Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında M.Quliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses davam edir.
Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
O, 2020-ci il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.