Cəlilabad rayonu, Kirovka qəsəbə, Mustafa Nuriyev küçəsinin sakini Aidə Sadıqova Baləsər qızı "Hürriyyət"ə müraciət edərək bildirir ki, rayon sakini Rafael Şükürov adlı şəxs onların yaşayış yerinin yaxınlığındakı otaq ərazisini qanunsuz zəbt edib. Bu azmış kimi ərazini qanunsuz çəpərə alaraq, şəxsi istifadəsi üçün istifadə edir. Şikayətçinin sözlərinə görə, Rafael Şükürov ərazi üzrə bələdiyyə sədrinin rəhbər şəxsləri ilə yaxınlığından sui-istifadə edərək, ərazini mənimsəmişdir. Hazırda mal-qarasını otlağa çıxara bilməyən Aidə Sadıqova bildirir ki, Rafael Şükürov adlı şəxs onu və ailəsini ölümlə də təhdid edir. Hətta Aidə Şükürovanın üstünə yabayla da hücum edib. Hazırda ölümlə təhdid edilən Sadıqovlar ailəsi ölkə rəhbərliyindən və cənab Daxili İşlər naziri Vilayət Eyvazovdan təhlüksəzliyinin təminatı üçün köməklik göstərilməsini xahiş edir:
"Mənim şikayətim Cəlilabad rayonun bələdiyyə sədri Mehdi , onun müavini Mehman Kərimov və Rafael Şükürovdandır. Kənddə Rafael Şükürovu hamı Kamal adı ilə tanıyır. Mən kənddə yaşamağıma baxmayaraq, mal-qaramın altını tökməyə yer tapmıram. Rafael adlı şəxs qanunsuz olaraq, evimin qarşısını tutaraq tikilişlər edir, mal-qarasının altını tökür və ərazidə mal-qarasının otlaması üçün yonca əkir. Eyni zamanda həmin ərazi hasara da alınıb. 2021-ci ilin ortalarında bu şəxsə bildirdim ki, evimin qarşısındakı çəpəri açsın. Lakin o açmayacağını dedi. Mən də məcbur qalıb, mal-qaranının peyinini onun zəbt etdiyi çəpərin dibinə atıram. Evimin qarşısında rus qəbristanlığı da yerləşir. Əvvəllər bu şəxsin zəbt etdiyi əraziyə tökmüşük. Rafael adlı şəxs mənim üstümə yabayla hücum edərək, öldürəcəyi ilə hədələyir. O deyir ki, Rusiyadan oğlunun gəlməsini gözləyir. Yoldaşımı da ölümlə təhdid edir. Hər danışığında qan tökəcəyini deyir. Mənim 4 azyaşlı övladım var. Hazırda təhdid içərisində yaşayırıq. Hazırda ailəm qorxu içərisindədir. Bununla bağlı Cəlilabad rayon Polis rəisi Polad Qarayevə də məktubla müraciət etmişəm. Ondan xahiş etmişəm ki, ailəmin təhlükəsizliyi qorunsun. Rafael adlı şəxs dayanmadan bizi ölümlə təhdid edir. Məktubumuza 13 gündən sonra cavab verildi və bizi bölməyə dəvət etdilər. Polis rəisi Polad Qarayev Rafaelə müraciət edərək ərazinin sənətini istədi. Lakin heç bir sənəd göstərmədi. Mən cənab rəisdən təhlükəsizliyimizin qorunmasını xahiş etdim. Bildirdilər ki, bununla bağlı məhkəməyə müraciət edək. Mən onlara dedim ki, polisin vəzifə borcu vətəndaşın təhlükəsizliyini qorumaqdır. Polis İdarəsindən Rafaelə dedilə ki, ərazidəki çəpəri açılsın, əks təqdirdə cərimə olunacaq. Amma bu şəxs bu günə qədər çəpəri açmayıb. Bununla bağlı polis idarəsindən bələdiyəyə də xəbərdarlıq edilib. Bələdiyyədən də əraziyə gəlib baxıblar. Hətta Rafaeldən sənət də istəyiblər. Həqiqətən də ərazinin zəbt edilməsi təsdiqlənib. Rafael adlı şəxs deyir ki, mən hakim partiya üzvüyəm. Mənə heç kim heç nə edə bilməz. O eyni zamanda bələdiyyə rəhbərliyi ilə yaxınlığının olduğunu da deyir. Həqiqətən də elədir. Bələdiyyə rəhbərliyi onun sözünü eşidir və onu müdafiə edirlər. Bizə də polisə şikayət ediblər. Halbuki mənim nə qanunsuz tikilim, nə də zəbt etdiyim ərazi var. Dörd azyaşlı uşaq anası kimi ölkə rəhbərliyindən xahiş edirəm ki, bizə kömək etsinlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Birinci xanım Mehriban Əliyevadan, Ombudsman Səbinə Əliyevadan, Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan, Cəlilabad rayon icra başçısı cənab Rafiq Əliyevdən xahiş edirəm ki, bizi eşitsinlər. Əks təqdirdə bu şəxs qanunsuz olaraq torpağı zəbt etməkdə davam edəcək və bizi də öldürərək ailə qətliamı törədək. Hazırda biz hər gün qorxu içərisində yaşayırıq".
PS. Hörmətli Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan xahiş edirik ki, bu məsələ ciddi şəkildə araşdırılsın. Əgər sabah hansısa xoşagəlməz hadisə baş verərsə, bu daxili işlər orqanlarının da imicinə ləkə gətirəcək. Ölümlə təhdid edilən çarəsiz ailə üzvləri polisi son ümid yeri hesab edir. Xahiş edirik ki, sizin göstərişinizlə ailənin təhlükəsizliyi rayon polisi tərəfindən təmin edilsin. Qarşı tərəflə də proflaktik söhbətlərin aparılmasının vacib olduğunu düşünürük. Digər tərəfdən, sözügedən ərazi də qanunsuz zəbt edilərək çəpərlənib. Ümid edirik ki, aidiyyatı qurumlar məsələni araşdıracaq və qanunsuz əməlləri törədənlər ağır şəkildə cəzalandırılacaq.