çıxır: niyə dövlət xətti ilə birbaşa Türkiyədən vaksin sifarişi qəbul edilməyib, əvəzində ovşor şirkət üzərindən bu prosses reallaşdırılıb.
Çox maraqlıdır ki, bir neçə il əvvəl İmişli rayonunda iribuynuzlu heyvanlar arasında Qarayara xəstəliyi yayılmışdı. Bundan sonra dövlət qurumları araşdırmalar apardılar. Bu araşdırmalar zamanı diqqəti çəkən ilk məqam maldarlıq təsərrüfatlarının vaksinasiya prosesinin aparılması ilə bağlı idi.
Apardığımız araşdırmalar zamanı məlum olub ki, əslində müvafiq vaksinləmə ildə 1 dəfə həyata keçirilməlidir. Bunun üçün müvafiq olaraq rəsmi reqlament də təsdiqlənir. Lakin nədənsə 2021-ci ilin sonunda Batumidə ovşorda qeydiyyatdan keçərək ölkəyə vaksin gətirməli olan şirkət tenderin qalibi olduqdan sonra həmin dərmanları tədarük etmək üçün mənbələr axtarışına çıxır. Nəticə etibarilə də vaksin təminatı yubanır və 2022-ci ildə bununla bağlı olaraq ciddi gecikmələr yaşanır. Yəni nəzərdə tutulmuş qaydada dövlət proqramına uyğun olaraq vaksinlərlə təminat prosesi baş tutumayıb.
Maraqlıdır ki, yalnız 4 ay sonra, yanvar ayında vaksinləmə aparılmalı olduğu təqdirdə, aprelin sonlarına qədər proses yubanıb. Bununla təkcə ölkə üzrə mal-qara təsərrüfatları deyil, eyni zamanda ölkənin ərzaq təhlükəsizliyi də ciddi risk altına düşüb.
"Hürriyyət"
Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Araşdırmalarımız davam edir.