Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup tələbəsi adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Müraciətdə bir sıra ittihamlar yer alıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin rektora xitab olunan bəzi hissələrini təqdim edirik:
"Ay yoldaş rektor İbrahim Cəfərov, bu şəxslərin Universitetdə çalışması belə Azərbaycan Dövlət Aqrar Universitetinə hörmətsizlikdir, təhqirdir. Siz bununla minlərlə Aqrar Universitetin biz məzunlarını və tələbələrini təhqir edirsiniz. Siz bu şəxslərlə, bu kadrlarla hansı təhsildən danışa bilərsiniz? Aydın İsayev magistraturada şöbə müdiri olanda belə tələbələrin gündəlik “qayıb”lərini sayaraq rüşvət alırdı. Magistrləri aylığa buraxırdı. Onun adi savadı belə yoxdur. Siz onu şöbə müdirliyindən çıxaranda biz sevindik. İndi eşidirik ki, Sizə küllü miqdarda pul veribdir və ixtisası uyğun olmayan böyük bir kafedraya müdir təyin olunubdur. O, bizə "Texniki təminat", "Traktorlar və avtomobillər" fənnini belə tədris edə bilmirdi. Üzündən oxuyub bəzi şeylər yazdırırdı,yazdırdığından heç özünün başı belə çıxmırdı, ancaq yekunda pulumuzu alırdı.
Sual olunur, Siz onun hansı savadına görə ixtisası ayrı olan kafedraya müdir təyin etmisiniz? “O olmasın, bu olsun” tamaşasındakı kimi onun ancaq puluna və dayısına görəmi???
Ayaz Həsənov da 80-ci illərin köhnə kurs layihələrini (kursavoylarını) bizə 60 manata satırdı. Belə ki, keçmiş dövrlərin kolxoz və sovxozları üçün nəzərdə tutulan köhnə təmir emalatxanasının və maşın-traktor parkının sxemlərini satırdı. Yadımızdadır, biz deyəndə ki, bizim müəllimimiz, kurs işi rəhbərimiz kimdir. Deyirdi ki, hamısını özüm həll edirəm. Bu gün biz məzunları heç bir yerə işə belə götürmək istəmirlər. Zor-bəla ilə öz qabiliyyətimizə görə işə girə bilirik. Bir qrupumuz da biznes ilə məşğul olur. Universitetdə artıq yeniliklər etmək lazımdır. Bu gün kənardan bizim Universiteti tanımırlar.
Hörmətli Prezidentimiz Aqrar Universitetə böyük maraq göstərir. Lakin İbrahim müəllim ancaq özünə maraq göstərir. Çünki, pulu ancaq bu kimi alverçi, tacir müdirlərdən almaq olar.
Bu gün təhsil alan tələbələr də Universitetdə olan dərs və tələbəlikdən narazıdırlar. Hətta III kurs tələbəlrinin əksəriyyətindən Aydın İsayev kurs işinə görə 70 manat almışdır. Burada maddi maraq çərçivəsində istənilən qiyməti almaq olar və aylarla dərsə gəlməmək də olar. Bunlarla yanaşı, Universitetdə hamı bilir ki, İbrahim müəllimdən çoxları qorxur. Ona nazirlik də söz deyə bilmir. Ona görə də istədiyi adamı təhqir edir, istədiyi adamı aşağılayır və istədiyi rüşvəti də alır.
Bir Universitetdə ki, ayaqqabı satan, kartof satan, ət satan, dovğa satan, alma satan və paltar satan kadrlar kafedraya – təhsilə və elmə rəhbərlik edir, onda buradan heç nə gözləyə bilmərik. Çünki, yaxın gələcəkdə də bu şəxslər elmlər doktoru, professor olacaqlar.
Bir anlığa təsəvvür edin: Ayaz Həsənov mətbuatda deyilən kimi əlavə dil bilmir, kompyuterdən başı çıxmır, elektron resurs tanımır, lakin müdafiə edib professor olacaq və kurs işini daha baha qiymətə satacaqdır. Çünki, onu ancaq satmaq, alver maraqlandırır. Biz bu yoldaşları yaxşı tanıyırıq. Rektora da bunlar xeyir verə bilir.
Odur ki, belə ədalətsizliyin, saxtakarlığın qarşısı alınmalıdır. Hamı bilir ki, rektor İbrahim Cəfərovun bir amalı var. Kimin pulu çoxdur, yalnız o kafedra müdiri və ya digər vəzifədə ola bilər.
Biz ölkə rəhbəri hörmətli Prezidentimizdən, Kənd Təsərrüfatı Nazirimizdən xahiş edirik təcili tədbir görsünlər, yoxsa bu gün buraxılacaq kadr siyasəti üzrə səhvliklər bu Universiteti məhvə aparacaq. Bunu da bərpa etmək üçün ən azı 10-15 il vaxt lazım olacaqdır".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...