Axtarış...

"AQTA gizli şəkildə GMO-nun lobbiçiliyini aparır" - Tanınmış ekspertdən İTTİHAM

"AQTA gizli şəkildə GMO-nun lobbiçiliyini aparır" - Tanınmış ekspertdən İTTİHAM


Azərbaycanda genetik modifikasiya olunmuş orqanizmlərə (GMO) və yem məhsullarına dair yeni tələblər müəyyən edilir. Bu barədə məsələ "Qida təhlükəsizliyi haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən, yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan sonra icazə verilir.

Bu Qanunun 25.8-ci maddəsində nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçməmiş yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalı, emalı və dövriyyəsi qadağandır.
Bəs, mütəxəssislər nə düşünür, ölkədə GMO varmı?
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik və Elmi Tədqiqat İnstitunun “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva deyir ki, qidalar xaricdən gəlirsə, demək ki, dövlət nəzarətindədir:

"Lakin bir mütəxəssis kimi soya şrotu və qarğıdalı məhsullarında GMO ilə bağlı içimdə şübhə var. Çünki dünyada ən çox idxal olunan və istehlak olunan məhsullar məhz bunlardır. Digər tərəfdən də öyrənirik ki, dünyada bu iki bitki daha çox geni modofikasiyaya məruz qalır".
O qeyd edir ki, GMO məhsullar bizdə çox azdır, varsa da, dövlət nəzarətindən kənar yollarla gətirilir.
"Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bitkilərin toxumunu əkəndə növbəti ildə cücərmirsə, toxumçuluq sənayesi bir əldə birləşibsə, demək ki, həmin bitkilər GMO-dur.
O qeyd edir ki, Azərbaycanda GMO-nun lobbiçiliyini aparan şəxslər var:
"Məsələn, qarpızın toxumunun 1 kiloqramının qiyməti 3 min manatdır. Kəndli həmin toxumdan qarpız əkəndə, o çıxmır. Elə bitkilər də olur ki, içərisində ümumiyyətlə tumu olmur. Lakin GMO-nun lobbiçiliyini aparan şəxslər deyir ki, bu hibriddir. Yəni, hibrid adı altında Azərbaycanda GMO satılır. Təəssüflər olsun ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi müxtəlif yollarla, gizli şəkildə GMO-nun lobbiçiliyini aparır. Təssüf ki, AQTA laboratoriyasının bir dəfə də olsa GMO aşkarladığını görməmişik".

E.Hüseynov düşünür ki, Azərbaycanda bir neçə məhsul GMO-dur:
"Ofisimdə bir herbisit var, GMO malları yetişdirmək üçün bundan istifadə eidlir. Azərbaycanda belə bir herbisit satılırsa, demək ki, Azərbaycanda GMO əkinçiliyi var. Qeyd edim ki, Türkiyədən Azərbaycana saxta sertifikatlarla mallar, toxumlar gəlir, sertifikatlarda onlaırn GMO olmadığı qeyd olunur. Bu məhsullar hibrid adı altında təqdim edilir".

Mütəxəssis laboratoriyalardan da söz açıb. Onun sözlərinə görə, 8 il əvvəl Braziliyadan aldığı GMO malları Azərbaycanda laboratoriyalarda yoxladıb:
"Məqsədim laboratoriyalarımızı test etmək idi. O vaxtlar GMO-nu müəyyən edən iki laboratoriya vardı. Həmin malları Dövlət Gömrük Komitəsinin laboratoriyasına verdim. Lakin nəticə olaraq deyildi ki, burada GMO yoxdur. Digər laboratoriya isə GMO-nun olduğunu təsdiqlədi. Bu o deməkdir ki, Azərbaycanda laboratoriyaların xeyli hissəsi GMO-nu müəyyən edə bilir".

Ekspert onu da qeyd edir ki, dəfələrlə Ümumdünya Ticarət Təşkilatının nümayəndələri onun ofisində olub, səfirliyə çağırıb, GMO əleyhinə çıxışlarının dayandırılmasını istəyiblər:
"Ümumdünya Ticarət Təşkilatının əsas siyasəti budur ki, dünyaya GMO yedirtsinlər".

"Avropa İttifaqının GMO ilə bağlı 7 ölkədə maliyyələşdirdiyi layihənin nümayəndəsi olmuşam. İngiltərədə belə GMO-nu yaradanlarla görüşmüşəm", - deyə o əlavə edib.
E.Hüseynov ehtimal edir ki, İsraildən Azərbaycana gətirilən çiyələklər də GMO-dur:
"Soğan toxumları becəriləndə cücərmir. Əkin sahələrində oldum, soruşdum ki, bunu alaq otlarından necə təmizləyirlər. Dedilər ki, herbisit tökürlər, soğana heç nə olmasa da, alaq otları ölür. GMO müxtəlif vəziyyətlərdə özünü göstərir. Düşünürəm ki, ölkədə yetişdirilən kartofun bir hissəsi, qarpız, bibərlər də GMO-dur. Səbəb isə odur ki, onların toxumundan toxum götürüb məhsul becərmək olmur. Çünki təbiətin qanunu budur ki, torpağa toxum düşdükdə, özü cücərir". //sputnik.az//
Text-to-Speech

DİNLƏ






Şərh yaz