2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılov hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub. Məlumata görə, iş üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan biri tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.
Nadir İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. N.İsmayılov 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir. N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.
Martın 19-da baş tutan prosesdə İsfəndiyar Axundov sualları cavablandırıb. Nadir İsmayılovun vəkilinin sualında məlum olub ki, İsfəndiyar Axundovun adına 2 kredit var. İsfəndiyar Axundov bildirib ki, onun adına cəmi 10 milyon kredit yazılıb. Amma indi həmin kredit iki tərəfdən də tələb edilir.
Əvvəllər yaxşı münasibətlərinin olduğunu, dostluq etdiklərini deyən İsfəndiyar Axundov bildirib ki, Nadir İsmayılovun onu aldatmasını bağışlaya bilmir. İsfəndiyar Axundov deyir ki, ona ayrılan 10 milyon kreditin 5 milyonunu alıb və ödəyib. Qalan 5 milyon Nadir İsmayılovun rəhbərlik etdiyi "Zaminbank"da qalıb. İsfəndiyar Axundov bildirir ki, həmin ərəfədə pula ehtiyacı olmadığı üçün 5 milyonu götürməyib. Amma sonradan girov qoyduğu əmlakları ilə bağlı problem yarandığı üçün həmin pulu da ödəyib.
Onun sözlərinə görə 10 milyondan artıq pul ödəsə də, sonradan öyrənib ki, əmlakları Mərkəzi Banka girov qoyulub, amma pullar ora ödənilməyilib. İndi Mərkəzi Bank da ondan 10 milyon tələb edir.
Nadir İsmayılovun vəkilinin "siz ölkənin ən böyük iş adamlarından birisiniz. Kredit götürəndə, imzalayanda baxmadınızmı" sualına cavab olaraq İsfəndiyar Axundov savadsız olduğunu, həm də dostunu inandığını deyib. Əlavə edib ki, heç bir sənədə imza atmayıb, bütün işləri Nadir İsmayılov görüb. Nadir İsmayılov isə İsfəndiyar Axundovu aldatmadığını deyir. Əlavə edir ki, İsfəndiyar Axundov düzgün danışmır. "Birinci 5 milyon götürdü. İkinci 5 milyona 2 dənə "Lamborghini", 2 dənə "Ferrari" aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə də pul göndərdi. Danışır, amma hamısını demir..."- deyə müttəhim bildirib.
Deyilənlərlə razılaşmayan İsfəndiyar Axundov bu prosesdə də üzərinə həbs qoyulan "Flaminqo" restoranının girovluqdan çıxarılmasını istəyib. Hazırda Mərkəzi Bank ondan 11 milyon 800 min manatı tələb edir. Nadir İsmayılov isə İsfəndiyar Axundovun 5 milyon borcunun qaldığını deyib və bu problemi həll edə biləcəklərini söyləyib.
Məhkəmə araşdırması davam edir.
Xatırladaq ki, N.İsmayılovun adı başqa bir cinayət işində də keçirdi. Belə ki, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovdan şikayət etmişdi. Elnur Məmmədov Rövşən Heybətova 200 min manat pul verərək Türkiyəyə aparmasını istəmişdi. R.Heybətov Türkiyədə hücuma məruz qaldığını, pulun oğurlandığını bildirirdi.Lakin Elnur Məmmədov buna inanmayaraq R.Heybətovdan şikayətçi olmuşdu.Bu cinayət işi üzrə məhkəmə araşdırması davam edən zaman Nadir İsmayılov məhkəmədə şahid qismində dindirilmişdi.Həmin prosesdə N.İsmayılov barəsində qanunsuz köçürmələrə görə araşdırma aparıldığı üzə çıxmışdı.
(Bundan əvvəlki məhkəmə prosesində baş verənlərlə bu linkdən tanış ola bilrəsiz: http://www.dia.az/8/285601-zaminbankin-hebs-edilen-sedri-ile-sherurlu-sfendiyarin-qalmaqali-nazirlerle-gorush.html)
http://www.dia.az/8/285601-zaminbankin-hebs-edilen-sedri-ile-sherurlu-sfendiyarin-qalmaqali-nazirlerle-gorush.html)
Musavat.com