Göygölün sabiq icra başçısı Arif Seyidov vəzifəyə təyinat alan kimi Göygöl-Aşıqlı-Hacıkənd ərazisində mühüm dövlət əmlakı sayılan, uzunluğu təxminən 15 kilometr olan kanat yolu sökərək talayıb.
Demokratik.Az-ın bu barədə əldə etdiyi məlumata görə, Seyidov 2013-2015-ci illərdə şəxsi tamah məqsədilə vaxtilə kükürd kolçedanı daşınmasında istifadə edilən "vaqonetka"nı, kanat yolu, təkcə birinin ağırlığı tonlarla olan dəmir dirəkləri sökərək tonlarla metal-dəmir kimi sataraq "yeyib".
Mənbənin bildirdiyinə görə, rayonun yuxarı qəsəbəsindən - 101 saylı mədəndən Hacıkənd qəsəbəsinin axırıncı aşırımına kükürd kolçedanı daşınardı və oradan da vaqonetkalarla st.Xanlar deyilən əraziyə tədarük edilərdi. Müstəqillik illərindən sonra kükürd mədəni fəaliyyətini dayandırdığı üçün isə kanat yol da illərlə istifadəsiz qalıb. Lakin, dövlət əhəmiyyətli hesab edildiyindən Arif Seyidova qədər icra başçısı olanlar dəmirdən olan infrastrukturu dağıtmaq, birdəfəlik sıradan çıxarıb metalını da satmaq kimi işlərə girişməyiblər. Lakin, Seyidov gəlişindən sonra belə bir talançılığa gedib və yaxın dostu olan Göygöl avtobazasının (hazırki Xanlar-Göygöl avtonəqliyyat ASC) müdiri Məjlum Mahmudovu bilavasitə bu işə soxub. Nəticədə də illərlə görülən işlər nəticəsində kanatlar, ümumilikdə 15 min kilometrlik yolun trosu, 100-lərlə xüsusi dəmir dirəklər, 300-dən artıq vaqonetkalar da doğranaraq polad material kimi satılaraq mənimsənilib. Tros kanat və tonlarla dəmir avadanlıqları Göygöl avtobazasının həyətinə yığılaraq oradan satışa gedib.
Bildirilir ki, bu işdə söhbət 100 tonlarla polad materialın mənimsənilərək talanmasından, dövlətə də heç bir maddi-rəsmi hesabatın belə verilməməsindən gedir.
Əldə etdiyimiz şəkillərdən isə görünür ki, Seyidovun Aşıqlı kəndində özü üçün qəsb etdiyi torpaq sahəsində və özünün yaşadığı evin həyətində xoşbəxtlikdən həmin dirəklərdən qalıb.
Təəssüf ki, adi vətəndaşlardan fərqli olaraq sabiq icra başçısının bu əməlinə nə yerli prokurorluq, nə də hansısa yuxarı dövlət qurumu tərəfindən heç bir reaksiya verilməyib. İnanırıq ki, sabiq icra başçısının sözügedən cinayət xarakterli əməli araşdırılar və o, gec də olsa cəzalandırılar...
Demokratik.Az