ADAU-nun Aqronomluq fakültəsinin professor-müəllim heyəti tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, pandemiya şəraitinə görə ali məktəblərdə müxtəlif vəzifələrə seçkilərin keçirilməsi prosesinin müvəqqəti olaraq dayanmasına baxmayaraq, Azərbaycan Dövlət Aqrar Universitetində hal-hazırda “Aqronomluq” fakültəsinə dekan seçkisi elan olunub.
“2020-ci ilin sentyabr ayında ali təhsil müəssisələrinin rəhbərlərinə müxtəlif vəzifələrə professor-müəllim, kafedra müdiri, dekan və s. seçkilərin keçirilməsi ilə bağlı olaraq Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanovun imzaladığı 23.09. 2020-ci il tarixli, 03-11-1022 / 1 saylı rəsmi məktub göndərilmişdir. Həmin məktubda deyilir: "Xüsusi karantin rejimi dövründə namizədlərdən sənədlərin qəbulu, gizli səsvermənin aparılması və digər prosedurların təşkili zamanı bir sıra cətinliklər yaranır. Bununla əlaqədar bildiririk ki, ölkəmizdəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq bu tipli seckilərin keçirilməsi xüsusi karantin rejimi başa çatana kimi təxirə salınır".
Lakin Azərbaycan Dövlət Aqrar Universitetində rektoru İbrahim Cəfərov qanunları pozaraq bu seçkini tələm-tələsik keçirmək istəyir. Məqsədi isə fakültə dekanı vəzifəsinə dosent Musa Bayramovu gətirməkdir.
Kimdir, Musa Bayramov? Bu barədə bir az ətraflı yazaq.
Musa Bayramov nəinki dekanlığa, hətta müəllim adını daşımağa belə layiq deyil. Rektora qeyd-şərtsiz itaət edənlərdən biridir, bu yaxınlarda təzəcə kafedra müdiri təyin olunub. Onun kafedra müdiri təyin olunması rektorun hər dediyinə əməl etməsi, hətta müxtəlif maddi maxinasiyalara qol çəkməsi ilə bağlıdır. Musa Bayramov illər əvvəl rus alimlərinin iki dərsliyini plagiat yolu ilə birləşdirib və mənimsəyib, “oğurladığı” məhsulu “Kənd Təsərrüfatı ekologiyasından praktikum” adlı dərs vəsaiti kimi çap etdirib. İllər əvvəl isə üstü açıldığına görə kafedra müdirliyindən qovulub. Musa Bayramovun kitab saxtakarlığı Ali Attestasiya Komissiyasına da (AAK) məlum olub, lakin 14.04.2016-cı il tarixdə məhz rektor İbrahim Cəfərovun qrif verilməsi barədə 209 saylı əmri ləğv edilməyib. Ümid edirik ki, belə məsələlərə ciddi yanaşılacaq, müvafiq komissiyanın fəaliyyətinə göz gəzdirməklə ADAU-dakı saxta elmi ad və dərəcələr ləğv olunacaq. Bu kimi plagiat cızmaqaraların isə tezliklə universitetin kitabxanasından çıxarılmaqla çapına və yayılmasına rəsmi qadağalar qoyulacaq”,- deyə müraciətdə bildirilir.
Məsələ ilə bağlı ADAU-dan Bizimyol.info-ya verilən məlumata görə, bu, universitetin akademik nüfuzuna xələl gətirmək üçün bəzi işbazların atdığı addımlardır.
“Müraciətdə adı qeyd olunan müəllimə ilə danışıqlar aparmışıq. Müəllimə bildirir ki, bu müraciətdən xəbəri yoxdur və lazım gəlsə, bununla bağlı hüquqi addımlar atmağa hazırdır. Bu müraciət Aqronomluq fakültəsinin professor-müəllim heyətinin adından sui-istifadə olunaraq yazılıb. Bir neçə dəfə belə hadisə isə rastlaşmışıq”.
Bizimyol.info