Xatırlayırsınızsa, dünən Naxçıvan MR DİN-də “polis ovu”na başlanıldığı barədə xəbər vermişdik. Bildirmişdik ki, Naxçıvandakı Orta İxtisas Polis Məktəbi 3 aydan sonra növbəti məzunlarını buraxmağa hazırlaşır. Məzun olacaq 30 nəfər üçün isə MR-in polis orqanlarında eyni sayda ixtisaslı kadrın işdən uzaqlaşdırılması planlaşdırılır.
Dünən həmçinin xəbər vermişdik ki, Naxçıvan MR DİN-in strukturlarından artıq ilk qurban uzaqlaşdırılıb. Bu, Eyvaz Cəfərli adlı polis əməkdaşıdır.
Millitv.az xəbər verir ki, ovqat.com-un əldə etdiyi məlumata görə, növbəti qurbanın da kimliyi müəyyənləşib.
Bildirilir ki, bu şəxs Abdullayev İbrahim Fərrux oğlu ola bilər.
Abdullayev İbrahim Fərrux oğlu kimdir və günahı nədir?
2019-cu ildə Azərbaycan Polis Akademiyasını bitirən Abdullayev İbrahim Fərrux oğlu həmin il Naxçıvan DİN -in sərəncamına göndərilib. Təyinatın ilk günlərindən etibarən də sabiq nazir Fazil Ələkbərov tərəfindən “gözümçıxdı”ya salınıb.
Abdullayev İbrahimin əsas günahı, təbii ki, Azərbaycan Polis Akademiyasını bitirməsi olub. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Naxçıvanda sözügedən ali məktəbi bitirənlərə “Bakının agenti” kimi baxdıqlarından İ.Abdullayev də iş fəaliyyətinə “1-0” geridən başlayıb.
O vaxt, yəni 2019-cu ildə təyinat zamanı Fazil Ələkbərov İ.Abdullayevi “gözdən uzaq, könüldən iraq” bir yerə - Şərur RPİ-yə işə göndərib. İbrahim Abdullayev isə Naxçıvan ŞPİ-də kifayət qədər vakant yer olduğu halda niyə Şərur RPİ-yə verildiyini soruşub. Özü Naxçıvan şəhərində yaşadığından evinə yaxın ərazidə iş istəyib. Bu, onun növbəti “günahı” olub. Polis əməkdaşının özündən yuxarı şəxsi sorğulamasına xoş baxmayan sabiq nazir bu cəsarəti ona bağışlamayıb və İbrahimi daha uzaq bölgəyə - Sədərək rayon Polis İdarəsinə göndərib.
İ.Abdullayev də məcburən həmin vaxt hər gün Sədərəyə işə gedib-gəlib. Amma bu təmkinini uzun müddət saxlaya bilməyib. Bir müddət sonra yenidən üsyan bayrağını qaldıranda onu Babək Rayonunun Nehrəm qəsəbəsinə sahə inspektoru təyin ediblər. Həmin vaxt İ.Abdullayev özünü Nehrəm camaatına sevdirməyi bacarıb. Lakin Naxçıvan DİN-dəki bəzi qüvvələr İ.Abdullayevin qazandığı nüfuzu həzm edə bilməyib, onu indiki vəzifəsinə - Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsində polis sahə inspektoru vəzifəsinə gətiriblər. Məqsəd gözləri üstündə olsun və onu daha “yaxşı” sıxışdıraraq işdən uzaqlaşdırsınlar, beləcə, Muxtar Respublika Orta İxtisas Polis məktəbinin yetişdiyi 50 ballıq mütəxəssislərdən biri üçün yer boşalsın.
İ.Abdullayev Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsinə təyin olunandan sonra onun mənəvi-psixoloji-maddi sıxıntıları da başlayıb. Hətta bu basqılara dözə bilməyən İ.Abdullayevin səhhətində problemlərin yarandığı qeyd olunur. Bunun üçün də o bu yaxınlarda xidmətdən xaric olmaq üçün müraciət edib. Lakin Naxçıvan DİN-in Kadrlar Şöbəsinin rəisi, polis kapitanı Rahin Əmirov İ.Abdullayevə rədd cavabı verib. (Qeyd edək ki, növbəti yazılarımızdan birini Rahin Əmirovun qanunsuz əməllərinə həsr edəcəyik).
İ.Abdullayev fikrində qəti olduğu üçün onu Naxçıvan Daxili İşlər naziri Rəşad İsmayılov qəbul edib. Rəşad İsmayılov İbrahim Abdullayevə hədə-qorxu gələrək deyib: "Əgər işdən çıxmaq istyrsənsə, özün bil. Səni də Eyvaz Cəfərli ləkələyib çıxaracağıq", - deyə bildirib.
Mənbəmizin bildirdiyinə görə, artıq Rəşad İsmayılovun qanunsuz göstərişləri ilə İ.Abdullayevin ləkələnərək işindən xaric edilməsi prosesi başlayıb.
Qeyd edək ki, Naxçıvan MR DİN-in ilk qurbanı Eyvaz Cəfərli də işdən çıxmaq istədiyinə görə eyni haqsızlığa məruz qalıb. Mənbəmizin bildirdiyinə görə, Eyvaz Cəfərli xidmətdən xaric olmaq üçün Naxçıvan DİN rəhbərliyinə müraciət etib: “Lakin Naxçıvan Daxili İşlər naziri Rəşad İsmayılov onun müraciətinə məhəl qoymamışdı. Eyvaz Cəfərli təkidlə yenidən müraciət edəndə nazir ona töhmət vermiş və demişdi ki, əgər getmək istəyirsənsə səni könüllü buraxmayacağıq. Səni ləkələyib buraxacağıq. Və belə də oldu. Rəşad İsmayılov Eyvaz Cəfərlini ləkələyib xidmətdən xaric etdi”.
İddiaya görə, Eyvaz Cəfərli xidmətdən xaric olunarkən ona bu ləkənin Naxçıvan Ali Məclisinin sədrinin təşəbbüsü ilə vurulduğunu bildiriblər və o, Daxili İşlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135.10-cu (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda) maddəsi ilə xidmətdən uzaqlaşdırılıb. “Bunun isə bir səbəbi var: Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Cənab Vilayət Eyvazov tərəfindən E.Cəfərli xidmətə yenidən bərpa edilə bilməsin”- mənbəmiz bu fikirdədir: “Bildiyiniz kimi, ötən ilki ixtisarlar zamanı Naxçıvan MR DİN-dən uzaqlaşdırılan bəzi polis əməkdaşları Bakıda işlə təmin olunmuşdular. Bu işdə media qurumlarının, o cümlədən sizin də məsələni gündəmdə saxlamağınızın rolu olmuşdu. Görünür, bu hadisədən sonra Naxçıvan MR DİN basqılara dayanmayıb işdən çıxan kadrları ləkələmədən buraxmaq istəmir”.