AXCP Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Yaşar Bağırsoy Babək rayon İcra Hakimiyyətini məhkəməyə verib. Yaşar Bağırsoy ona dəymiş ziyana görə təzminat istəyir.
Millitv.az yazır ki, bu haqda "Gündəlik Naxçıvan"a onun özü bildirib. O, şikayətini Babək rayon Xalq Məhkəməsinə təqdim edib.
Babək rayon Nehrəm qəsəbə sakini olan Yaşar Bağırsoy əkin sahəsində ona ziyan vurulduğunu bildirir və bu işdə icra hakimiyyətini günahkar sayır:
" Nehrəm kəndində camaat 100 hektarlarla sahədə əkin əkib. Məhz icra hakimiyyətinin göstərişi ilə bu kəndə payızdan bəri su verilmir. Bu səbəbdən əkin quruyub, məhv olub, camaat külli miqdarda ziyana düşüb. On hektar arpa da mən əkmişəm. Torpaq suyu vermək üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsəm də, xeyri olmadı. Çəkdiyim əziyyət, qoyduğum xərc heçə getdi. Ziyana düşdüm. Suyu yalnız yüksək vəzifəli məmurların sahələrinə verirlər".
O bildirir ki, dəymiş ziyanın sənədləşdirilməsi üçün də aidiyyatı qurumlara müraciət edib:
"10 hektar sahəni əkmək üçün 4.300 manat xərc çəkmişəm. Normalda hər hektardan 2,5 - 3 ton taxıl götürürdük. Əkin üçün çəkdiyimiz xərc çıxdıqdan sonra, qazancın gerisi ailəmizin illik dolanışığı üçün qalır. Bunu da əlimizdən aldılar. Qəsəbə bələdiyyəsinə, icra nümayəndəsinə yazılı və şifahi şəkildə müraciət etmişəm ki,dəymiş ziyan yerində araşdırılsın və akt tərtib edilsin. Onlar isə bundan imtina etdilər".
Digər qəsəbə sakinlərinin də məhkəməyə müraciət üçün hazırlaşdığı bildirilir.
Yaşar Bağırsoy deyir ki, haqqını əldə etmək üçün sona qədər mübarizə aparacaq, əgər bu, Azərbaycanda alınmasa, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.